Əsas Səhifə > Güney Press > İran niyə bu qədər narahatdır?

İran niyə bu qədər narahatdır?


22-09-2024, 00:02
İran niyə bu qədər narahatdır?
“İran türk dünyasının vahid güc mərkəzinə çevrilməsindən narahatlıq keçirir”.

Bunu politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında İran İslam Respublikasının Zəngəzur dəhlizi ilə bağlı narahatlığını şərh edərkən bildirib.

O bildirib ki, iki əsas məsələ Tehranı ciddi şəkildə narahat edir:

“Birincisi, Zəngəzur dəhlizinin açılacağı təqdirdə yalnız Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında kommunikasiya xətlərin açılması deyil, həmçinin Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirəcək vahid kommunikasiya xətti üzərindən türk dünyasının inteqrasiyana yol açılacaq. Bu da rəsmi Tehran tərəfindən İranın gələcək təhlükəsizliyi üçün təhdid hesab olunur. İkincisi, İran Ermənistan üzərindən digər ölkələrə ticarət aparır.

Tehran hesab edir ki, əgər Zəngəzur dəhlizi açılarsa, İranın Ermənistan üzərindən digər ölkələrə daşıdığı yüklərin məxfiliyi üzə çıxacaq. Tehran yüklərin məxfiliyinin kənara çıxamasını istəmir. Məhz bu iki amilə görə İranın dövlət rəsmiləri Ermənistanla sərhəd ərazini özlərinin “qırmızı xətti” hesab edirlər. Halbuki İranı narahat edən bu iki məsələ reallığı əks etdirmir, absurd və məntiqsiz görünür.

Ona görə ki, türk dünyasının inteqrasiyasının qarşısını almaq mümkün olmayacaq və bu inteqrasiya davam edəcək. Zəngəzur dəhlizi məsələsinə gəlincə, bu dəhliz açılacaq. İranın mövqeyi heç bir şəkildə nəzərə alınmayacaq. İran nə qədər müqavimət göstərsə də, Zəngəzur dəhlizinin açılması qaçılmazdır”.

Politoloq qeyd edib ki, Rusiya, İran və Qərb ölkələri Zəngəzur məsələsində Azərbaycanın mövqeyini nəzərə almalıdırlar:

“Zəngəzur dəhlizinə Rusiya və ya Qərbin nəzarət etməsi rəsmi Bakının mövqeyindən asılı olacaq. Əgər Ermənistanın ərazisindən keçən dəhlizə nəzarət etməkdə iddialı olan ölkənin yürütdüyü siyasət Azərbaycanın maraqlarını uyğun olmayacaqsa, bu dəhlizin açılması təxirə salınacaq. Yəni rəsmi Bakı həmin ölkənin dəhlizə nəzarət etməsinə imkan verməyəcək. Seçim rəsmi Bakının əlindədir”.

Geri qayıt