Əsas Səhifə > Siyasət, Manşet > SƏHİYYƏ NAZİRLİYİNDƏ KADR İSLAHATLARI

SƏHİYYƏ NAZİRLİYİNDƏ KADR İSLAHATLARI


7-10-2011, 12:48
SƏHİYYƏ NAZİRLİYİNDƏ KADR İSLAHATLARI

OQTAY ŞİRƏLİYEV DƏ MÜAVİNİNİ İTİRİR

DİA.AZ: - Son günlər səhiyyə sistemində özbaşınalıqlar durmadan artmaqdadır. Təbii ki, bu hal sırf olaraq nəzarətsizliyin nəticəsidir. Bu günlərdə prezident İlham Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevin işindən razılıq etməsi və bu barədə açıqlama verməsi sanki səhiyyə sistemindəki biabırçı durumun memarlarına qol-qanad vermiş oldu.

Amma deyəsən, prezidentin bu tərifləri yalnız nazirə aid imiş və aşağılar bu məsələdən arxayın düşməkdə tələskənliyə yol veriblər. «Dünya» İformasiya Agentliyi redaksiyasına (dia-az.site) daxil olan məlumatda bildirilir ki, təhsil nazirliyində olduğu kimi səhiyyə nazirliyində də anoloji kadr islahatları həyata keçiriləcək.

Xatırladaq ki, bu günlərdə birbaşa olaraq prezidentin müdaxiləsi ilə Misir Mərdanovun üç müavini bir günün içində görəvini itirdi. İndi isə eyni prosesin SN-də cərəyan edəcəyini anons edən hakimiyyət içindəki mötəbər qaynağın sözlərindən o da aydın olur ki, Oqtay Şirəliyev Misir Mərdanovdan fərqli olaraq bir müavinini itirməli olacaq:

«Nəhayət ki, mətbuatda bu vaxta qədər barəsində ən çox yazılan Elsevər Ağayev görəvindən alınacaq. Onun yerinə isə hazırda Bakı baş səhiyyə idarəsinin rəisi vəzifəsini tutan Leyla Seyidbəyli təyin olunacaq».

Bildirək ki, Elsevər Ağayev hazırda məhbəsdə saxlanılan keçmiş nazir Əli İnsanovdan qalma yeganə nazir müavinidir və onu hətta «Əli İnsanovun kassiri» kimi də tanıyırlar. Yəni zamanında səhiyyə sistemindəki özəlləşdirmə prosesindən külli miqdarda vəsaiti ələ keçirən Elsevər Ağayev hətta Oqtay Şirəliyev rəhbər təyin olunduqdan sonra yeni nazirlə də dil tapmağı bacardı.

Amma buna baxmayaraq hər şeyin bir sonu olduğu kimi, Elsevər Ağayevin də fironluğunun başa çatacağı bildirilir. Onu da bildirək ki, Elsevər Ağayev eyni zamanda ölkədə dərman bazarına təsir edən əsas qüvvələrdən biri kimi də xarakterizə olunur.

Məlumatlara görə, TN-dəki kadr islahatlarından fərqli olaraq Elsevər Ağayev sırf olaraq korrupsiya ittihamı ilə görəvindən alınacaq: «Hətta onun barəsində cinayət işi də çıla bilər. Artıq bu barədə müvafiq dövlət qurumlarında tədarük görülməkdədir».


Geri qayıt