Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Moskva Cənubi Qafqazda təsirini itirir

Moskva Cənubi Qafqazda təsirini itirir


Bu gün, 15:43
Moskva Cənubi Qafqazda təsirini itirir
Son 4 ildə Rusiyanın Qarabağ münaqişəsində rolu getdikcə azalır və Moskva Bakı ilə İrəvan arasında əldə olunan razılaşmalardan sonra Cənubi Qafqazda təsirinin azalacağından narahatdır.

Reyting.az xəbər verir ki, bu barədə “Iran Nuances” yazıb.

Təhlildə qeyd olunur:

Azərbaycan Respublikasının qələbəsinə səbəb olan 2020-ci ilin Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda müəyyən edilməli olan iki mühüm məsələ var idi: Qarabağın hüquqi statusu və Naxçıvandan Azərbaycan ərazisinə nəql marşrutu.

Azərbaycan ordusunun 2023-cü ildə Qarabağda apardığı birgünlük əməliyyat bu bölgədə yaşayan ermənilərin elan etdiyi “siyasi rejim”in süqutuna və bölgə üzərində Azərbaycanın öz suverenliyini bərqərar etməsinə səbəb olub. Beləliklə, Cənubi Qafqazda son 30 ilin ən mühüm problemlərindən biri həllini tapıb.

Məlum əməliyyat həm də 120 minə yaxın sakinin Ermənistana köçərək bu ölkənin müxtəlif şəhərlərində məskunlaşmasına səbəb olub. Əlbəttə, gələcəkdə bu, Bakı üçün problemə çevrilə bilər, çünki köçkünlər Qarabağ sakinləridir və ola bilər ki, beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı məhkəmə iddiası qaldırılsın.

Bakı bu mərhələni adladıqdan sonra isə iki ölkəni birləşdirən Sünik vilayətində yol çəkmək, habelə şərqdən qərbə və əksinə malların tranziti və enerji daşınması üçün beynəlxalq dəhlizin yaradılmasından ibarət olan kommunikasiyaların blokadadan çıxarılması mərhələsi başlayır.

Ermənistanla Azərbaycan arasında mübahisənin başlanğıc nöqtəsi bu məsələdir: 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin şərhi.

Bu sənəddə Ermənistan Bakının dəhliz kimi yozduğu Naxçıvanla Azərbaycan arasında kommunikasiya xətlərini açmaq öhdəliyi götürür.

Ermənistan son 4 ildə bu məsələ ilə yüklənməyib. Zaman keçdikcə Azərbaycan da bu məsələdə məyusluq keçirir. Lakin artıq Bakının Ermənistanın suverenliyi altında olan avtomobil və dəmir yolu xətlərinə razı olduğu deyilir. Bununla belə, İrəvanın atəşkəs bəyanatından kənar bir tələbi var: kommunikasiyaların rusiyalı müşahidəçilərin iştirakı olmadan açılması. Halbuki bəyanatın 9-cu bəndində keçidin Rusiya FSB-nin sərhəd qoşunlarının nəzarəti altında işə salınacağı qeyd olunub.

İrəvan təklif edib ki, lazım gələrsə, bu iş üçün beynəlxalq (yəqin ki, Avropa) şirkət yaradıla bilər.

Bu məsələ Rusiyanın qəzəbinə səbəb olub və Moskvanı 4 ildən sonra Ermənistanın dəhliz yaratmaq yoluna daş atdığını açıq şəkildə bəyan edib.

Moskva İrəvanın bu hərəkətini Ermənistanı özündən uzaqlaşdırmaq üçün 6 illik prosesinin tərkib hissəsi kimi qiymətləndirir.

Rusiya-Ermənistan hərbi baza müqaviləsinin uzadılmaması, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsində (KTMT) fəaliyyətini dondurması, Fransa və ABŞ ilə hərbi razılaşmalar, Ermənistanda mədəni tədbirlər çərçivəsində anti-Rusiya isteriyası Paşinyan hökumətinin Rusiyanın nəzarəti sferasından çıxmağa çalışmasını göstərir. Moskvanın başı Ukrayna müharibəsinə daha çox qarışdıqca, münasibətlər gərginləşir.
İrəvanın bu istiqamətdə atdığı son addım Azərbaycanla sülh müqaviləsi və münasibətlərin normallaşması üçün son mərhələdə olan ikitərəfli dialoqdur. Bu nəticə verərsə, Rusiyanın Cənubi Qafqazda mövcudluğunun azalmasında böyük rol oynayacaq.

Məhz bu əsnada Rusiyanın xarici işlər naziri Ermənistanın dəhlizlə bağlı siyasətinə açıq şəkil şifahi hücuma keçib, digər tərəfdən, Vladimir Putin son həftələrdə Ermənistanla Azərbaycan arasında vasitəçiliyə hazır olduğunu bir neçə dəfə bəyan edib və bu, İrəvanın mənfi cavabı ilə qarşılanıb.

Ermənistan Azərbaycan və Türkiyə arasında 30 illik geosiyasi dalandan çıxmağa çalışır. Paşinyan Qarabağın Azərbaycanın suverenliyinə keçməsinə məhəl qoymadan bu istiqamətdə böyük addım atıb. Azərbaycandan da böhrandan çıxış üçün müsbət addımlar gəlir. Bakı qəbul edib ki, kommunikasiyalar məsələsi sülh danışıqlarından kənarda qalsın. Münasibətlərin normallaşması üçün ilkin razılıq əldə olunub.

Bu məsələdə sonuncu maneə Ermənistan konstitusiyasında Azərbaycan ərazisinə iddialardır. Bakı Ermənistan konstitusiyasına düzəlişlər edilməsinə dəfələrlə təkid edib.

İrəvan, həmçinin, 2027-ci ildə konstitusiya islahatlarına başlayacağını açıqlayıb.

Proses indiki formada davam edərsə, yəqin ki, növbəti ildə ilkin razılaşmaları görəcəyik və 2027-ci ildə tərəflər arasında normallaşmanın əsas addımı atılacaq.

Bakı və Ankaranın istəyi olan Zəngəzur dəhlizinin yaradılması normallaşmada heç bir rol oynamır. Xüsusilə də, İran dəhlizin yaradılması və mümkün sərhəd dəyişiklikləri ilə bağlı ciddi etirazlar bildirir.

Bütün bunlar Rusiyanın bölgədə rolunun getdikcə azaldığına işarədir və Moskva Cənubi Qafqazda təsirinin azalacağından narahatdır.

Geri qayıt