Əsas Səhifə > Güney Press > “Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir...

“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir...


Bu gün, 17:58
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir...
Bildiyimiz kimi, özünü türk, azərbaycanlı adlandıran İran prezidenti Məsud Pezeşkian ayrı-ayrılıqda dünən – sentyabrın 19-da Ermənistan Prezidenti Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyana məktub göndərərək, Ermənistanın müstəqilliyinin ildönümü və respublika günü münasibətilə təbriklərini çatdırıb. Məktubda Məsud Pezeşkian erməni həmkarına iki dost və qonşu ölkə arasında əlaqələrin qarşıdakı dövrdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.
İran prezidenti Nikol Paşinyana məktubunda belə yazıb:
“İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən bəri iki ölkə bir-biri ilə mehriban qonşudur. Uğurlu haldır ki, iki ölkə arasında münasibətlər çoxşaxəli, hərtərəfli, güclü və sabitdir və gündən-günə inkişaf edir”.

Görəsən, azərbaycanlı prezidentin bu addımını obyektiv olaraq necə dəyərləndirmək olar?

Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:

“Məlumdur ki, İranda hər kəs fars şovinizmi deyilən bir xəstəliyə yoluxubdur. Ən azı yüz ildir ki, yəni Pəhləvilər rejimi orada bərqərar oldandan fars şovinizmi bir növ dövlət ideologiyasına çevrilib. İnsanlar gözlərini açandan məktəbdən universitetlərədək, iş yerlərinədək – hər yerdə o təbliğatın təsiri alıtındadırlar. Ona görə də yaşa dolandan, ölkədə müəyyən siyasi mövqe sahibi olandan sonra da o bəladan qurtula bilmirlər. Keçmiş SSRİ –də də oxşar bir gözərgörünməz rus şovinizmi mexanizmi vardı və istənilən adam özündən asılı olmayaraq həmin mexanizmi ya nəzərə alrıdı, ya yanından yan keçməyə çalışırdı və yaxud çalışırdı ki, onun mənfi təsirindən uzaq olsun. Bəziləri isə bunu xoşlayırdı. Çünki uşaqlıqdan, uşaq baxçasından təbliğat gedirdi və hamı onun təsiri altında idi və böyüyəndə də bəziləri ondan öz şəxsi maraqları, karyerası üçün istifadə edirdi. Amma əksəriyyət başa düşürdü ki, bu “kommunizm”-filan nağılları boş şeydir. Lakin çoxları məcburiyyət qarşısında totalitar rejimin tələblərinə uyğunlaşırdı. Bu gün İranda da, hesab edirəm ki, oxşar bir vəziyyətdir. Oradakı soydaşlarımız – Azərbaycan türkləri də hakim ideologiya ilə hesablaşmağa məcburdurlar. İranda – Güney Azərbaycanda Azərbaycan türklərinin öz ruhi hisslərini, ürəklərindən gələn mövqelərini yalnız Təbrizin “Traktor sazi” futbol komandasının oyunları zamanı nümayiş etdirə bilirlər. Futbol maçtlarında da soydaşlarımız öz qəlblərindən keçənləri ona görə açıq şəkildə ifadə edə bilirlər ki, orada tək-tək insanları nəzarətdə saxlamaq və cəzalandrımaq çox çətin bir məsələir. Yəni tutaq ki, 30-40 min adam stadionda bir yerdə “Azərbaycan” deyə hayqırırsa, Azərbaycan milli ənənələrinə uyğun işarələr göstərirsə, şüarlar səsləndirirsə, bu bir kollektiv mövqe və çıxış olduğuna görə hamını cəzalandırmaq mümkün olmur. Odur ki, bu amildən yararlanan azərbaycanlılar həm Güney Azərbaycan, həm də quzeydəki Azərbaycan Respublikası haqqında, eyni zamanda Türkiyə, türk dünyası barədə də fikirlərini, arzularını açıq şəkildə bildirirlər. Soydaşlarımız qalan yerlərdə eyni fikirləri söyləməkdən çəkinirlər. Yəni burada gerçək, obyektiv səbəblər var. Bu mənada bu yaxınlarda seçkilər vasitəsilə prezident seçilmiş doktor Məsud Pezeşkian da adi həyatda özünü Azərbaycan türkü kimi aparır, öz kökünü-soyunu da, tarixi də yaxşı bilir. Yaxşı bilir ki, İran əslində Azərbaycan dövlətidir. İran adı sonradan yapışdırılmış bir qondarma addır. Hətta deyərdim ki, ölkənin ali dini lideri Əli Xamneyi də bu məsələləri bilir. Çünki ola bilməz ki, onlar bir düşüncəli, bilikli, tarixlə, siyasətlə dərindən maraqlanan, hər yerdən, hər çeydən yetərincə məlumatlı siyasət adamları kimi bunları bilməsinlər. Gözəl bilirlər ki, Pəhləvilərədək bu dövlət faktiki bir Azərbaycan dövləti olub. Sadəcə, ali dini lider də, prezident də, digər yüksək vəzifəli şəxslər də rejimin tələblərinə, müəyyən postulatlarına, tezislərinə uyğun, onların çərçivəsində fəaliyyət göstərməyə və çıxış etməyə çalışırlar. Ən azından siyasətdə, tutduqları vəzifədə və yaxud elm dairəsində qalmaq üçün...

