Əsas Səhifə > Siyasət, Manşet > Yarıcan Ağdamın üzü niyə gülmür?

Yarıcan Ağdamın üzü niyə gülmür?


1-04-2016, 09:37
Yarıcan Ağdamın üzü niyə gülmür?
Ermənistanın işğalçılıq siyasəti nəticəsində 60 faizdən yuxarı ərazisini itirən Ağdam rayonu hal- hazırda ən çətin dövrlərini yaşayır. Dövlətin hər il ayırdığı milyonlarla vəsait rayon rəhbərliyi tərəfindən talan edilir. Ağdam rayonunda yerli məmurların rüşvətxorluqları və özbaşınalıqları sözün əsl mənasında ərşə dirənibdir. Rayonda işsizlik və oğurluq halları hər gün daha da çoxalır. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan vətəndaşların aldırları maaşların 30-40 faizi müəyyən adlar altında rayonun icra başçısı tərəfindən geri alınır.

2014-cü ildə dövlət rəhbərinin sərəncamı ilə Ağdama icra başçısı təyin olunan Raqub Məmmədov yerli əhalinin ona olan inamını yarıtmaz fəaliyyəti ilə sarsıtdı.

Qlobal.az-ın redaksiyasına daxil olan məlumata görə, Ağdam rayonunun icra başçısı Raqub Məmmədov etdiyi maxinasiyalara rayonun bütün idarə müdirlərini cəlb edib. Deyilənə görə, falçılara Prezident Administrasiyasında çalışan müxtəlif vəzifə sahiblərinin "dilini-ağzını bağlatdıran” Raqub Məmmədov başlatdığı "büdcətalama” prosesində xüsusi canfəşanlıq edən rayon maliyyə idarəsinin rəisi Rəşad Məhərrəmovu isə özünə "şərik” edibdir. Raqub Məmmədovun heç bir sözündən çıxa bilməyən idarə rəisi onun "xeyir duası” ilə dövlət vəsaitlərini "əritməklə” məşğuldur.

Məlumatda iddia olunur ki, Ağdam rayon Maliyyə şöbəsinin rəisi Rəşad Məhərrəmov Raqub Məmmədovla birlikdə ötən il 1 milyon manatdan artıq dövlət vəsaitini mənimsəyiblər.

Yoxsulluğun və səfalətin tüğyan etdiyi Ağdamda deyilənə görə, gecələr kafe və çayxanaların əksəriyyəti qumarxanalar kimi fəaliyyət göstərir. Rayon rəhbərliyinin bu qumarxanalardan xəbəri olsa da heç bir tədbir görülmür.

Qlobal.az-a daxil olan məlumata görə, keçmiş MT naziri Eldar Mahmudovun adamı olan Raqub Məmmədov 2015-ci ildə rayonda açılan iş yerlərinin sayını şişirtmişdir. Rayonun yaşıllaşdırma idarəsində faktiki olaraq 10 nəfər adam çalışır. Rəsmi olaraq isə idarənin yüz nəfərdən artıq işçisi var. Quzanlı qəsəbəsinin mərkəzini iki hissəyə ayıran Heydər Əliyev prospektində yerləşən ticarət obyektlərinin sahiblərindən ildə iki dəfə (yaz və payıqda) abadlaşdırma adı altında pul toplanır.

Raqub Məmmədov yolları necə "kəsib-doğrayır?"

Ağdamda magistral, qəsəbədaxili və kəndarası yollarda aparılan təmir işləri rəsmi sənədlərdə real işdən çox göstərilmişdir. Belə ki, rəsmi sənədlərində göstərılən yolun uzunluqları reallığı əks etdirmir. (çəkilən yolun enindən ümumiyyətlə söz açılmır) Məlumatda deyilir ki, hal-hazırda Ağdam rayonunun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsinin Ağcabədi rayonu istiqamətindən giriş hissəsinə təxminən 1 kilometrə yaxın asfalt örtüyü döşənmişdir.

Deyilənə görə, başçı bu işi də özxoşuna etməyib. Belə ki, Ölkənin generalitet korpusunun cəbhəyə etdikləri mütəmadi səfərlərin birində bərbad yollara görə, Raqub Məmmədovu danlayandan sonra tez bir zamanda başçı yola "əl gəzdirib”.

Məlumatda daha sonra qeyd olunur ki, rayonda baş verən maxinasiyalardan biri də tikinti sahəsindədir. Rayon ərazisində aparılan tikinti işlərində zillət içərisində yaşayan yerli sakinlərdən heç biri işləyə bilmir. Raqub Məmmədovun qaranlıq tenderləri nəticəsində rayonda tikinti işlərini aparan şirkətlər bütün işçilərini kənardan gətirir. Rayon ərazisində tikilən qəsəbələrdə ağdamlı köçkünlər yalnız günəmuzd olaraq 8-10 manata fəhlə kimi çalışmışdır.

Məlumatda daha sonra deyilir ki, rayonda inşası davam etdirilən tikinti işləri Raqub Məmmədov tərəfindən yeyinti məqsədi ilə qəsdən uzadılır. Ağdamda ən acınacaqlı mənzərə isə maddi durumlarının ağırlığından hər gün məktəbli uşaqların və qadınların maşınların kuzovlarında qonşu Ağcabədi, Bərdə, Tərtər rayonlarının əkin sahələrinə 6-10 manat müqabilində işləməyə getmələridir.

Başçı, yoxsa "makler”?

Daha sonra qeyd edilir ki, Çəmənli və Evoğlu kəndlərində yeni tikilib istifadəyə verilmiş uşaq bağçalarının tikintisində, Üçoğlan və Xındırıstan kəndlərinin məktəblərinin təmirində yüzminlərlə dövlət vəsaiti Raqub Məmmədov tərəfindən talan edilmişdir. Ağdam rayonu ərazisində dövlət tərəfindən məcburi köçkünlər üçün inşa edilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan evlərin qeyri- qanuni satışından da Raqub Məmmədova "haqq” çatır.

Satışı dövlət tərəfdən qadağan olunan bu evlərin qiymətləri ərazilərinə görə dəyişir. Ən çox ev alveri Quzanlı, Bənövşələr və "Dördyol” adlanan ərazılərdəki qəsəbələrdədir. Burada qiymət otaqların sayından və kvadratmetrlərindən asılı olaraq 8 – 25 min manat arasında dəyişir. Hər bir evin qeyri-qanuni alqı-satqısından Raqub Məmmədova çatacaq rəqəm isə 1500-4000 manat arasında olduğu deyilir. Alınan pulları isə icra başçısına icra hakimiyyətinin yerlərdəki nümayəndələri çatdırırlar.

Geri qayıt