Əsas Səhifə > Güney Press > Benzini bahalaşdırmaq tıxanan yolları açmır

Benzini bahalaşdırmaq tıxanan yolları açmır


Dünən, 14:49
Benzini bahalaşdırmaq tıxanan yolları açmır
Məktəblərin açılması ilə Bakıda nəqliyyat problemi yenə özünü büruzə verdi. Özü də dəhşətli tıxaclarla. Nəqliyyat sahəsində aparılan taksi islahatından sonra belə bir vəziyyətin yaşanacağı bəlli idi. Şəxsi avtomobillərdən istifadə etmək çətinləşib. Sürücülər xüsusilə yeni cərimələrdən və saatlarla tıxacda qalıb, yubanmaqdan ehtiyat etdiklərindən, ictimai nəqliyyata üz tuturlar. Metroda havasızlıq, sıxlıq və antisanitar vəziyyət təhsil müəssisələrinin fəaliyyətə başlamasından sonra daha da artıb. Ayaq altda qalanlar, əzilənlər, relslərə yıxılmaq təhlükəsi ilə üzləşənlər... Siyahını beləcə uzatmaq da olar. Digər tərəfdən, yollardakı tıxacların əsas səbəblərindən biri velosiped zolaqlarıdır. Hansı ki, yolboyu bu zolaqları bomboş görmək mümkündür. Yolun sağ tərəfində boş, istifadəsiz bir yol var, sol tərəfdə kilometrlərlə uzunluqda tıxaclar saatlarla davam edir.
Arzuman Hacıyev yazır ki, 4 dəqiqəlik yola 45 dəqiqə vaxt sərf edib: "Bu gün dəhşət idi. Təsəvvür edin ki, Təzə bəy hamamından düşüb, sola dönüb, yenidən Qış parkı istiqamətinə qalxmağa - hansı ki, normal vaxtda 3-4 dəqiqə vaxt kifayət edər - bu qədər qısa məsafəyə 45 dəqiqə vaxt sərf etmişik".

Reallıq budur ki, nəqliyyat məsələsi artıq ciddi və xaotik vəziyyət almağa başlayır. Təəssüf ki, ciddi bir mexanizmi yaradan qurum və ya alternativ həll yolları təklif edən bir təşkilat yoxdur. Bu problem benzini bahalaşdırmaq və ya nəqliyyat vasitələrinin gətirilməsinə görə rüsumu artırmaqla həll ediləsi məsələ deyil.

Həmçinin, şəhərdə kirayə qiymət balansı da pozulub. İş yeri və məskunlaşma üçün kənddən şəhərə axın, eləcə də tələbələrin istiqaməti şəhər kənarına çox ciddi mərkəzləşmiş axın yaradıb. İş yerləri isə əksərən mərkəzdədir. Dövlət müdaxiləsi monopoliyanı zəiflətməlidir. İş yerində sənədləşmə əsasında kirayə verilməlidir və qiymət standart olmalıdır. Çünki vətəndaş Sahil qəsəbəsində yaşayır, amma iş yeri Neftçilərdədir.

Mətin Şükürlü, Bizimyol.info

Geri qayıt