Əsas Səhifə > Siyasət, Manşet > Daha bir icra hakimiyyətində saxta diplomlu məmur...

Daha bir icra hakimiyyətində saxta diplomlu məmur...


20-02-2016, 10:29
Daha bir icra hakimiyyətində saxta diplomlu məmur...
Rövşən Əhmədovun sənədləri etibarsız hesab edilən San Marinonu bitirdiyi, indiyə qədər isə hərbi xidmətdə olmadığı iddia edilir
Ağcabədinin icra başçısı Şahin Məmmədovun birinci müavini Rövşən Əhmədovla bağlı ilginc iddialar ortaya çıxıb. JAM.AZ-a daxil olan məlumatlara görə, sözügedən şəxs bu vəzifəyə layiq olmamaqla yanaşı, bir sıra sənədlərini saxtalaşdırıb.
Belə ki, Rövşən Əhmədovun ümumiyyətlə, hərbi xidmətdə olmadığı üzə çıxıb. Bununla bağlı, Müdafiə Nazirliyinə göndərilmiş sorğuda da vurğulanıb ki, icra başçısının birinci müavini ordu sıralarında qulluq etməyib. Qanuna əsasən isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Belə olan təqdirdə, Rövşən Əhmədovun icra başçısının birinci müavini olması kifayət qədər müəmmalıdır. Güman etmək olar ki, sözügedən şəxs dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilər.
Amma Rövşən Əhmədovla bağlı iddialar bununla bitmir. JAM.AZ-a verilən məlumatlarda qeyd olunur ki, Şahin Məmmədovun birinci müavini, həm də ali təhsilə malik deyil. Onun işə götürülən zaman təqdim etdiyi ali təhsillə bağlı diplomunun isə xeyli əvvəl bağlanmış və orada oxuyanlara verdiyi sənədləri etibarsız hesab olunan San Marino Universitinə aid olduğu deyilir. Qeyd edilir ki, faktiki olaraq həmin diplomlar etirbarsız sayılır və Təhsil Nazirliyi də bununla bağlı rəsmi açıqlama verib.
Nəzərinizə çatdıraq ki, hazırda dövlət qurumlarında saxta diplomla işləyənlərin sayı heç də az deyil. Ayrı-ayrı məmurlar və ya deputatlar tərəfindən yaradılmış, lakin heç bir qanuni əsası olmayan «ali məktəb»lərdən pulla diplom alanların bir qismi yaranmış əlverişli məqamlardan istifadə edərək, vəzifə başlarına keçməyi bacarıblar.
JAM.AZ bildirir ki, belə hallar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də qeydə alınmaqdadır. Məsələn, hələ bir müddət əvvəl İranın nazirlərindən biri saxta diplomla vəzifə başında olduğu üçün işdən azad edilmişdi. Analoji vəziyyətin Azərbaycanda da baş verməsi təəccüblü deyil. Sadəcə, bunun qarşısını almaq üçün tutarlı addımların atılması zərurəti var.

Geri qayıt