Əsas Səhifə > Siyasət, Manşet > Başçı ilə baş edə bilməyən sahibkar nazirdən kömək istəyir...

Başçı ilə baş edə bilməyən sahibkar nazirdən kömək istəyir...


19-02-2016, 08:48
Başçı ilə baş edə bilməyən sahibkar nazirdən kömək istəyir...
Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun özbaşınalıqlarından ziyan çəkmiş daha bir yerli sahibkarın, Fəxrəddin Fərəməz oğlu Bağırovun ölkə rəhbərliyinə müraciəti dərc olunmuşdu. Həmin mətnə əlavə olaraq yerləşdirilmiş şəkillərdə isə, ölkə prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonuna növbəti səfəri zamanı etdiyi çıxışından bir ifadənin sitat kimi götürülərək çap olunduğu və böyük plakat şəklində divara vurulduğu əks olunmuşdu. Redaksiyamıza bu xüsusda yerli iş adamları tərəfindən təqdim olunmuş açıqlamada deyilirdi: “Həmin divar Gədəbəy rayon sakini, sahibkar Fəxrəddin Bağırova məxsus obyektin Heydər Əliyev prospektinə çıxışını bağlamaq üçün rayonun icra başçısı Ramiz Yediyarov tərəfindən qanunsuz inşa edilmliş maneədir. Əgər həmin plakatı götürülsə və plakatın vurulduğu, sonradan kərpiclə tikilmiş divarı sökülsə, o zaman sahibkar Fəxrəddin Bağırovun obyektinin H.Əliyev prospektinə açılan qapı və pəncərələri görünər. Vaxtınızı çox almadan Ramiz Yediyarovun bu plakat “tilsimi” haqda əsl həqiqəti diqqətinizə çatırmaq istərdik. Məsələ ondadır ki, Ramiz Yediyarov Gədəbəy rayonuna icra başçısı təyin edildiyi gündən başqa sahibkarlar kimi Fəxrəddin Bağırovu da sıxışdırmağa başladı. Ən müxtəlif təzyiqlərdən sonra hətta obyektin dağıdılması üçün məhkəməyə belə müraciət edən icra başçısı sənədlərin qanuni olması səbəbindən istəyinə çata bilmədi. Hikkəsinə qalib gəlməyi bacarmayan bu dırnaq arası rəhbər, sonda kərpic hörgü ilə Fəxrəddin Bağırovun obyektinin prospektə açılan girişini bağladı. Amma məsələ təkcə bununla bitmədi. Fəxrəddin Bağırovun ayrı ayrı instansiyalara mütəmadi şikayətlərindən narahat olan başçı ölkədə heç bir məmurun yol vermədiyi ən mənfur və çirkin yola əl atdı. Belə ki, gördüyünüz həmin plakatı çap etdirərək obyektin bağlanmış girişinə vurdurdu və sahibkara ismarıc göndərdi ki, “plakat yuxarıların tapşırığı ilə vurulub, bundan sonra hər hansı dövlət orqanına şikayət edərsənsə dövlətə və Prezidentə qarşı çıxmış olarsan. Aqibətin yaxşı olmaz”. Başçının şantajından ehtiyatlanan sahibkar susmağa məcbur oldu və uzun müddətdir ki, belə çətin şəraitdə işini davam etdirir...”

Lakin ölkədə cərəyan edən son hadisələr, xüsusən də dövlət başçısının son çıxışlarında yüksək vəzifəli məmurlara sahibkarlığın inkişafı üçün şərait yaratmalarına dair qəti göstərişlərini verməsi artıq Fəxrəddin Bağırovu da öz probleminin həllinə ümidləndirib. Rayondan aldığımız son məlumata görə, bu günlərdə Fəxrəddin Bağırov icra başçısının əməllərinə etirazlarını bildirmək üçün İqtisadi İnkişaf Nazirliyinə də qəbula gəlib. Lakin hələlik bu şikayətlərin heç bir nəticəsi olmayıb. Rayondan aldığımız son məlumata görə, sahibkar obyektinin H.Əliyev prospektinə olan qanuni çıxışı hələ də bağlı vəziyyətdədir. Digər tərəfdən də, sahibkarın ondan şikayət etməsi səbəbindən Ramiz Yediyarov Fəxrəddin Bağırova qarşı təzyiq və təhdidlərini bir qədər də intensivləşdirib.

Geri qayıt