Əsas Səhifə > Güney Press > "Paşinyanla Putin arasında heç bir oyun-filan yoxdur

"Paşinyanla Putin arasında heç bir oyun-filan yoxdur


Dünən, 15:34
"Paşinyanla Putin arasında heç bir oyun-filan yoxdur
Son vaxtlar Ermənistanın xarici siyasəti ilə bağlı belə ağlasığmaz versiyalar səslənir ki, guya Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmanı sadəcə imitasiya edir. Əslində rəsmi İrəvan Kremllə, yaxud elə Paşinyan Putinlə birgə düşünülmüş hərəkət edərək ABŞ və Qərbin həm maliyyə, həm də hərbi-siyasi dəstəyini almağa nail olur və paralel olaraq Ukrayna savaşının başlanmasından sonrakı dövrdə Qərb ölkələrindən idxal etdiyi elektron detalları Rusiyaya ixrac etməklə Moskvanı Qərbin sanksiyalarından yayındırır. Görəsən, bu versiya, az da olsa, gerçəkliyə uyğundurmu?..

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bu fikirləri ifadə edib:

“Paşinyanın Rusiya ilə işbirliyində olması, Qərbin resurslarından istifadə etməsi haqda deyilənlər daha çox konspiroloji nəzəriyyələrə bənzəyir. Yəni Qərb bu dərəcədə sadəlöhvdür, bu qədər avamdır ki, hansısa Paşinyan onu belə yola versin, ondan sui-istifadə etsin?.. Bu tamamilə qeyri-mümkün olan bir şeydir. Mən düşünürəm ki, Qərb Paşinyanla kifayət qədər intensiv əməkdaşlıq edir və hətta onu qoruyur da. Biz görürük ki, Rusiya tərəfindən dəfələrlə Paşinyanın devrilməsi, hakimiyyətdən uzaqlaşdırılması istiqamətində cəhdlər göstərilib, amma bu baş tutmayıbdı. Təbii ki, həmin o konspiroloji baxışları ortalığa atanlar bunu da bir oyun kimi təqdim edə bilərlər. Amma heç bir oyun-filan yoxdur, sadəcə, Rusiyanın gücü bura qədərdir. Və Paşinyan xalqının çoxluq təşkil edən bir hissəsinin dəstəyinə malikdir. O, kifayət qədər ağıllı siyasət yürüdür. Bunu etiraf etmək lazımdır. Bunu etiraf edə bilmiriksə, deməli, biz rəqibi düzgün qiymətləndirmirik. Səbəb budur. Yəni bir daha deyirəm ki, mən Qərbi bu qədər avam, bu dərəcədə korafəhm saymıram ki, onlar Rusiyanın Paşinyanla qurmuş oyununda bir alətə çevrilsinlər. Bu qətiyyən mümkün deyil. Hətta nəzəri, hipotetik baxımdan Paşinyan Rusiya ilə bir balanslı münasibət saxlasa belə, - Qərbin siyasətində bir praqmatik yanaşma var, - Paşinyanla münasibətləri o da davam etdirəcək. Çünki bu cür yanaşma son nəticədə Qərbin bölgədəki mövqelərinin möhkəmlənməsinə xidmət edir. Söhbət axı yalnız kimlərinsə gəlib Paşinyanla rəsmi görüşlər keçirməsindən, Ermənistana müəyyən maliyyə, hərbi yardımlar göstərməsindən getmir. Söhbət çox geniş, çox əhatəli bir fəaliyyətdən gedir ki, bu da Qərbin Ermənistan və ümumiyyətlə, Cənubi Qafqaz siyasətinin tərkib hissələridir. Orada kəşfiyyat fəaliyyəti də var, orada digər yumşaq güc faktorunun da rolu var. Söhbət vətəndaş cəmiyyəti institutlarıyla, media ilə bağlı fəaliyyətdən gedir ki, bunlar da hamısı bir uzun vadəli nəticəyə hesablanmış siyasətdir. Məhz Qərb siyasətinin mahiyyətini anlamayanlar, yaxud bilərəkdən özlərini bilməzliyə qoyanlar belə versiyalar ortalığa atırlar. Bütün hallarda mən düşünmürəm ki, Paşinyanın Rusiya ilə bu cür oyunu mövcuddur. Bu, tamamilə yanlış bir baxışdır”.

Geri qayıt