Əsas Səhifə > Siyasət, Manşet > YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA

YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA


13-10-2011, 15:30
YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA

MİQRANTLARLA BAĞLI BAŞ VERƏNLƏR DİA.AZ-DA

DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir.

Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstan, İran, Türkiyə, Çin və Əfqanıstandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstərirlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalar da, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rüsumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat.

Bəs, əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. Araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər.

Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə, hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir.

Əcnəbilərin ölkəmizdə üzləşdiyi problemlərdən biri də Dövlət Miqrasiya Xidmətinin digər bir dövlət qurumu - Daxili İşlər Nazirliyinin miqrantların ölkədə yaşaması üçün verdiyi sənədi yetərli hesab etməməsidir. Bu da inamsızlığı göstərir. Dövlət qurumlarının bir-biri ilə çəkişməsindən isə vətəndaşlar əziyyət çəkir. Hər bir əcnəbi yalnız 5 il burada yaşadıqdan sonra vətəndaşlığı qəbul edə bilər. DİN-in verdiyi sənəd yetərsiz hesab edildikdə isə həmin şəxs məcburdur ki, daha 5 il burada vətəndaşlığı olmadan yaşasın. Bundan başqa, 1999-cu ildə vətəndaşlığa qəbul olunanlara və vətəndaşlığı olmayanlara vəsiqələrin verilməsi ilə bağlı tender keçirildi, milyonlarla vəsait xərcləndi. "Miqrantlar haqqında" qanuna əlavə və dəyişikliklər edildikdən sonra isə həmin sənəd etibarsız hesab olundu. Qanunda göstərildi ki, qeydiyyatı olmayanlarla əcnəbilərə eyni vəsiqə verilsin. Hələ heç vəsiqələrin nümunələri hazırlanmayıb. Üstəlik, yenidən tender keçirilməli, vəsiqələr çap olunmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. Vəsiqələrin olmaması isə o deməkdir ki, 5 ildən sonra vətəndaşlığa iddia edən də olmayacaq.

Qanuna edilən əlavə və dəyişikliklərdən sonra vəziyyət çətinləşib. Əvvəllər ölkəyə gələn əcnəbi bütün prosedurlardan öz ölkəsində keçirdi və hazır sənəd gətirirdi. İndi isə Azərbaycana gələndən sonra məmurlarla tək-tək "görüşməlidir". Bu isə korrupsiyaya yol açır. Bundan başqa, Azərbaycan vətəndaşı olmayan şəxsi işə götürən qurum 30 min manat civarında cərimə ödəməlidir. Miqrasiya Xidmətində və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində miqrantları məlumatlandırma büroları fəaliyyət göstərsə də, bu barədə çoxu xəbərsizdir. Digər tərəfdən, 20-dək qanun olsa da, hələ də Miqrasiya Məcəlləsi qəbul olunmayıb. Bütün bunlar isə Azərbaycanda vətəndaşsızlıq probleminin böyüməsinə səbəb olur. Ölkə qanunları ikili vətəndaşlığa qarşı çıxmır. Elə bir norma, nə də hansısa ölkə ilə buna dair müqavilə yoxdur. Amma dövlət məmurları vətəndaşların əlindən digər ölkənin pasportunu alır. Bu da ondan irəli gəlir ki, məmurlar vətəndaşların öz hüquqlarını bilməsini istəmirlər və bu məlumatsızlıqdan öz xeyirləri üçün istifadə edirlər.

24 iyun 2008-ci ildə 658-IIIQD nömrəli qanun qəbul edilib, 5 avqust 2008-ci il tarixdə isə miqrasiya idarəetmə sisteminin inkişafı və bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan prezidenti 805 nömrəli fərman imzalamışdı. "İmmiqrasiya haqqında" əvvəlki qanunvericiliyə əsasən, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyasına müraciət etməli idi. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərdilər. İndi isə onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Xarici vətəndaşlar bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə iş görməlidirlər. Bu isə onu göstərir ki, qanunvericiliyə dəyişikliklər Dövlət Miqrasiya Xidmətinin və digər maraqlı idarələrin sifarişi ilə qəbul edilib.


Geri qayıt