Əsas Səhifə > Siyasət, Manşet > "Müharibədə top, mərmi səsindən qorxmamışam, amma indi bankdan gələn telefon zəngindən ürəyim qırılır"
"Müharibədə top, mərmi səsindən qorxmamışam, amma indi bankdan gələn telefon zəngindən ürəyim qırılır"10-05-2016, 08:43 |
Qarabağ qazisi Şunasi Babayev Moderator.az - a ünvanladığı müraciətdə ölkə başçısı İlham Əliyevdən kömək istəyib. Müraciətdə deyilir: Hörmətli cənab prezident! Yazıb Sizə bildirmək istəyirəm ki, mən Şunasi Cümşüd oğlu Babayev 11 noyabr 1961-ci ildə Şuşada anadan olmuşam. Ü.Hacıbəyov adına Şuşa orta məktəbini, Voronej Texnologiya Universitetini və Azərbaycan Bədən Tərbiyyəsi Universitetini sərbəst güləş üzrə bitirmişəm. İki oğul, bir qız övladı atasıyam. Böyük oğlum Cümşüd Silahlı Qüvvələrimizin leytenantıdır. Mən həm Milli Qəhrəman Ramiz Qəmbərov adına batalyon, həm də Şuşa polisi ilə bir döyüşə çıxaraq Şuşanın müdafində döyüşmüşəm. Şuşa polisində zabit idim. Bu cür fəallığıma görə Şuşa polis şöbəsinin rəisi Vahid Bayramov məni Qaybalı postunun rəisi təyin etmişdi. Bir neçə gün idi ki, Qaybalıdan qayıdıb gəlmişdim, şöbədə idik. Qəfildən ermənilər şöbəni hər tərəfdən atəşə tutdular. Şöbəmiz darmadağın oldu, mən isə ağır yaralandım. Oradan Şuşa xəstəxanası, sonradan isə Bakıya göndərildim". Döyüşdə sol ayağımdan aldığım güllə yarası mənə böyük problem yaratdı. Ayağımda çürümə getməyə başladı. Əməliyyat üçün Bakıdan Ukrayna respublikasına yollandım. Bu da Daxili İşlər Nazirliyinin maliyyə yardımı nəticəsində gerçəkləşdi. 13 saat əməliyyat masasında narkozda qalmışam. Bədənimin sol tərəfindən ətləri kəsib ayağıma yapışdırıblar. Ukraynadan gəldikdən sonra ayağımdakı problemlə bağlı Almaniyaya getməli oldum. Almaniyada ayağım yaxşılaşdı və bu müalicələrin davamlı olması üçün yenidən Almaniyaya getməliydim. Maliyyə yardımı üçün Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun da qəbulunda oldum. Dedim ki, Bayram müəllim, ömrümdə birinci dəfədir ki, qəbulunuza gəlmişəm. Mənə imkanınız daxilində maliyyə yardımı edin ki, müalicəyə gedim. Amma heç bir kömək göstərmədilər. Sabunçu İcra Hakimiyyətinə də müraciət etdim. Dedilər ki, bura xeyriyyə mərkəzi deyil. Bunlardan bir kömək olmadığını görüb bankdan kredit götürdüm. Və əlavə olaraq müəyyən şəxslərdən də faizinə pul aldım. Ukrayna, Almaniya və Türkiyədə müalicə olundum. Ümumilikdə 22 dəfə əməliyyat olunmuşam. Bu gün ayağım sağalsa da, təəssüflər olsun ki, banklardakı kreditlərdən və aldığım faizli borclardan canımı qurtara bilmirəm. Həyat yoldaşımın adına da kredit götürmüşdüm və ödəyə bilmədiyimdən iş artıq məhkəməyə göndərilib. Hər dəfə evə zəng gələndə aləm bir-birinə dəyir. Müharibədə top, mərmi səsindən qorxmamışam, amma indi bankdan gələn telefon zəngindən ürəyim qırılır. Maşın növbəsinə durub əlillər üçün bir maşın vermişdilər. Onu da banka verdim”. Kredit borcum artıq 50 mini keçib. Qohumlarımın adına da kreditim olduğuna görə hər dəfə onlarla da aramızda narazılıq yaşanır. İş o yerə çatıb ki, artıq intihar etmək istəyirəm. “Bank of Baku”, “Kapital bank”a və lombardlara borcum yığılıb qalıb. Hörmətli cənab prezident! Sizdən xahiş edirəm ki, mənim kredit borclarımın ödənilməsi üçün mənə köməklik edəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm. Hörmətlə, ikinci qrup Qarabağ qazisi Şunasi Cümşüd oğlu Babayev. Tel: 070 – 941 – 34 – 01 055 – 633 – 99 – 14 012 – 551 – 43 – 75 Geri qayıt |