Əsas Səhifə > Güney Press > Suverenliyin bərpası üçün

Suverenliyin bərpası üçün


Bu gün, 14:02
Suverenliyin bərpası üçün
Azərbaycan silahlı qüvvələrinin Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından bir il ötür.

Sentyabrın 19-20-si bir ildir ki, Azərbaycan tarixində xüsusi əlamətdar günə çevrilib. Çünki antiterror əməliyyatı Azərbaycan dövlətinin bütün ərazilərində suverenliyini bərqərar edən bir hadisədir. Bir ildir ki, 35 il davam edən erməni separatizminə, “Miatsum” ideologiyasına son qoyulub. Artıq Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan bayrağı dalğalanır. Ermənilər isə buna görə nə Azərbaycan dövlətini, nə də azərbaycanlıları qınaya bilər.

İlk növbədə ona görə ki, antiterror əməliyyatının keçirilməsinə erməni separatçılarının təxribatları şərait yaradıb. 2020-ci ildə Azərbaycan Ordusu işğal altındakı əraziləri azad etdikdən sonra 10 noyabr Bəyanatını imzalayıb əməliyyatları davam etdirməməyə razılıq verdi.

Azərbaycan bundan sonrakı prosesi sülh yolu ilə müəyyən etməyi təklif etdi. Yəni Ermənistana sülh müqaviləsi imzalamaq, regional əməkdaşlıq, Qarabağda yaşayan erməni sakinlərə isə reinteqrasiya çağırışı edildi. Rəsmi Bakı ermənilər və azərbaycanlılar arasında on illərlə davam etmiş münaqişənin dinc dövrə daxil olması üçün qarşı tərəfə bir şans verdi. Amma nə Ermənistan, nə də Qarabağdakı ermənilər bu fürsəti dəyərləndirmək istədi.

Hətta Azərbaycana qarşı düşmənçilik, nifrət hissindın imtina edə bilməyən ermənilər Bakıdan göndərilən ərzaq yardımı da qəbul etmədi. Ona görə də bölgədə artan gərginlik hərbi xuntanın ləğvi üçün əməliyyat keçirilməsini qaçılmaz edirdi.

Əslində, Azərbaycan 10 noyabr Bəyanatının imzalanmasından sonra bütün öhdəlikləri yerinə yetirməklə bölgədə münaqişənin qarşısını almağın tərəfdarı olub.

Laçın-Xankəndi yolunun qısa müddətdə və yüksək standartlara uyğun inşası, Ermənistandan ərzaq məhsullarının Qarabağa daşınmasına şərait yaradılması, erməni əsilli sakinlərin müalicə üçün Ermənistana aparılmasına yardım göstərilməsi bölgədə sülhün qərqərar olmasına hesablanmış addımlar idi. Lakin ermənilər Azərbaycanın bu humanizmindən də öz məkrli niyyətlərini həyata keçirmək üçün sui-istifadə etdi.

Azərbaycanın çəkdiyi yolla Qarabağa gah silah və mina daşıdılar, gah da terrorçu. Çünki “erməniçilik” deyilən bir anlayış var və onun mahiyyəti yaxşılıq edəni arxadan vurmaqdan ibarətdir. 44 günlük müharibədən sonra Azərbaycanın sülh danışıqları, sərhədlərin açılmasını təklif etməsinə baxmayaraq, Ermənistan 10 mindən artıq qanunsuz silahlı birləşməni Qarabağdan çıxartmaq istəmədi.

Azərbaycan Qarabağda yaşayan ermənilərə vətəndaşlığı qəbul etmək, başqa azsaylı xalqlarla eyni hüquqların verilməsini, sosial güzəştlər vəd etdi. Amma ermənilər Azərbaycan Ordusunun mövqelərinə silahlı basqınlar təşkil etdi, Ağdərədəki qızıl və mis mədənlərindən çıxan təbii sərvətləri oğurlayıb qaçaqmalçılıq yolu ilə Ermənistana daşıdılar.

Bütün bunlar azmış kimi, yollara mina basdırıb Azərbaycan polislərinin, əsgərlərinin şəhid olmasına səbəb oldular. Ona görə də Azərbaycanın antiterror əməliyyatına başlamaqdan başqa yolu yox idi. Ermənilər isə Qarabağdan könüllü köçüb getdilər. Çünki Qarabağ onların tarixi vətəni deyildi.

Onlar Qarabağa sonradan köçürülmüşdü, gəlmə idilər. Azərbaycanlılarla birgəyaşayışdan imtina edib 30 il işğal altında saxladıqları özgə evini tərk etdilər. Hətta köçməklə bağlı qərarı özləri verdiklərini, onları buna kimsənin məcbur etmədiyini bu gün də deyirlər. Azərbaycan dövləti isə həmin torpaqlarda suverenliyini bərqərar etdi.

Xocalıdan, Xankəndidən, Laçından, digər ərazilərdən qovulanlar öz evlərinə qayıdır, həyat yenidən dirçəlir. Sadəcə, burada bir fərq var. Azərbaycanlılar öz yurdlarını ermənilərin törətdiyi etnik təmizləmə və soyqırım nəticəsində tərk etmişdilər. Ermənilər isə evlərini Azərbaycan dövlətinin ərzaq yardımı, xoş münasibəti ilə yola salındı. Üstəlik, onlara evlərinə qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edildi, portal açıldı.

Lakin erməni xislətinin bu yaxşılığa cavabı portalı blok etmək oldu. Azərbaycan xalqı isə erməni separatizminin xarabalıqları üzərində Dövlət Suverenliyi Gününü qeyd edir. Bu, müasir Azərbaycanın tarixində ən şanlı səhifələrdən biridir. 35 il separatçı-terrorçu rejimə başçılıq edib Azərbaycan xalqının qətliam edənlər də bu bayramı Bakıda saxlandıqları təcridxanada çay içməklə qeyd edəcək.

Yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq Qukasyan, Babayan, Saakyan, Mnasakanyan, Vardanyan, Arutunyan, İşxanyan, Beqlaryan kimiləri Azərbaycana qarşı törətdikləri cinayətə görə cavab verəcəklər.

Müşfiq Abdulla
"Cebheinfo.az"

Geri qayıt