Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür”

"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür”


Bu gün, 09:34
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür”
Politoloq Cümşüd Nuriyev Cənubi Qafqazdakı son geosiyasi gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yaxın günlərdə İranda oldu. Səfərdən sonra Tehranın rəsmi agentlikləri yazdı ki, Şoyqu iranlı həmkarı Əli Əkbər Əhmədiyanla danışıqlar zamanı İranın dəhlizlərlə bağlı siyasətini dəstəklədiklərini təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyi isə bundan öncə bəyan etmişdi ki, İran yollarla əlaqədar Moskvanın mövqeyini başa düşüb. Nə baş verir?

- Hazırda Rusiyanın xarici siyasətində qeyri-müəyyənlik var. Putin, Peskov Lavrov bir söz deyir, Şoyqu ayrı – bu, xarici siyasətin düzgün qurulmaması ilə bağlıdır. Rusiya imzaladığı 10 noyabr bəyanatına hörmət eləməlidir. Həmin sənəddə göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. İndi bir türkəsilli bir şəxsin - Şoyqunun belə etməsi anlaşılan, İranın mövqeyini dəstəkləmək siyasi baxımdan düzgün deyil. Görünən budur ki, hələlik dəhlizin İran ərazisindən keçməsini istəyirlər. Yəni Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsinin yaranmasını istəmirlər. Bu, gələcəkdə Turanın yaranmasına mane olan gedişdir.

İranla yanaşı, Rusiya da Turan layihəsini gündəmdən çıxarmağa çalışır. Amma bu, Çinin maraqlarına uyğun olduğuna görə, Rusiyanın bu cəhdləri alınmayacaq. Rusiya belə addım atmamalıydı. Amma inanıram ki, Prezident İlham Əliyev bundan da çıxış yolu tapacaq.

- Ermənistan təklif edir ki, Zəngəzur dəhlizinə beynəlxalq özəl şirkət nəzarət eləsin, ortada bir də Rusiyanın nəzarətini ehtiva edən 10 noyabr anlaşması var. Bu variantlardan hansı Azərbaycan üçün məqbuldur?

- Heç biri Azərbaycan üçün məqbul variant deyil. Necə olur ki, Rusiya Kalininqradla əlaqəsi üçün heç bir beynəlxalq təşkilata ehtiyac duymur, amma bizim üçün olsun? Bu dəhlizdir, buradan yola düşən qatar bir də Naxçıvanda dayanacaq. Gələcək də İrəvanla da aramızda belə olacaq. Hər şey qarşılıqlı olmalıdır, həmin sənədə Azərbaycanla yanaşı, Rusiya və Ermənistan da qol çəkib.

Ermənistana gəlincə, Paşinyan hər dəqiqə arvad kimi küsüb gah ora, gah bura qaçır – Rusiyanı Amerikayla, Amerikanı da Rusiyayla hədələyir. Amma heç kim siyasətdə qeyri-stabilliyi sevmir. Mövcud mənzərə göstərir ki, Paşinyan da qeyri-stabildir. Ermənistanın heç bir ixtiyarı yoxdur ki, o dəhlizi hansısa özəl bir quruma versin. Bilmirəm, Ermənistan düşünüb danışır, ya yox.

Bəli, 10 noyabr sənədinə görə, dəhlizə Rusiya sərhədçiləri nəzarət eləməlidir. İndi Ermənistan imzaladığı bu sənədə hörmət etmir. Hansı rəhbəri Paşinyana nə deyirsə, onu edir. Paşinyan qeyri-ciddi adamdır, eyni anda həm Rusiya, həm Fransa, həm də ABŞ-la flört edir. Bu adamın təyinatı bəlli deyil. Paşinyana “siyasətin transgenderi” də demək olar, başqa ad tapa bilmirəm – nə "qadındır", nə də "kişi". Siyasətdə beləsini sevmirlər.

- ABŞ yenidən fəallığını artırıb. Dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngindən sonra Vaşinqtondan Bakıya nümayəndə heyəti gəldi. ABŞ-ın fəallığı nə ilə bağlıdır? Məsələn, sülh müqaviləsi və dəhliz üzərindən nə kimi hədəfləri ola bilər?

- Amerikanın məqsədi Ermənistan vasitəsilə bölgəyə girmək, Rusiyanı buradan sıxışdırıb çıxarmaq, Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma yaratmaqdır. Bu işdə onlara İran kömək edir. Bu işi Fransanın əliylə görürlər. Təsadüfi deyil ki, Xomeynini, indiki dini rejimi hakimiyyətə Fransa gətirmişdi. İranla Fransanın münasibətləri indi də yaxşıdır. Pezeşkian gələndə çoxları elə bilirdi ki, yaxşı şeylər olacaq. Amma əvvəldən bilinirdi ki, Tehranın siyasətindən kənara çıxmayacaq. Pezeşkianın türk olduğunu deyirdilər, amma göründü ki, türk deyil, tamam başqa bir şeydir. Bu, İranın siyasətidir.

