Əsas Səhifə > Güney Press > "Torpağı sənədləşdirmək üçün 6 min istədi”

"Torpağı sənədləşdirmək üçün 6 min istədi”


23-09-2024, 12:11
"Torpağı sənədləşdirmək üçün 6 min istədi”
Bakıda 5 nəfərin 186 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bələdiyyə işçisi Məmməd Ağakişiyevin məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror ittiham aktını sənsləndirib.

Məmməd Ağakişiyev özünü təqsirli bilməyib. Məhkəmə ona təqsirli bilindiyi halda 5 ildən 10 ilədək həbs edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Zərərçəkmiş şəxslərdən Quliyev Ramin Tərtərdə kafe biznesi ilə məşğuldur. O, 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Göstərdiyi şücayətinə görə "Cəsur Döyüşçü", "Ağdam uğrunda", "Vətən uğrunda", medalları ilə təltif olunub.

O, bildirib ki, niyyəti qardaşının torpağını sənədləşdirmək olub:

"Təqribi bir il öncə bu hadisə baş verib. Mən Tərtərdə hazırda da işlətdiyim kafe/çayxana biznesi ilə məşğul idim. Qardaşım Samir dedi ki, torpaq alıb, sənələşdirilməsi üçün ona əlavə 6 min manat pul lazımdı. Mən də ona dəstək olmaq üçün pulu hazırlayıb onunla və Cümşüdlə birgə şəhərə getdim.

Mən, Samir və Cümşüd dəqiq ünvanını bilmədiyimiz ASAN xidmətin qarşısında görüşdük. Daha sonra bizə Rauf Dadaşov zəng etdi. Onunla parkda görüşmək üçün yola düşdük. Parkda o zamanlar adını dəqiq bilmədiyim, “Hacı dayı” dediyim Məmməd Ağakişiyevlə görüşdük. Hazırladığımız pulu Raufun gətirdiyi sarı paketin içinə qoyduq. Sonra onu Hacı kişiyə təqdim etdik. Bir müddət keçdikdən sonra bu işlə maraqlandım və öyrəndim ki, bizə qarşı dələduzluq edilib".

Prokurorun suallarını cavablandıran Ramin Quliyev əlavə edib ki, "Hacı dayı"nı şəxsən tanımayıb:

"Mən Ağakişiyev Məmmədi şəxsən tanımırdım. Onu qardaşım tapmışdı. O da özünü bizə Hacı dayı kimi təqdim etdi. Bildirdi ki, Bələdiyyə işçisidir. Azərbaycan xəritəsinin çertyojunu gözü bağlı çəkə bilər. Bizneslə məşğul olan adamdır. Biz də ona inandıq. Bizə pulun qarşılığında aldığımız torpağa sənəd-orden verəcəyini söylədi".

Daha sonra zərəçəkmiş Sevil Quluyeva ifadə verib. O ifadəsində bildirib ki, Məmməd Ağakişiyevlə Rauf Dadaşov vasitəsilə tanış olub:

"Mən Bakıxanovda ofisant işləyirdim. Orada Rauf müəllimlə tanış oldum. Rauf dəfələrlə kafenin müştərisi olub. Söhbət zamanı mənə dedi ki, bir adam var, mənə torpağımı sənədləşdirmək üçün kömək edə bilər. Mən vəfat etmiş qardaşımın torpağını sənədləşdirmək üçün istəyirdim.

Torpağın bələdiyyəyə məxsus olduğunu bilirdim, amma onun haqqında dəqiq məlumatım yox idi. Daha sonra getdim Kürdaxanı bələdiyyəsinə. Orada Ağakişiyevlə söhbət etdim. Dedi ki, 2 min manat pul qarşılığında torpağı mənim adıma sənədləşdirəcək. Bir həftə sonra maraqlandım və öyrəndim ki, pul ilə birgə yoxa çıxıb".

Digər şahidlərin dinlənilməsi üçün iclas 14 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Geri qayıt