Əsas Səhifə > Köşələr > Mətləb SALAHOV

Mətləb SALAHOV


2-05-2023, 10:05
Mətləb SALAHOV
Çətin mayıs başladı...

Bizdə may, Türkiyədə mayıs ayı artıq başlayıb. Bu o deməkdir ki, 14 may tarixində Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə çox az vaxt qalıb. Dünya siyasətində daşın daş üstündə qalmadığı, yeni dünya xəritəsinin yaradılması üçün insan qanının bulaq suyuna döndərildiyi vaxtda həm də diqqətlər Ankaradadır. Dünyanın siyasi gücləri üçün son illər arzuolunmaz güc halına gələn qardaş Türkiyə, mayın 14-də həm də qorxunc hədəf halındadır. Xüsusilə okeanın o tayından başlayan təzyiqlər daha kritik xarakter alıb. Bir tərəfdən Türkiyədəki müxalifətə var gücü ilə dəstək verən Ağ Ev, digər tərəfdən hazırkı Rəcəb Tayyip Ərdoğan höküməti əleyhinə ən xırda detallardan belə zərgər dəqiqliyi ilə istifadə etməyə, Türkiyə ictimai rəyini AK Partiya hakimiyyətinə qarşı ayağa qaldırmağa çalışır.

Məqsəd bəllidir: mayın 14-dəki seçkilərə qədər ictimai rəyi müxalifətin xeyrinə dəyişmək, daxildəki bir sıra problemləri mediada və sosial şəbəkələrdə qabartmaqla seçici səslərini “altılı masa”nın vahid namizədi, CHP lideri olan Kamal Kılıçdaroğluna yönəltməkdir. Türkiyədə medianın kiritik may ayı kimi önə sürdüyü bu ayda elə ilk gərginlik R.T.Ərdoğanın səhhəti ilə bağlı yaradılan ajiatajla başladı. Türkiyə liderinin bir televiziya kanalına müsahibə zamanı səhhətinin qəflətən pisləşməsi sanki qərb dairələri üçün göydəndüşmə oldu. Bütün günü sosial şəbəkələrdə “can həkimi” libasına bürünən qərb trolları, guya hazırkı prezidentin seçkilərdə iştrakının mümkün olmayacağı, Ərdoğanın səhhətinin ciddi şəkildə zədələndiyi barədə çığır-bağır salırdılar. Ta ki, Türkiyə prezidenti İstanbulda keçirilən “TEKNOFEST” festivalına qatılana qədər. R.T.Ərdoğanın mədəsindəki dərinliklərə qədər “analiz aparan” qərb ideoloqları və Türkiyədəki müxalifət düşərgəsi, yəqin bu fiaskodan sonra yeni səs-küylü hadisə üçün çalışacaqlar. Çünki mayın 14-ə qədər onlara rahat yuxu əməllicə haramdır...

Xüsusilə qərb dairələri 20 ildir hakimiyyətdə olan, bütün seçkilərdə müxalifətə qarşı əzici qələbə qazanan R.T.Ərdoğanın əleyhinə kürd məsələsini və qaçqın ərəblərin İstanbulda yaratdıqları xoşagəlməz vəziyyəti daha çox önə sürürlər. Türkiyə hakimiyyətinin PKK-nın siyasi qanadı kimi səsləndirdiyi HDP-ni də K.Kılıçdaroğlunu müdafiə etməyə sövq edən qərb dairələri, qardaş ölkədəki milli azlıqların səslərinin də CHP liderinə verilməsi üçün təbliğat maşınını işə salıblar. Bəli, onlar R.T.Ərdoğanın 20 illik hakimiyyətinə son qoymaq üçün çapalayırlar. Ötən əsrin sonların və 2000-ci illərdəki ələbaxım, iqtisadiyyatı və sənayesi, texnoloji imkanları olmayan, NATO-nun sözəbaxan üzvlərindən biri olmuş Türkiyənin hazırkı müstəqil xarici siyasət kursu, güclü hərbi sənayesi, dünya siyasətində ağır çəkili qüvvələrdən birinə çevrilməsi, xüsusilə Rusiya-Ukrayna müharibəsindəki etibarlı vasitəçiliyi, şəxsən Ərdoğanın xarizmatik liderlik qabiliyyəti ilə taxıl kalidorunun açılması ilə dünyanın ciddi ərzaq böhranından qurtula bilməsi, - bütün bunlar qərb dairələri üçün dözülməzdir.

Onlara heç bir nüfuzu və regiondakı proseslərə təsir imkanları olmayan, qərbin dirijor çubuğu ilə idarə edə biləcəyi Türkiyə lazımdır. Düzdür, “Ərdoğan olmazsa Türkiyə olmayacaq” düşüncəsi də zərərlidir. Bütün hakimiyyətlərin bir sonu olur, bu qaçılmazdır. Amma dünya siyasətinin hazırkı gərgin və mürəkkəb vaxtında Türkiyə üçün Ərdoğan faktoru çox önəmlidir. R.T.Ərdoğanın əleyhdarlarının da etiraf etdikləri kimi, türk siyasətində hazırda Ərdoğanı əvəz edəcək xarizmatik siyasətçi tapmaq çox-çox çətin məsələdir. Siyasi təcrübəsi və siyasi liderlik qabiliyyəti, dövlət idarəçilik təcrübəsi olmayan K.Kılıçdaroğlu, təcrübəsiz Əkrəm İmamoğlu, daha çox populyar çıxışları ilə gündəmə gələn Maral Akşener bu mürəkkəb dünya siyasi mühitində Türkiyəni idarə etmək gücündə deyillər. ən azı “altılı masa”nın son durumu bunu deməyə əsas verir. Düzdür, daima dünyadakı qanlı və xaos dolu “rəngli inqilabları” ilə məşhurlaşan qərb srateqlərinin qardaş ölkədə də “Türkiyə baharı” kimi bir ssenari hazırlamaq planı olmamış olmaz. Amma bu məsələdə türk xalqı ilə qərbdəkilərin fikirləri ciddi haçalanır. Türkiyə cəmiyyəti xaosa imkan verməyəcək qədər ayıqdır. Corc Sorosun milyonları çətin ki, Türkiyədə işə düşə bilsin. Çünki Türkiyə hazırda keçmiş günlərindən sürətlə uzaqlaşan, getdikdə dünya siyasətinə yelkən açan böyük bir gəmini xatırladır. 14 mayısda sükan dəyişərsə... bax əsl mərəkə onda qopacaq. Çətin mayıs başlayır. Sonu xeyirli olsun..





Geri qayıt