Konkret olaraq Pezeşkianın Paşinyana məktubundakı açıqlamalar da bu mənada hesab edirəm ki, tamamilə yalandır. Yəni İran təbliğatı bütövlükdə, o cümlədən Ermənistanla münasibətləri də yalan üstdə qurulub. Deyirlər ki, biz qədimdən Ermənistanla əməkdaşlıq etmişik. Qədim erməni dövləti nə vaxt olubdur ki, İran deyilən dövlət də onlarla yaxınlıq etsin. Təbii ki, 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaları da fars şovinizminin bir göstəricisidir ki, Azərbaycanın acığına ermənilərlə münasibətləri xoş göstərsinlər... Əslində mən hesab edirəm ki, Pezeşkian da öz qəlbində Azərbaycan türkçülüyünə, azərbaycançılığa xidmət edən bir insandır. Sadəcə dediyim kimi o da buna məcburdur. Və məcburiyyət qarşısında fars şovinizminin tələblərinə uyğun davranaraq Ermənistan hökumət başçısını təbrik etməyə və məlum tezisləri, şablonları ifadə etməyə məcburdur. Yəni burada Azərbaycana qarşı erməni faktoru qoyulur. Amma “Ermənistanla qonşuluq münasibətləri davam edəcəkdir” kimi ifadələr boş və mənasız sözlərdir. Bir sözlə, hesab edirəm ki, bütün bunlar Pezeşkianın özünün mövqeyi deyil. Sadəcə o, İrandakı ideoloji durumnun girdabında, əsirliyindədir. Müəyyən ifadələri o şəkildə işlətməyə məcburdur...

Bütün bunlarla belə, hesab edirəm ki, getdikcə də İranın Azərbaycan xarakteri özünə qayıtmaqdadır. Yəni 100 il öncə zorla, çevriliş yoluyla üsyan, çevriliş yoluyla Qacarları hakimiyyətdən devirdilər və fars şovinizmiylə silahlanmış pəhləvilər hakimiyyətə gəldi. Hazırda nisbətən dinc yolla əks proseslər gedir. Orada artıq hər kəs başa düşür ki, İranda üstün olan Azərbaycan amilidir. Azərbaycan türkünün prezident seşilməsi də təsadüfi deyil. Və böyük ehtimalla çox da uzaq olmayan gələcəkdə İranda bütövlükdə siyasi proseslər də Azərbaycan faktorunu nəzərə almaqla gedəcək...”

Geri qayıt