Əsas Səhifə > Partiya > İSA QƏMBƏR SÖZÜNÜN ÜSTÜNDƏ DURACAQMI?
İSA QƏMBƏR SÖZÜNÜN ÜSTÜNDƏ DURACAQMI?20-10-2011, 14:53 |
TƏRƏFDAŞLARI BUNA ƏMİNDİR İsa Qəmbərin Müsavat başqanlığında qalması üçün partiya Nizamnaməsinin dəyişdirilməsi barədə fərqli fikirlər mövcuddur. "İsa Qəmbərin Müsavat başqanlığında qalması üçün partiya Nizamnaməsində dəyişiklik edilməsi mümkündür." - Bu barədə Müsavat funksioneri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, nizamnaməyə dəyişiklik edilməsi Qurultayın səlahiyyətində olan məsələdir. Aslanlı hesab edir ki, Nizamnamədə dəyişiklik edilsə belə, İsa Qəmbər başqanlıqdan gedəcəyi barədə verdiyi sözü geri götürməyəcək. "Qurultay nümayəndələri onun namizədliyini irəli sürsə belə, o özü buna etiraz edəcək. İsa bəy növbəti müddətə başqanlıqda qalmaq istəmir və yəqin ki, bu məsələ ilə bağlı öz arqumentləri ilə çıxış edəcək", - Aslanlı vurğulayıb. O, qeyd edib ki, partiyanın prinsiplərini əsas tutan, partiyanın demokratik prinsiplərini əsas götürən üzvlər belə bir təklifi dəstəkləməyəcəklər. Müsavat funksioneri hesab edir ki, partiyada başqan ola biləcək kifayət qədər şəxs var. O, hazırda həbsdə olan, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının başqan ola biləcəyi ehtimalının yüksək olduğunu da deyib. İsa Qəmbərin ictimaiyyətlə əlaqələr üzvə müavini Mehman Cavadoğlu Trend-ə bildirib ki, partiyada İsa Qəmbərin başqanlıqda qalmasının tərəfdarları da, əleyhdarları da olduqca çoxdur. Cavadoğlu deyib ki, nizamnamədə dəyişiklik edilməsi qurultayın səlahiyyətlərinə daxil olan məsələdir. Müsavat başqanının digər müavini Tofiq Yaqublu isə Trend-ə bildirib ki, Müsavatda bəzi adamlar var ki, səmimi şəkildə İsa Qəmbərin başqanlıqda qalmasını arzulayırlar. Onlar hesab edirlər ki, İsa Qəmbər başqanlıqdan getsə, partiyada uğursuzluqlar yaşanacaq. Onun sözlərinə görə, partiya rəhbərliyində təmsil olunan heç bir şəxsdə belə bir fikir yoxdur ki, Nizamnamə dəyişilməlidir. "Müsavat Partiyasının nizamnaməsində yazılıb ki, heç kim partiya başqanlığına iki dəfədən artıq seçilə bilməz. Mən hesab edirəm ki, bu müddəaya birmənalı şəkildə əməl ediləcək", - Yaqublu bildirib. Geri qayıt |