Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİN DƏHŞƏTLİ PLANI

HAKİMİYYƏTİN DƏHŞƏTLİ PLANI


19-10-2011, 13:39
HAKİMİYYƏTİN DƏHŞƏTLİ PLANI

MƏMMƏDƏMİN RƏSULZADƏNİN HEYKƏLİ OLAN PARK SAHİBKARLARDAN BİRİNƏ SATILIB

Redaksiyamıza çox ilgin bir fakt daxil olub. Hakimiyyət içindəki mötəbər qaynaqların bildirdiyinə görə, iqtidar cinahı rəqiblərinin bütün imkanlarının məhdudlaşdırılması yönündə çox ciddi planlar üzərində baş sındırır.

Xatırladaq ki, buna qədər də hakimiyyətin müxalifətlə bağlı müəyyən planlarının olduğunu bildirmişdik. Qeyd etmişdik ki, əslində bu ilin yaz aylarında ərəb ölkələrindəki inqilablardan ruhlanan Azərbaycan müxalifətinin zəif də olsa, güc nümayişinə qalxması hakim üşərgə üçün əməlli-başlı problemlər yaşada bildi. Hər halda, uğursuz sonluğa baxmayaraq, belə bir təəssürat yaranmış oldu ki, bu gün bir çoxlarının qınağına çevrilən müxaliflər istənilən zərurət anında ortaya tələb olunan müqavimət gücünü çıxrmağa hazırdırlar.

Təbii ki, belə bir halın mövcudluğu hakimiyyətin heç də ürəyincə deyil. Daxil olan məlumatlarda bildirilirdi ki, əslində birbaşa olaraq Rusiyadan gəlmiş siyasi texnoloqların rəhbərliyi altında hazırlanan 2 aprel aksiyası ilə bağlı plan da məhz müxalifətə həlleidici zərbənin vurulması marağına xidmət edirdi.

Mənbəmiz bildirir ki, amma yenə də müxalifət hətta bu halı ilə belə hakimiyyət üçün çox təhlükəlidir. Doğrudur, prezident İlham Əliyev bütün danışıqlarında, hətta «əl-Cəzirə» kanalına verdiyi son müsahibəsində də müxalifətin zəifliyini xüsusi olaraq vurğulayır. Amma buna baxmayaraq, müxalifətə qarşı nümayiş olunan aqressiyanın özü belə təsdiqləyir ki, iqtidar düşərgəsi rəqiblərindən çox ciddi şəkildə ehtiyatlanır və güman olunur ki, müxaliflərin hər zaman toparlanma şanslarının olması hakimiyyətin başlıca problemlərindən biridir.

Redaksiyamıza daxil olan informasiyalarda vurğulanır ki, məhz bu səbəbdən iqtidar düşərgəsi müxalifətə qarşı yeni təxribat planı hazırlayır: «Bu plana görə, müxalifət cinahında yeni parçalanma işi həyata keçirilməlidir. Hətta əvvəlki parçalanma dönəmlərində olduğu kimi yenə də olan-qalan fəal müxaliflərin ələ alınması üçün külli miqdarda vəsait ayrılıb».

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan son məlumatda isə vurğulanır ki, hakim düşərgə müxalifətin parçalanma ideyası ilə yanaşı başqa bir niyyət üzərində də köklənib. Bu barədə danışan mənbənin sözlərinə görə, müxaliflərin bir yerdə cəmləşməsinin qarşısının alınması məqsədilə müəyyən addımlar atıla bilər. Və elə bu addım niyyəti də çox dəhşətli bir mənzərəni ortaya çıxarmış olur.

Bu barədə mötəbər mənbənin söylədikləri: «Hakimiyyət hər ilin 28 May - Respublika Günündə müxalifət nümayəndələrinin Bakının Novxanı qəsəbəsindəki parkda - Məmmədəmin Rəsulzadənin abidəsi qarşısında yığışmsını belə həzm edə bilmir. Buna görə də həmin abidə də plana düşə bilər».

Mənbəyə görə, artıq həmin bağ yerli sahibkarlardan birinə satılıb və parkın ərazisində şadlıq sarayının tikiləcəyi də söylənilir: «Doğrudur, Məmmədəmin Rəsulzadəyə Novxanı kəndinin camaatının böyük hörməti var və bu işin görülməsi çox çətindir. Amma bu hakimiyyət hansı «çətinliyin öhdəsindən» gəlməyib ki?»…

Onu da qeyd edək ki, bəzi çevrələr Məmmədəmin Rəsulzadənin abidəsinin plana salınmasının sırf olaraq tarixi Xalq Cümhuriyyətinin banisinə qarşı qısqanclıqla əlaqələndirirlər. Onların məntiqinə görə, necə ki, Rəsulzadənin əksi ölkənin pul əskinaslarının üzərindən yığışdırıldı, Bakı Dövlət Universitetinin adından götürüldü, eləcə də ona aid abidə də bu məqsədlə qaldırılır. Yəni bu iqtidar Heydər Əliyevə alternativ gördüyü Rəsulzadə şəxsiyyətini sovet dövründə olduğu kimi tarixdən silməyə, şüurlarda unutdurmağa çalışır.


Geri qayıt