Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır"

Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır"


Bu gün, 01:03
Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır"
Ölkə iqtisadiyyatı ilə bağlı əbəs yerə narahatlıq ifadə etmirik. Gələn ilin büdcə layihəsi göstərir ki, sabitlik pozulub və ümidlər böyük deyil. Sənəddə xam neftin bir barelinin qiyməti 70 dollardan əksini tapıb. Halbuki bu il göstərici 75 dollar idi. Görünür, hökumət böyük gözləntilər yaratmamaq qərarına gəlib. Çünki dünya bazarında neftin qiyməti çox aşağı düşüb.
Bizimyol.info xəbər verir ki, büdcə layihəsi maaşların və pensiyaların ciddi artımını gözləməməyi tövsiyə edir. Dövlət büdcəsinin xərcləri 75 milyon manata yaxın azaldılır. Düzdür, sosial müdafiə xərclərinin artırıldığı diqqət çəkir. Amma kəskin artım yoxdur, deməli, maaş və pensiyalar da çox böyüməyəcək.

Dövlət büdcəsi layihəsində 2025-ci ildə gəlirlərin 36,6 milyard manat olacağı proqnozlaşdırılır. Göstərici bu illə müqayisədə 228 milyon manat artır. Bilmək olmur ki, hökumət devalvasiya ehtimalını nəzərə alır, ya yox. Böyük ehtimalla nəzərə alınmır. Çünki dolların məzənnəsinin 1,7 manat qalacağı xüsusi qeyd olunub.

Müstəqil ekspertlər 36,6 milyard manatın dövlət büdcəsi üçün çox kiçik rəqəm olduğunu bildirir. Bu göstərici maaş və pensiyaların böyüməsinə də mane olur. Amma vəziyyətin yaxşılığa doğru dəyişmədiyini də bilirik. Nəinki neft, qaz gəlirləri də azalır. Bizim təbii qazdan gözləntilərimiz böyük idi. Amma ilin ilk 8 ayında azalma olub. Nə qədər bədbin düşünmək istəməsək də, sanki gözlədiyimizdən daha çətin mərhələyə qədəm qoyuruq. Neft qiymətlərinin qənaətbəxş olmaması, təbii qazın xeyli dəyər itirməsi ürəkaçan ola bilməz. İqtisadiyyatın enerji sektorundan çox asılı olması özünü göstərir.

Büdcə layihəsində müxtəlif təsnifatlarda yanlışlıq da diqqət çəkir. Məsələn, təqaüdlərin verilməsi sosial müdafiə xərcləri bölümünə aid edilir. Halbuki söhbət daha çox hökumətin vətəndaş qarşısında öhdəliyindən getməlidir. Bu halda təqaüdçüyə hər hansı lütf olunmur. İnsanlar bir ömür işləyirlər ki, qocalanda sakit yaşaya bilsinlər. Büdcə layihəsi isə buna zəmanət vermir. Belə görünür, gələn il də üzümüz çox gülməyəcək.
Geri qayıt