Əsas Səhifə > Gündəm, Manşet > Neftçalanın inşaat biznesi maqnatları: Əsədov qardaşları...
Neftçalanın inşaat biznesi maqnatları: Əsədov qardaşları...29-08-2024, 07:00 |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir neçə gün öncə “Şuşanın Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb binasının tikintisi, Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri, Xocalı şəhər körpələr evi-uşaq bağçasının, Xocalı şəhər tam orta məktəbin, Xankəndi şəhəri, Kərkicahan qəsəbə körpələr evi-uşaq bağçasının və Xankəndi şəhəri, Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” üzrə tenderin nəticələrini elan edib. Satınalma portalının məlumatına görə, bir gündə altı tenderin qalibi “Sosial-İnkişaf Layihə” MMC şirkəti (VÖEN: 1301355021) olub. Qalib şirkətlə ümumilikdə 495 min manat məbləğində müqavilə imzalanıb. Lakin Təhsil Nazirliyinin nəzdində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib. Portalda qeyd olunub ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bu məqam müəyyən şübhələr yaratdığı üçün araşdırma aparmaq zərurəti yarandı. Şirkət haqqında ətraflı məlumat Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, “Sosial-İnkişaf Layihə” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 AZN nizamnamə kapitalı ilə 2007-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Hərçənd, saytlarında 2016-cı ildən etibarən fəaliyyət göstərdikləri qeyd olunub. Hazırda şirkətin qanuni təmsilçisi Elşad Böyükbala oğlu Əsədov olaraq göstərilir. Şirkət ölkədəki yaşayış binaları, təhsil müəssisələri, ofis binaları, dövlətin inzibati binaları, ictimai-iaşə obyektlərinin layihələndirilməsi ilə məşğuldur. Məsələn, layihələri arasında Yardımlı İcra Hakimiyyətinin binası, Şəmkirdə Vergi İdarəsi, Lənkəranda Hərbi Prokurorluq, Zaqatalada rayon məhkəmə binası, Qusar Rayon İcra Hakimiyyətinin binası və digər rəsmi qurumların inzibati binaları mövcuddur. Müştəriləri arasında Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq kimi dövlət qurumları var. Xidmətlər arasında interyer və dizayn layihələri də yer alıb. Ümumilikdə sadəcə 2019/2022-ci illər ərzində satınalma portalında müxtəlif metodlarla; istər açıq, istər gizli, istər katirovka və istərsə təkliflər sorğusu metodları ilə keçirilən tenderlər zamanı 3.029.330,10 AZN (3 milyon manatdan çox) vəsait udulub. 2020-ci ildə mətbuatda yazılan “Təhsil Nazirliyinin əksər tenderlərinin qalibi hansı şirkətdir?” başlıqlı məqalənin cavabı əlbəttə ki, “Sosial İnkişaf Layihə” MMC olub. Şirkət kimə aiddir? Şirkət ilk açıldığı dövrdə “KONSTRUKTOR-S” MMC kimi fəaliyyət göstərib. 2009-cu ildə isə adını dəyişərək “Sosial-İnkişaf Layihə” MMC olub. Elşad Əsədov FHN-nin nəzdindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru Səxavət Böyükbala oğlu Əsədovun qardaşıdır. 1955-ci il təvəllüdlü Səxavət Əsədov 2014-cü ildə Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Prezident İlham Əliyev tərəfindən ”Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 2012-ci ildə isə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Şirkətin 2007-ci ildə açıldığı zaman adının “Konstruktor-S” olması təsadüfi deyil, məhz Səxavət Əsədovun hazırki gördüyü işlə əlaqəlidir və “S” abviaturası da Səxavət mənasını verir. Qardaşı, 1957-ci il təvəllüdlü Elşad Əsədovun “Narın” Mənzil-Tikinti Kooperativi, “Dördlər” tikinti şirkəti və “Ervaen” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkətləri də mövcuddur. Elşad Əsədov həmçinin Bakıdakı Gəncə prospektində yerləşən “Fəridə” Şadlıq Sarayının, Haqverdiyev küçəsi 3 ünvanındakı “THE PLACE” pub-restoranı və “377pub” restoranın da sahibidir. Üçüncü qardaşları, 1963-cü il təvəllüdlü Elxan Böyükbala oğlu Əsədovun da 7 inşaat şirkəti mövcuddur: “AZƏT İNŞAAT-2018”, “İNŞAAT CLASS”, “İNŞAAT-2018”, “BUTA İNŞAAT-2018”, “İNŞAAT SERVİS-X”, “SERVİS-63” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ŞERON-63” Mənzil-Tikinti Kooperativi. Bundan əlavə, ən kiçik, dördüncü qardaşları, 1963-cü il təvəllüdlü Rövşən Böyükbala oğlu Əsədovun da iki tikinti şirkəti var: “SƏRXAN-İNŞAAT” MMC və “SƏRXAN-İNŞAAT-X” MMC. Həmçinin onun Neftçala rayonu, H. Əliyev prospektində yerləşən kafesi və Neftçala rayonu, Dördlər kəndindəki “Dördlər” adlı şadlıq sarayı mövcuddur. Qardaşların dördünün də, həm Bakıda, həm də Neftçala rayonunda xeyli sayda mənzilləri, iaşə obyektləri, müxtəlif biznesləri və malikanələri olduğu iddia olunur. Azərbaycan qanunvericiliyinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilib ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə birdəfəyə 180 min manat məbləğində müqavilə imzalanıb. Bu da qanun pozuntusu deməkdir. Meydan TV əməkdaşı bir ay ərzində Elşad Əsədovla, eləcə də adıkeçən digər qardaşlarla əlaqə saxlamağa çalışsa da, münasibət öyrənə bilməyib. Elşad Əsədov ona ünvanlanmış jurnalist sorğusunu cavablandırmayıb. Geri qayıt |