Əsas Səhifə > Partiya > “BU, ƏDALƏT GÖSTƏRİCİSİ DEYİL”
“BU, ƏDALƏT GÖSTƏRİCİSİ DEYİL”3-10-2011, 16:08 |
FUAD QƏHRƏMANLI ETİRAZ EDƏCƏK “Məni tutub həbsxanaya salmamaları ədalət göstəricisi hesab oluna bilməz. Təqsirləndirilən digər şəxslərin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələri siyasi repressiyadır”. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il şərti azadlıqdan məhrum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı “Media forum” saytına açıqlamasında belə deyib. İctimai Palatanın 2 aprel mitinqinə görə barəsində cinayət işi açılan şəxslərdən olan Fuad Qəhrəmanlı aksiya zamanı həbs edilsə də, sonradan polisin nəzarətinə verilməklə azadlığa buraxılıb. Sentyabrın 26-da Səbail Rayon Məhkəməsində prokuror Fuad Qəhrəmanlının 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi. Fuad Qəhrəmanlı bildirib ki, üç aydan artıq davam edən istintaq və iki ay sürən məhkəmədə təqsirləndirilən şəxslərin günahsızlığı sübuta yetirilib: “Hüquq mühafizə orqanlarının bütün iddiaları əsassızdır. Təqsirləndirilən şəxslərdən heç birinin günahı sübuta yetirilməyib. Bu mümkün də deyildi. Çünki bizim təsdiq olunacaq hər hansı cinayətimiz yoxdur. Məhkəmə Prezident Administrasiyasından verilən siyasi sifariş əsasında qərar çıxarıb. Məqsəd Azərbaycandakı demokratik hərəkatın qarşısını almaq, bizi qorxutmaqdır. Amma bununla heç nəyə nail ola bilməyəcəklər”. AXCP sədrinin müavini hesab edir ki, məhkəmə heç bir əsas olmadan onu 2 il şərti olaraq azadlıqdan məhrum edib: “Məhkəmənin qərarı əsassızdır. Çünki mənim heç bir cinayətim yoxdur. Amma qanunsuz olaraq azadlığımı məhdudlaşdırıblar, şərti azadlıqdan məhrum ediblər. Bu qərarla razılaşmıram və apellyasiya şikayəti verəcəm”. Geri qayıt |