Əsas Səhifə > Güney Press > “Turan Tovuz” sıradan çıxarılır:

“Turan Tovuz” sıradan çıxarılır:


Dünən, 17:22
“Turan Tovuz” sıradan çıxarılır:
Futbol üzrə növbəti milli çempionat gözlənilməz başa çatmışdı. İlk və axırıncı dəfə 30 il əvvəl çemppion olmuş “Turan Tovuz” liderliyi ələ keçirdi. Bölgə təmsilçisi hətta Bakıda Avropaya səs salmış “Qarabağ”ı da məğlub etməyi bacardı. Elə yenicə “Turan Tovuz”un çempionluğuna özümüzü hazırlayırdıq ki, hakimlər səhnəyə çıxdı. Ardıcıl iki oyunda Tovuz komandasına qarşı aşkar ədalətsizlik nümayiş etdirildi.
Bizimyol.info xəbər verir ki, əvvəlcə “Turan Tovuz”un 3 xal qazanmaq imkanı əlindən alındı. “Sabah”la səfərdəki oyunun son saniyələrində hesab 2:2 olarkən qonaqlar qol vumağı bacardılar. Amma baş hakim qolu saymadı. O, yan xətt hakiminin qərarını nəzərə aldığını bildirdi. Laynsman iddia etdi ki, top künc zərbəsindən havaya qaldırılanda qapı xəttini keçibmiş. Belə mübahisəli epizodda referi videotəkrara baxmaq üçün VAR-ın xidmətinə də ehtiyac duymadı. Oyun tələm-tələsik başa çatdırıldı.

“Araz Naxçıvan”la Tovuzdakı oyunda isə böyük kobudluq göstərən rəqibin oyunçusuna qırmızı vərəqə verilmədi. Baş hakim Elçin Məsiyev hesab etdi ki, Ramon Maçadonun Roderik Millerin başına endirdiyi zərbəyə görə cəza uzağı sarı vərəqə ola bilər. “Turan Tovuz” uduzandan sonra azarkeşlərin qəzəbi bir az da artdı. Hətta sosial platformalarda neytral futbol həvəskarları da ardıcıl haqsızlığa yol verildiyini düşünür. Böyük səhifələrdə hər iki qarşılaşma müzakirə olunur. Əksəriyyət “Turan Tovuz”un çempionluq yarışında sıradan çıxarıldığımı hesab edir.

Tovuz komandası mövsümə həm də yeni baş məşqçiyə görə iddialı başlamışdı. Rusiya çempionu olmuş, “Rubin”lə “Barselona”nı məğlub etməyi bacarmış Kurban Berdiyevin “Turan Tovuz”a gətirilməsi ciddi dəyişikliyə səbəb olub. Komandada böyük hədəflər uğrunda mübarizə apara biləcəyinə inam yaranıb. Ədalətsiz qərarlar çempionatın nüfuzuna ciddi xələl gətirir.

İndi lider “Qarabağ”dır. Əslində, Ağdam klubunun rəqibinin sıradan çıxarılması ilə liderliyə yüksəlməyə ehtiyacı yoxdur. “Qarabağ”ın hamıdan güclü olması onsuz da məlumdur. Amma neft şirkətindən asılı olmadan müstəqil fəaliyyət göstərən “Turan Tovuz”un belə zərbələr alması heç yaxşı gələcək vəd etmir. Belə təəssürat yaranır ki, fərdi inkişafa can atan komandaya böyüməyə imkan verilmir.

Geri qayıt