Əsas Səhifə > Siyasət, Manşet > Buranın icra başçısı həm də sahibkardır...
Buranın icra başçısı həm də sahibkardır...22-04-2016, 08:34 |
Artıq uzun müddətdir ki, Ağsu rayon sakinlərinin müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə ünanladıqları şikayət məktublarının ardı-arası kəsilmək bilmir. Bu şikayətlərin əsas mövzusu isə bir qayda olaraq Ağsu RİH başçısı Ənvər Seyidəliyevin və onun qohumlarının rayonda törətdikləri özbaşınalıqlar və qanun pozuntularıdır. Yerli mənbələrdən təqdim olunan məlumatlarda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısı olan Ənvər Seyidəliyev rayonda adi hal olmuş ciddi qanun pozuntularının baş verməsinə görə bütün məsuliyyəti şəxsən özü daşıyır. Redaksiyamıza təqdim olunmuş məlumatlara görə, rayonun bütün məsul rəhbər vəzifələri məhz Ənvər Seyidəliyevin qohumları arasında bölüşdürülmüşdür. Bu məmur qohumlar qarşılıqlı formada biri-birilərinin əməllərini sığortalayaraq vəziyyətdən sui-istifadə etməklə rayonda əməlli-başlı ağalıq edirlər. Ağsunun əksər kəndlərində isə, əhalinin sosial-məişət problemləri ildən ilə ağırlaşmaqdadır. Bəzi kəndlərin bu gün də faktiki olaraq təcrid durumda olması dəfələrlə ölkə mətbuatında dərc olunan məlumatlarda da öz əksini tapmışdır. Bu kəndlərdən bəzilərinin sakinləri isə, hələ də məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq, poçt üzünə həsrətdirlər. Təbii ki, bu vəziyyət əhalinin əksəriyyətinin kəndləri tərk etməsinə səbəb olmuşdur. Kəndlərdə xüsusilə diqqəti çəkən problemlərdən biri də yanacaq məsələsidir ki, bu da həmçinin bölgənin ekologoyasına kifayət qədər ciddi mənfi təsir göstərən bir amildir. Belə ki, qaz verilməyən kəndlərin sakinləri bu gün də odun sobaları ilə qızınırlar. Bir müddət əvvəl isə ölkə mətbuatında Ənvər Seyidəliyevin biznes fəaliyyətinin də Ağsu sahibkarlarının dolanışığına daha bir zərbə vurması barədə məlumatlar yayımlanmağa başladı. Həmin məlumatlara əsasən Ə.Seyidəliyev rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaradıb. Yeri gəlmişkən məlumatlarda bu da qeyd olunur ki, bir vaxtlar RTS-in müdiri olmuş icra başçısı həmin ərazinin özəlləşdirilməsinə də heç bir çətinlik çəkmədən nail olub. Sonradan burada üzlük daş sexi yaradılıb. İndi isə, karxana kimi fəaliyyət göstərən bu obyekt icra başçısının əsas gəlir mənbələrindən biri hesab olunur. Həm də bu obyektdən hətta Bakıya belə mal daşınmasına baxmayaraq Ə.Seyidəliyev Ağsu ərazisində digər karxanalardan daş alınmasına əməlli-başlı qadağa qoyub. Digər sahibkarların, karyer sahiblərinin öz məhsullarının satışında rastlaşmalı olduqları süni əngəllər və bu səbəbdən müəssisələrin maliyyə durumlarının ağırlaşması isə Ağsu rayonu rəhbərliyinin fəaliyyəti üçün artıq bir xarakterik cəhət kimi çoxdan formalaşmışdır. Sakinlər müxtəlif instansiyalara ünvaladıqları ərizələrdə vəziyyəti belə təsvir edirdilər: “Rayonda, kəndlərdə iş yerləri yoxdur ki, gedək işləyək. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikirlər ki, bunun da camaata heç bir xeyri yoxdur. Alacağımız pensiya və subsidiyalardır, bu pulları da müxtəlif üsullarla mənimsəyirlər.” Bütün bu baş verənlərin təhlili belə bir nəticə çıxarmağa əsas verir ki, yerli sakinlərin müflisləşdirilməsi, Ağsu RİH rəhbərliyini və onun yaxın ətrafını zənginliyə aparan yolun keçilməsi zəruri olan bir mərhələsidir. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatda isə, Ənvər Seyidəliyevin sərəncamı ilə inşa olunmuş daha bir qanunsuz obyekt barədə məlumat verilir. Bildirilir ki, başçının müavini İqbal Mikayılovun qohumu Nadir Orucova məxsus olan “Asiman” şadlıq evinin tikintisinə hətta FHN-nin müvafiq komissiyası da razılıq verməyib. Səbəb isə bu olub ki, tikinti üçün ayrılmış ərazi yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Buna baxmayaraq, məhz Ənvər Seyidəliyevin sərəncamı ilə inşaat işləri görülüb və şadilq evi artıq çoxdan istifadəyə də verilib. Qarşı tərəfin də mövqeyini öyrənə bilərik. Geri qayıt |