Əsas Səhifə > Güney Press > AZƏRBAYCAN BRİKCS-dən NƏ UMUR?

AZƏRBAYCAN BRİKCS-dən NƏ UMUR?


24-09-2024, 16:40
AZƏRBAYCAN BRİKCS-dən NƏ UMUR?
“Azərbaycan BRİCS-ə üzv olmaq üçün müraciət etdikdən sonra bu qlobal formata diqqət artıb. Bu, ənənəvi qarşılıqlı əlaqə formatı deyil. Burada, məsələn, daimi katiblik yoxdur. Müzakirələr qarşılıqlı maraq doğuran ayrı-ayrı mövzular üzrə aparılır. Əgər təşkilatın bütün iştirakçıları arasında konsensus yoxdursa, bu, daxili böhrana çevrilmir, sadəcə olaraq müəyyən mövzular və layihələr üzrə ölkələrarası qruplaşmalar yaranır”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov “BRİCS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər” sualını cavablandırarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın maraq göstərdiyi sahələrdən biri də nəqliyyat-kommunikasiya sahəsidir. O, BRİCS-in portfelindəki bu komponentə nəzər salaraq, mövzunun BRICS-in fəaliyyətlərində necə əks olunduğunu izah edir: “Nəqliyyat və logistika mövzusu Çin və Rusiyadan güclü dəstək alır. Çin bu sahədəki BRICS layihələrini özünün qlobal “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirməyə çalışır. Lakin Pekin öz qlobal təşəbbüsünün bütün infrastruktur layihələrini BRİCS ölkələrinin maraqları ilə hələ tam uzlaşdıra bilməyib. Bununla belə, müəyyən sahələrdə və layihələrdə anlaşmaya nail olmaq mümkündür. Rusiya da öz növbəsində Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır. Nəticədə, 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sonuncu sammitdə BRICS-in nəqliyyat üzrə daimi komissiyası yaradılıb.

2024-cü ilin iyununda BRICS-ə üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası keçirildi və BRICS ölkələrinin bağlılığı Bəyannaməsi qəbul edilib. Bəyannamədə BRİCS ölkələri arasında nəqliyyat sahəsində birgə layihələrin və texnoloji əməkdaşlığın həyata keçirilməsində işbirliyinin inkişafı çağırışı əks olunur. Bu sahədə qabaqcıl təcrübə və innovasiyaların mübadiləsi üçün nəzərdə tutulmuş BRİCS Transport rəqəmsal platforması yaradılır. Bundan əlavə, BRICS-in Biznes Şurasında Nəqliyyat və Logistika üzrə Alt Qrup formalaşdırılıb və BRICS Nəqliyyat Akademiyasının yaradılmasına hazırlıq işlərinə başlanılıb”.

F.Məmmədov vurğulayır ki, BRICS nəqliyyat və logistika məsələləri üzrə mexanizmlər və alətlər yaradır. Onun sözlərinə görə, bununla yanaşı, BRİCS çərçivəsində on milyardlarla dollar ehtiyata malik olan və SWIFT-ə alternativ öz maliyyə sistemini yaratmağa çalışan Yeni İnkişaf Bankı (Dünya Bankına alternativ) fəaliyyət göstərir. “Beləliklə, güman etmək olar ki, nəqliyyat və logistika mövzusu digər prioritetlərlə yanaşı strukturun maliyyə ehtiyatlarının tətbiqi məkanına, bu sistem daxilində ödənişlər isə yeni maliyyə sisteminin ilk addımlarına çevrilə bilər”, - o əlavə edib.

Ekspert xatırladır ki, Çin artıq keçən ilin oktyabrında multimodal “Bir kəmər, bir yol” Kommunikasiyaları Şəbəkəsi, xüsusən də Transxəzər Nəqliyyat Dəhlizi də daxil olmaqla Çin-Avropa dəmir yolu xəttinin dəstəklənməsi barədə qərar qəbul edib. O, qeyd edir ki, Kazan sammitində bu təşəbbüslərin BRİCS-in himayəsi altına salınması gözlənilir. “Bu, həm maliyyə cəlb etməyə, həm də BRİCS ölkələrinin institusional iştirak səviyyəsini artırmağa imkan verəcək”, - təhlilçi əlavə edib.

Politoloq onu da bildirir ki, Çin və Rusiya təşəbbüsləri ilə yanaşı, BRICS çərçivəsində Hindistanın Şimal-Cənub təşəbbüsü də var ki, bu da bizim regiona aiddir: “Ehtimal ki, məhz onun tərkib hissəsi kimi Ermənistan gələcək sammitin iştirakçıları siyahısına düşüb. Ermənistanın Baş nazirinin iştirakı, ilk növbədə, Hindistanın siyasi təşəbbüsü və Ermənistanın nəqliyyat komponentinə qoşulmasıdır”.

Fərhad Məmmədovun qənaətinə görə, Kazanda keçiriləcək sammitdə BRİCS üzvləri müxtəlif layihələri BRİCS-in “çətiri altına” salmaq üçün lobbiçilik edəcəklər. “Əlbəttə ki, BRICS çərçivəsində bütün bu layihələr və sahələr üzrə qərarlar qəbul edilsə də, əsas məsələ işlərin icra sürəti və səmərəliliyi olacaq”, - o deyib.

Ekspert vurğulayır ki, bütövlükdə Cənubi Qafqaz, xüsusən də Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub vektorlarının mərkəzindədir: “Azərbaycan diplomatiyasının BRİCS-ə üzvlüklə bağlı fəaəliyyəti, Çin (Şərq-Qərb) və Rusiyanın (Şimal-Cənub) dəstəyinin təmin edilməsi iqtisadiyyat və nəqliyyata cavabdeh olan, BRİCS-in mexanizm və alətlərinin öyrənilməsi üzrə ixtisaslaşmış dövlət strukturlarının fəal işi ilə birgə aparılmalıdır”.

Geri qayıt