Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Dəhliz gündəmi dəyişir: Rusiya İranla anlaşdı

Dəhliz gündəmi dəyişir: Rusiya İranla anlaşdı


Bu gün, 09:56
Dəhliz gündəmi dəyişir: Rusiya İranla anlaşdı
Zəngəzur dəhlizi ilə bağlı məsələlərə region dövlətlərinin, habelə beynəlxalq güclərin mövqelərində olan fərqli yanaşmalar onların geosiyasi maraqlarından irəli gəlir. Ermənistan Zəngəzur dəhlizinin 2020-ci ilin 10 noyabr razılaşmasının 9-cu bəndi ilə fəaliyyətini nəzərdə tutan məlum bəndinin icrasından boyun qaçırır. Halbuki, 4 il əvvəl Azərbaycan və Rusiya ilə birgə bu razılaşmaya imza atıb. Eyni zamanda öhdəlik götürüb. Məlum razılaşma isə Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın sərhədçiləri tərəfindən həyata keçiriləcəyini ehtiva edir. Rəsmi İrəvanın məsələyə münasibətindəki bu mövqe dəyişikliyi ona Qərbdən olan bəlli təzyiq və sifarişlərlə bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi Rusiya ilə münasibətlərin məzmun və mahiyyətindən çıxış edərək Rusiyanı dəhlizdən kənarda saxlamağa çalışırlar:

“Rusiyanın regiondan sıxışdırılıb çıxarılması onların geosiyasi gedişlərinin əsas qayəsini təşkil edir. Bundan əlavə orta dəhlizlə bağlı Qərbin məlum mövqeyi Çinin "Bir kəmər bir yol" layihəsinə qarşı düşünülmüş gedişdir. Ermənistan iqtidarı birmənalı şəkildə Qərblə öhdəliklər ilə bağlı olduğundan o dəhliz və ümumiyyətlə, regionun təhlükəsizliyi ilə bağlı məsələlərə münasibətdə fərqli mövqe sərgiləyə bilmir. Azərbaycan dövləti regionun təhlükəsizlik problemlərinin həllinə özünün milli maraqları kontekstindən yanaşır. Eyni zamanda region dövlətləri ilə əməkdaşlığın 3+3 formatı çərçivəsində dərinləşməsinin tərəfdarıdır. Bu layihə isə regionun bəlli problemlərinin həllinə kənar qüvvələrin müdaxiləsini məqbul bilmir. Rəsmi Bakı Ermənistandan fərqli olaraq müstəqil siyasət yeridir və çoxşahəli fəaliyyət prinsiplərinə əsaslanır.

Hazırda Bakı və İrəvan arasında dəhlizin beynəlxalq özəl şirkətin nəzarəti altında fəaliyyəti ilə bağlı danışıqlar gedir. Bu təkliflə erməni tərəfi çıxış edib və təklifin əsas ideya sahibinin Qərb olduğu bəllidir. Bununla belə rəsmi Bakı konstruktivlik nümayiş etdirərək bu təklif ətrafında danışıqlardan imtina etmir. Məqsədsə Qərbin gerçək maraqlarına bir daha aydınlıq gətirilməsidir. Region dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi önəm verən rəsmi Bakı dəhlizə beynəlxalq özəl şirkətin nəzarəti ilə bağlı digər dövlətlərin mövqelərində olan baxışları diqqətdə saxlayır”.

Politoloq bildirib ki, İran dəhlizə Qərblə bağlı beynəlxalq özəl şirkətin nəzarətinə yol vermək istəmir:

“Bilavasitə o, bu layihə vasitəsilə Qərbin regiona daha güclü şəkildə nüfuz edəcəyindən ehtiyat edir. Moskva Tehranın bu baxışlarını bölüşdürür, bununla belə dəhlizə Rusiya tərəfinin də nəzarət məsələsinə rəsmi Tehranın münasibəti birmənalı deyildi. Görünür, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bir müddət əvvəl Tehrana olan səfəri zamanı İran hökumətini bu məsələdə əməkdaşlığa sövq edə bilib. Söhbət münasibətlərdəki etimad amilindən gedir. Azərbaycan Ermənistandan fərqli olaraq Rusiya ilə münasibətlərini okeanın o tərəfinə boylanaraq qurmur. Azərbaycan hakimiyyəti siyasi iradə və qətiyyət nümayiş etdirir. Onun Rusiya ilə münasibətlərin genişləndirilməsi istiqamətində addımları yüksək tərəflər arasında bir-birinə olan etimadın göstəricisidir.

Əvvəla rəsmi Bakı Ermənistandan fərqli olaraq öz imzasına həmişə hörmətlə yanaşır. Beynəlxalq aləmdə ona olan yüksək etimad da bundan irəli gəlir. Digər tərəfdən Azərbaycan Rusiyanın regiondan uzaqlaşdırılması ilə bağlı Qərbin təklif etdiyi geosiyasi məzmunlu oyunlarda heç vaxt tərəfdaş olmayıb. Buna sübut kimi Rusiyaya qarşı sanksiyalarda yer almayıb. Rəsmi Bakı "Rusiya region dövlətidir" açıqlaması ilə Qərbdəki bəlli dairələrə də ismarışlarını verib. Digər tərəfdən Rusiya və İran arasında dəhlizlə bağlı razılaşmaların fonunda rəsmi Bakı region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın prinsiplərindən çıxış edərək qərar tutacaq. Qərbdən fərqli olaraq rəsmi Bakı Çinin "Bir yol, bir kəmər" layihəsini dəstəkləyir. Bu mənada Çinlə strateji əməkdaşlığın daha da dərinləşdirilməsi maraqları kontekstində mövqe sərgiləyəcək. Ermənistanla 10 noyabr razılaşmasının şərtlərinə imza atarkən Bakı təmas xəttinə Rusiya sülhməramlılarından ibarət hərbi kontingentin gətirilməsinə razılıq vermişdi. Baxmayaraq ki, bu Qərbdə ciddi narazılıq doğurmuşdu. Qərb, konkret olaraq Britaniyanın Bakıdakı fövqəladə səfiri hətta onların beynəlxalq sülhməramlı qüvvələrlə əvəzlənməsi təklifləri ilə çıxış edirdilər.

Bununla belə rəsmi Bakı öz mövqeyində qaldı. Hadisələrin sonrakı axarı da həmışə olduğu kimi Azərbaycan prezidentinin siyasi uzaqgörənliyinin növbəti dəfə göstəricisi oldu. ABŞ konqresmenləri iddia ediblər ki, Qarabağda yaşamış ermənilər guya zorakılığa məruz qalaraq köç edib. Bu qərarı qəbul etmələri ilə bağlı müzakirələr göstərir ki, Qərbdə bəlli dairələrdə Azərbaycan dövləti ilə münasibətlərdə qərəz qalmaqdadır”.

Geri qayıt