Əsas Səhifə > Güney Press, Ana xəbərlər > BELƏ HARA GEDİRİK?

BELƏ HARA GEDİRİK?


Bu gün, 07:16
BELƏ HARA GEDİRİK?
Ölkədə təxminən hər 6 nəfərdən 1-i şagirddir. Təhsil müəssisələrindəki şagirdlərin sayı 1,6 milyon nəfəri keçir. Amma birinci sinfə gedənlərin sayının hər il azaldığı diqqət çəkir. Bu il ilk pilləyə qədəm qoyanların sayı 133 min nəfərdən bir qədər azdır. Son illərin statistikası aşkar azalmadan danışır. Məsələn, 6 il əvvəl birinci sinfə 164 mindən çox uşaq gedirdi.
Bizimyol.info xəbər verir ki, məktəbə hazırlıq qruplarında 90 min 672 uşaq təhsil almağa başlayıb. Çox yüksək göstərici deyil. Belə nəticəyə gəlmək olar ki, gələn il birinci sinfə daha az uşaq gedəcək. Hərçənd, məktəbə hazırlıq qruplarında da hamıya yer tapılmadığı məlumdur.

Birinci sinif şagirdlərinin sayı hər il təxminən 5 faiz azalır. Bu gedişlə yaxın illərdə say 100 min nəfərdən də az olacaq. Əslində, çox təhlükəli tendensiya ilə üz-üzəyik. Əhalinin ümumi çəkisində yeniyetmələrin payının azalmasına doğru gedirik.

Azalmanın əsas səbəbi nədir?
Mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hər şeydən əvvəl uşaqlara sərf olunan vəsait artıb. Müasir valideynlər övladını hərtərəfli təmin etmək barədə daha çox düşünür. Təhsil imkanları geniş deyil, əksinə, xeyli məhdudlaşıb. Kənd yerlərində uşaqlara gün ağlamaq olmur. Abşeron yarımadasına köç uşaq sayının azalmasının əsas səbəblərindəndir. Çünki paytaxta pənah gətirən ailələr, adətən, kirayə mənzillərdə qalırlar, burada say artımını məqbul hesab etmirlər.

Bir sözlə, valideynlərin heç bir zəmanəti yoxdur. Onlar yaxşı təhsil, keyfiyyətli səhiyyə barədə düşünməli olurlar. Dövlət qurumları üzərinə düşəni yerinə yetirmir. Uşaq pulunun verilməməsi də ayrı zərbədir. Nəticədə doğum göstəriciləri aşağı düşür. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deyir.

Ümumiyyətlə, baş verənlər yaxşı gələcəkdən xəbər vermir. Ölkədə xüsusilə uşaqların qayğıya ehtiyacı var. Dövlət qurumları hər uşağın vacib ehtiyacları barədə düşünməlidir. Ortaya konkret proqram, konsepsiya qoyulmalıdır. Bir də gözümüzü açacağıq ki, əhali sayı azalmağa başlayıb.
Geri qayıt