Əsas Səhifə > Partiya > “BUNU REPRESSİYA HESAB EDİRİK”

“BUNU REPRESSİYA HESAB EDİRİK”


12-10-2011, 15:35
“BUNU REPRESSİYA HESAB EDİRİK”

GƏNCLƏR GƏNCLƏRƏ AZADLIQ TƏLƏB ETDİ

2 aprel mitinqində həbs olunan ictimai-fəal gənclər - Tural Abbaslı, Əhəd Məmmədli, Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və s. məhkəmələrin çıxardığı hökmlə 1,5-3 il müddətinə azadlıqdan məhrum edildilər.

Bununla bağlı VHP gənclər təşkilatı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, məhkəmə prosesləri bir daha göstərdi ki, bu gənclər Azərbaycan qanunlarını pozan heç bir addım atmayıblar və cinayət əməli törətməyiblər, yalnız Konstitusiyanın vətəndaşlarımıza verdiyi «sərbəst toplaşmaq azadlığı»ndan istifadə edərək mitinqdə iştirak ediblər. Onların yeganə «qanunsuzluğu» ölkədəki siyasi sistemə etiraz etmələri, demokratiya istəkləri və azadlığa can atmalarıdır: “VHP Gənclər Təşkilatı olaraq, ictimai fəal gənclərin barəsində çıxarılan bu həbsi kəskin şəkildə pisləyir və bunu siyasi repressiya hesab edirik. Azərbaycan hakimiyyətinin nəzərinə çatdırırıq ki, bu cür repressiv üsullarla hakimiyyətini qorumağa çalışmaq ölkənin beynəlxalq imicini ləkələməklə bərabər, gənclərin ictimai-siyasi həyatda rolunu və vətənpərvərlik hissəni məhv etməyə yönəlmişdir. Bu addımlar ölkə gəncliyində dövlətə olan inamı ciddi surətdə sarsıtmağa, onların dövlətçilik şüurunu dağıtmağa köklənmiş antimilli siyasətdir və hakimiyyət bir an tez bu çirkin siyasətindən geri çəkilməlidir.

İnsanları düşüncə və fikir azadlığına görə həbs etmək həm də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən çəkilməsi, ölkənin Qərbə inteqrasiya siyasətini dəyişməsi və tam totalitarizmə yuvarlanması deməkdir. Bunun nəticəsidir ki, Azərbaycan demokratik dünyadan surətlə təcrid olunur və ölkəmizə qarşı beynəlxalq təzyiqlər gündən-günə güclənir.

Bir daha VHP Gənclər Təşkilatı olaraq hakimiyyətin siyasi repressiyalarını, ölkəni uçuruma sürükləyən bu cür yarıtmaz siyasi təzyiqlərini pisləyir və həbs olunanların müdafiəsi üçün bütün mümkün imkanlardan istifadə edəcəyimizi bəyan edirik”.


Geri qayıt