Əsas Səhifə > Siyasət, Manşet > O, Sabunçunu öz qanunları ilə işlədir...
O, Sabunçunu öz qanunları ilə işlədir...8-04-2016, 08:37 |
Mövzuya dair ötən yazılarımızda da biz hər dəfə qeyd etmişik ki, bu gün respublikamızın bütün regionlarında, xüsusən də paytaxt Bakımızda aparılan yenidənqurma və abadlıq işlərindən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə yararlanan yüksək vəzifəli məmurlara hələ də kifayət qədər tez-tez rast gəlmək olur. Bu deyilənlərin bariz təsdiqini isə Bakının Sabunçu rayonunda baş verənləri müşahidə etməklə də görmək mümkündür. Maraqlıdır ki, yerli mənbələrdən aldığımız məlumatlarda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin özünəməxsus təzdə “işgüzarlığı” çox yüksək qiymətləndirilir. Lakin bu zaman vurğulanır ki, başçının bu keyfiyyəti heç də gözlənildiyi kimi rayonun və rayon sakinlərinin problemlərinin həllinə yönəlməmişdir. Məlum olduğu kimi, hələ bir müddət əvvəl ölkə mətbuatında Adil Vəliyev tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara, müəsisə və təşkilat rəhbərlərinə, eləcə də sadə vətəndaşlara qarşı yolverilməz təzyiq üsullarından istifadə edildiyinə dair tənqisi materiallar da dərc olunmuşdu. O cümlədən qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda, biz də yerli sakinlərdən aldığımız məlumatlara əsaslanaraq dəfələrlə göstərmişdik ki, Sabunçu rayonunda Qarabağ müharibəsi veteranlarına qarşı yolverilməz münasibət göstərilir. Bu xüsusda bir müddət əvvəl bizimdovr.az-a daxil olmuş müraciətlərdən birində deyilirdi: “Yazıb Sizə məlumat vermək istəyirəm ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində, 4 sot bağ torpağım var. Mənə məxsus olan torpaqda abadlıq işləri apararkən, Sabunçu Rayon İcra Hakimiyyətinin işçiləri qəfildən mənim bağ massivimə hücüm etdilər və heç bir xəbərdarlıq etmədən, sənəd göstərmədən Maştağa camaatının qarşısında məni döydülər və təhqir etdilər. Mənim yaşadığım 12 kv. metrlik komanı sökməyin deyəndə, 14-cü polis bölməsinə zəng etdilər. Polis patrulları məni zor işlədib, polis-patrul maşınına salıb 14-cü polis bölməsinə apardılar. Mən onlara deyəndə ki, əgər qanunsuz iş görürəmsə, mənim komamı sökmək, məni döyüb təhqir etmək əvəzinə qanuni şəkildə məhkəməyə müraciət edə bilərsiz, mənim sözlərimə heç bir məhəl qoymadılar. İcra hakimiyyətinin əməkdaşı, ərazidə camaatdan tikinti məqsədilə rüşvət toplayan məmurun göstərişilə mənə məxsus olan komamı sökdülər. Bölmədə məlum oldu ki, icra nümayəndəliyinin işçisi məndən üç min tələb edəndən sonra, mənim ona imkanım çatmadığını dediyimə görə yaşamaq üçün tiktiyim komanı söküblər. Mən 1992-ci ildə dövlət çağırışıyla cəhbəyə yollanmışam. Həmin döyüşlərin birində ağır yaralanıb və ordudan təxris olunmuşam. Hal-hazırda 2-ci qrup Qarabağ əlili və prezident təqaüdçüsüyəm. Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Həmçinin mən 4 uşaq atasıyam. Maştağa qəsəbəsində himayəda yaşayıram. Ali baş komandanının sərəncamıyla ev növbəsinə dayanmışam. Hal-hazırda növbədəyəm. Sizdən xahiş edirəm ki, mənim hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz.” Aradan xeyli müddət keçməsinə baxmayaraq, bu müraciəti təkrar dərc etməyimiz heç də əsassız deyil. Məsələ bundadır ki, dünən bizimdovr.az-a daxil olmuş növbəti müraciətdə Sabunçu rayonu ərazisində yaşayan digər bir vətəndaşımız da eynilə oxşar problemlə üzləşdiyindən xəbər verir. Həm də bu dəfə redaksiyamıza müraciət etmiş vətəndaş Laçın rayonundan qaçqındır. Sabunçu rayonunun Sabunçu rayonu Qambay Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən evdə yaşayan vətəndaş Məmmədov Əlövsət Murad oğlunun imzaladığı ərizədə deyilir: “Yaşadığım evdə bir neçə ay olmamağımla bağlı, həyətimdəki talvarın uçurulduğunu gördüm. Nəzərinizə çatdırım ki, körpə uşaqlı ailəyik yaşadığım 1 otaqlı evin mətbəxi və ayaqyolusu həyətdədir. Bu gün səhər (09.04.2016) imkansızlığıma baxmayaraq, borc-xərc eləyib yenidən talvarı qurdurdum. Talvarla bərabər bütün ayaqyolunu və mətbəxi də dağıdıblar. Halbuki, ətrafımda yaşayan qonşuların hamısı müəyyən məbləğ verib, hətta daşdan tikintilərini də aparırlar. Amma mən, talvarı adi dəmirdən çəkdirmişdim. Məndən də müəyyən məbləğ tələb olundu (1000 manat). Verə bilmədiyim üçün icazə vermədilər. Xahiş edirəm bizim məsələni ictimailəşdirəsiniz. Ailənin iki körpə uşaqlı olmasını nəzərə alaraq, körpə uşaqların hansı ayaqyolundan istifadə eləyib, hansı mətbəxdə yemək hazırlayacağımı özüm də bilmirəm. Çox çıxılmaz vəziyyətdəyəm. Mənə kömək etməyinizi sizdən xahiş edirəm”. Göründüyü kimi, Sabunçu RİH-nin rəhbərliyi rayon ərazisində yaşayan sakinlər arasında ayrı-seçkiliyə yol vermir. Yəni istər müharibə əliliolsun, istərsə də qaçqın ailəsi, fərq etməz. Rüşvət hamı üçün birdir və onu hamı ödəməlidir! Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |