Əsas Səhifə > Güney Press > Ölkə təhsilinin inkişafına növbəti töhfə
Ölkə təhsilinin inkişafına növbəti töhfə23-09-2024, 08:44 |
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan tarixində ilk dəfə olaraq, 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu əlamətdar günün qeyd edilməsi xüsusi önəm daşıyır. Bu gün ordumuzun göstərdiyi şücaət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində nail olduğumuz qələbə tarixidir. Belə ki, 2023-cü il 19-20 sentyabr tarixində ordumuzun başlatdığı antiterror əməliyyatları uğurla nəticələnmiş və Azərbaycan Respublikasının suverenliyi tamamilə bərpa edilmişdir. Prezident İlham Əliyevin məhz 20 sentyabr tarixində doğma Qarabağa, Xankəndi, Ağdam şəhərinə səfəri və bu səfər nəticəsində bir sıra açılışlar etməsi, mühüm məkanların yenidən bərpası üçün təməlqoyma mərasimlərində iştirakı bir daha göstərdi ki, Qarabağın əsl sahibi onu yenidən dirçəldən, qurub-yaradan Azərbaycan dövləti və Azərbaycan xalqıdır. Xüsusilə qeyd etmək istərdim ki, vaxtilə terrorçuların yuvasına çevrilmiş Xankəndi şəhərinə dövlət başçımızın səfəri nəinki Ermənistana, bütün dünyaya göstərdi ki, bura qədim Azərbaycan torpaqlarıdır. Beləliklə, Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin də açılışını etmiş oldu. Məhz Qarabğın təhsil mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Qısa müddət ərzində universitetin yeni tədris ilinə hazır olması, uzun müddət sonra ilk tələbələrini qəbul etməsi ölkəmizin öz sərvətlərinə daim diqqətlə yanaşdığının sübutudur. Belə ki, Prezident Qarabağ Universitetinin açılışı zamanı müəllim-tələbə kollektivi ilə də görüşmüş, onlarla fikirlərini bölüşmüş və hələ də ölkəmizə qarşı ədalətsiz fəaliyyətləri davam etdirənlərə qarşı həqiqəti və öz qəti mövqeyini bəyan etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı Dövlət Suverenliyi Gününün təsis edilməsi, Azərbaycan ordusunun qəhrəmanlığını diqqətə çatdırdı: “İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək. Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”. Bəli, 30 il keçməsinə baxmayaraq xalqımız işğalda olan torpaqlarını unutmadı, əksinə, onu işğaldan azad etmək, suverenliyimizi bərpa etmək üçün hər gün daha çox gücləndi, daha çox çalışdı. Torpaqlarımızı azad edən gənclərimiz vətən sevgisi ilə, vətənpərvərlik hissi ilə böyüdüldülər. Həmin gənclər vətənimizin ən çətin anında canlarından, doğmalarından keçərək, addım-addım bələd olmadığları, çətin relyefli Qarabağ torpağını işğaldan azad etməyə müvəffəq oldular. Bu qələbəyə sadəcə 44 gün ərzində nail olduq. Qısa müddət ərzində belə bir nailiyyət əldə edilməsi həm də xalqımızın kiçikdən - böyüyə ordumuza hər yolla dəstək olması, birlik olmasıdır. Digər bir səbəb də, təbii ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin hərb və siyasi müstəvidəki fəaliyyətləri, uğurları, qəbul etdiyi qərarlar, yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsidir. Beləliklə, bu qələbə Ordu, Xalq və Ali baş komandan birliyinin uğurlu nəticəsidir. 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatları Azərbaycanın gücünü, qüdrətini dünyaya göstərmiş oldu. Bu gün bu şanlı qələbə dünya tərəfindən öyrənilir və öyrədilir. Biz torpaqlarımızı işğal edən Ermənistan və onun havadarlarını unutmamalıyıq. Hər zaman vətən sevgisi, vətənpərvərlik yaşamalıdır. Prezidentin dediyi kimi, “Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var - ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Yenə də deyirəm, müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar”. Bu gün Qarabağda sürətli şəkildə bərpa-quruculuq işləri həyata keçirilir. Artıq çox sayda məcburi köçkünlər öz yurdlarına qayıtmış və bu davamlı şəkildə həyata keçirilir. Elə cə də yeni yaradılan Qarabağ Universiteti də bu işlərin bir hissəsidir. Prezident İlham Əliyev: “Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu”. Prezident Ilham Əliyev Qarabağın tarixini bir daha hər kəsin diqqətinə çatdırdı: Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndird. XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində idi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir”. Beləliklə, belə bir vaxtda Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişi ilə erməni terrorçularının qarşısın aldı. Azərbaycan müstəqilliyini əldə etdi. Bu gün artıq uzun müddətdən sonra erməni işğalçıları torpaqlarımızdan qovuldu, separatçılar, terrorçular artıq torpaqlarımızın bir qarışında da mövcud deyillər. Uzun illər sonra torpaqlarımızın hər qarışında Azərbaycan bayrağı dalğalanır, Azərbaycan əsgəri gəzir. Bu gün Azərbaycan tamamilə suveren, güclü, yenilməz, qüdrətli orduya malik dövlətdir. Gülər Baxışova Pedaqogika üzrə fəlsəfə doktoru Dia-az.İnfo Geri qayıt |