Əsas Səhifə > Siyasət, Manşet > YAP DAXİLİNDƏ PARÇALANMA

YAP DAXİLİNDƏ PARÇALANMA


1-11-2011, 12:50
YAP DAXİLİNDƏ PARÇALANMA

KÖHNƏ EŞALON YENİLƏRƏ QARŞI; YAP-DAN BİR TƏŞKİLAT DOĞULUR

DİA.AZ: - Hələ son parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qocaman üzvlərinə qarşı bir kampaniyanın aparıldığı açıq-aşkar hiss olundu. Ki, bunun da hakim partiya daxilində narazılığa səbəb olması barədə məlumatlar yayıldı. Hər halda, yenilərin YAP-ın siyahısından Milli Məclisin heyətinə daxil edilməsi bu təşkilatın yolunda əziyyət çəkdiyini düşünən bir çox yaşlılarda qıcıq yaratmaya bilməzdi.

Və hal-hazırda həmin qıcığın qəzəbə çevrildiyi söylənilir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) hakim partiyanın daxilindən ötürülən məlumatlarda bildirilir ki, YAP parçalana bilər: «Bəli, vəziyyət bu qədər şiddətlidir. Heydər Əliyevə sadiq olan bütün köhnə YAP-çılar bu gün partiyanın işindən kənarlaşdırılıb. Yalnız bir-iki nəfər qalıb. Əslində vəziyyət «91-lər» sıxışdırılıb çıxarılandan sonra pisləşməyə başlayıb. Amma son parlament seçkilərində uşaq-muşağa mandat verib, nüfuzlu YAP-çıları kənarda qoymaqla bu hakimiyyət hətta ona sədaqətli olanlara belə qiymət vermədiyini nümayiş etdirdi».

Mənbə bildirir ki, artıq bir qrup qocaman YAP-çı yeni təşkilatın yaradılması barədə də düşünür: «Biz indi heç bir yerə gedə bilmərik. Heç əqidəmiz də hansısa digər partiya ilə düz gəlmir. Biz hər zaman Heydər Əliyev kursuna sadiq olmuşuq, indi də həmin kursu dəstəkləyirik. Amma bir qrup məmur var ki, bu siyasətdən öz şəcsi marağı üçün istifadə etdiyindən sədaqətli YAP-çılar kənarda qalıb».

Onu da bildirək ki, redaksiyamıza bu məlumatı ötürə şəxs həqiqətən də YAP-ın tanınmış simalarından biridir. Sadəcə olaraq hələlik adının açıqlanmasını istəmədiyindən, biz də onun fikirlərini anonim qaydada yayımlamaq qərarını verdik. Və həmsöhbətimiz bizə onu da bildirdi ki, artıq onunla həmfikir olanlar bir dəfə toplaşıblar:

«Təxminən 10 gün əvvəl bir yerə yığışdıq. Ola bilsin ki, təşkilat yaratdıq. Elə adını Heydər Əliyev Hərəkatı da qoya bilərik. Amma tam qərar verməmişik və hal-hazırda hamımız YAP-ın üzvləyirik».


Geri qayıt