Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVU KİM SON ANDA XİLAS EDİB?

MİSİR MƏRDANOVU KİM SON ANDA XİLAS EDİB?


15-09-2011, 13:11
MİSİR MƏRDANOVU KİM SON ANDA XİLAS EDİB?

QURTULAN NAZİR ÖZÜNÜN ƏSAS RƏQİBİNİ BATAN GƏMİNİN GÖYƏRTƏSİNƏ İTƏLƏMƏYİ BACARDI

Dünən prezident İlham Əliyev təhsil sistemində müəyyən addımlara imza atdı. Lakin cəmiyyət bundan da radikal islahatları gözləyir. Hər halda qurumuş ağacın qollarını budamaqla ona yenidən həyat vermək mümkün deyil. Ağac kökündən kəsilməlidir.

Misir Mərdanov isə Azərbaycan təhsilinin anasını ağlatması səbəbindən çoxdan qurumuş ağac hesab olunur. Və bu gün prezidentin təhsil nazirliyində islahat adı altında 3 nazir müavinini istefaya göndərməsi heç də gərəkən effetlə nəticələnə bilməz. Əksinə, «vurulanlarla» bağlı məlumatlar da təsdiqləyir ki, əslində istefaya göndərilən təhsil nazirinin hər üç müavini Misir Mərdanovla yola getmirmiş.

Hətta təhsil nazirliyində ən gənc kadrlardan hesab olunan 38 yaşlı nazir müavini Elmar Qasımov zaman-zaman dövrü mətbuat tərəfindən Misir Mərdanovun yerinə hazırlanan kadr kimi diqqətə gətirilib. Yəni son kadr islahatlarının tam olaraq Misir Mərdanovun maraqları çərçivəsində həyata keçdiyini söyləyə bilərik.

Bu barədə «Dünya» İnformasiya Agentliyini bilgiləndirən mötəbər mənbənin sözlərindən belə məlum olur ki, təhsil naziri Misir Mərdanov Elmar Qasımovun adını istefaya göndəriləcək şəxslər siyahısına şəxsən daxil etdirib: «Ona görə də, Misir Mərdanov bu gün çox şad görünür».

Xatırladaq ki, Elmar Qasımov məhz mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə təhsil nazirinin müavini postu vəzifəsinə irəli çəkilmişdi. Zamanında Bakı Dövlət Universiteti rektorunun köməkçisi olan Elmar Qasımovun 38 yaşnda «vurulması» hər halda, «yaş senzi» ilə əlaqələndirilə bilməz. Çünki onu istefaya göndərməyə müvəffəq olan Misir Mərdanovun özünün yaşı 65-dən yuxarıdır.

Məlumatlı mənbələr bildirir ki, Misir Mərdanov da əslində bu ələmə kampaniyasında «vurulmalı» imiş: «Orta məktəblərdə yeni dərs ilinin açılışı ərəfəsində nazirə sürpriz hazırlanırdı. Lakin Misir Mərdanov son anda qurtulmaqla yanaşı, «vurulacaqlar» sırasına özünün əsas rəqiblərindən birini də əlavə etməyə müvəffəq oldu».

Mənbənin sözlərinə görə, Misir Mərdanov hakimiyyətin çox ciddi fiqurlarından birinin himayəsinə sığınıb: «Məhz həmin məmurun sayəsində TN-də kadr islahatları ən üst səviyyəyə qədər gedib çıxmadı».

Geri qayıt