Başqa sözlə, ABŞ bölgəyə girmək istəyir. Üstəgəl, qarşıdan seçkilər gəlir, silah ticarətçiləri də Demokratların yanındadır. Adları “Demokratlar” olsa da, müharibə tərəfdarlarıdır. Demokratlar müharibə partiyasıdır. Qorxurlar ki, Tramp gələcək, müharibələr dayanacaq və biznesləri batacaq.

Dünyanın hər yerində ABŞ üçün birinci iqtisadi, sonra siyasi maraqlar gəlir. ABŞ həmişə bir əliylə tumarlayır, biri əliylə də kürəyində bıçağı sancmaq üçün yer axtarır. Amerika həmişə kimi qucaqlayırsa, o məhv olur. Buna görə də, ona nə yaxın, nə də uzaq dayanmalıyıq, təhlükəsiz məsafədə durmalıyıq. Zaman göstərəcək ki, ABŞ bölgəyə xoş niyyətlə gəlmir. Qarşıdakı seçkiləri udmaq və Qafqaza girmək üçün fəallaşıblar. Azərbaycan Amerikada qurulan təxribatçı planlara getməyəcək.

- Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Ermənistana münasibətdə Marşal planı hazırlanır. Ölkə rəsmi bəzi dövlətlərin Ermənistana yardım və dəstəklərinə də diqqət çəkdi. Maraqlıdır: Ermənistanın bölgədə hərbi cəhətdən güclü olmasını istəyənlərin hansı məqsədləri var?

- Marşal vaxtilə ABŞ-ın dövlət katibi olub. Dünya müharibəsindən sonra Marşal Almaniya və Avropanın ikimərhələli bərpa planını irəli sürmüşdü. Hədəf Avropada dağılmış infrastrukturu bərpa etmək idi. Hikmət Hacıyevin açıqlaması kifayət qədər ağıllıdır. Bəzi Qərb dövlətləri Ermənistanı hərbi cəhətdən bərpa etməyə çalışırlar. Əslində, bu, oxşatmadır. Ermənistan sürətlə Fransa, ABŞ, İran, Hindistan, eləcə də gizli şəkildə Rusiya tərəfindən silahlandırılır. Məqsəd yenidən müharibəni qızışdırmaq və Ermənistan-Azərbaycan qarşıdurmasından yararlanmaqdır. Bunu etmək istəyənlərin həm siyasi, həm də iqtisadi maraqları var, yekun hədəf də bölgəni nəzarətə götürməkdir.

Xristian həmrəyliyi ilə hərəkət edirlər, amma başa düşmürlər ki, Azərbaycan Prezidenti kifayət qədər peşəkar siyasətçidir, bu cür təxribatlara uymayacaq.

- Böyük Britaniya xarici işlər naziri Devid Lemmi Azərbaycanın Qarabağı azad etməsini dəstəklədi. Krallığın baş diplomatı söylədi ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib. Üstəgəl, Britaniya Məxfi Kəşfiyyat Xidmətinin baş direktoru Riçard Mur da yaxınlarda Bakıda olmuşdu. Londonun bu gedişləri nədən xəbər verir?

- İngiltərə həmişə Azərbaycanı dəstəkləyib. İngiltərə İkinci Qarabağ Müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana açıq dəstəyini bildirmişdi. İndi də bu ölkə ilə münasibətlərimiz olduqca yüksək səviyyədədir. Bu siyasətin əsası Ümummilli lideri Heydər Əliyevin zamanında qoyulub. Azərbaycanın ən böyük enerji müqaviləsində BP-nin də böyük yeri var. BP Azərbaycana ən çox sərmayə qoyan xarici şirkətlərin başında dayanır. O, dünyanın ən güclü şirkətlərindən biridir. İngilislər həmişə öz maraqları olsa belə, sədaqəti çox sevirlər. İngilislər həmişə fransızlardan fərqli olaraq, dostlarına sədaqətli olurlar. Bu baxımdan, İngiltərə xarici işlər nazirinin açıqlaması və dəstək mesajı anlaşılandır. Azərbaycanla çox yaxşı münasibətləri var.

Azərbaycan olaraq İngiltərəyə təşəkkür edirik ki, bizi bu meydanda tək qoymur. Dünya ən güclü milli fraksiyalardan biri anqlo-sakslardır. Əlbəttə, onların da öz maraqları var, amma bu maraqlar bizim maraqlarımızı tapdalamır. Buna görə də, ingilislərlə münasibətlərimizi yüksək səviyyədə saxlayırıq və saxlayacağıq. Niyə bizim yanımızda olanın yanında olmayaq?

Geri qayıt