Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ermənistan KTMT-ni NATO ilə əvəzləməyi hədəfləyirsə, bu da mümkün deyil

Ermənistan KTMT-ni NATO ilə əvəzləməyi hədəfləyirsə, bu da mümkün deyil


Dünən, 08:54
Ermənistan KTMT-ni NATO ilə əvəzləməyi hədəfləyirsə, bu da mümkün deyil
Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır: “Ermənistan KTMT-yə qayıtmağa cəhd edir, yoxsa qayıtmağı düşünür? Yalnız qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Təşkilat qarşısında qaldırdığımız suallara cavab verilməlidir. Bu cavablar səslənənə qədər Ermənistan hər ötən an KTMT-dən daha da uzaqlaşır. Aviasiyada “geri dönüş olmayan nöqtə” ifadəsi var. Əgər bu nöqtəni hələ keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüşü olmayan bu nöqtəni keçəcəyimiz ehtimalı yüksəkdir. Heç kimin bizi bununla bağlı ittiham etmək üçün qanuni əsası olmayacaq”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Nikol Paşinyanın KTMT-ni qiymətləndirməsi ilə qəti şəkildə razılaşmır, təşkilat respublikanın suverenliyinə heç bir təhlükə yaratmır: “Cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”. Peskov bəyan edib ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və etdirəcək: “Ermənistanla əlaqələri davam etdiririk və etdirəcəyik. Təbii ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır”.
KTMT baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır. O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən silsilə birgə təlimlərində iştirak etməyiblər. Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır: “Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”.

Politoloq Əli Oruclu "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri N.Paşinyan ikili oyun oynayır. Ekspertin sözlərinə görə, bir tərəfdən Rusiyanı Ermənistanın yaxın dostu, strateji və tarixi müttəfiqi adlandırır, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayır. Digər tərəfdən isə Qərbin regionda güclənməsinə region dövlətlərinin maraqlarına zidd addım atır:

"Moskvanın rəqibi və hazırda düşməni kimi səciyyələndirilən NATO ilə hərbi təlimlər keçirir, onun silahları ilə silahlanır. Bu ziddiyyətlər, təbii ki, Cənubi Qafqazda gərginliyi artırır və böyük güclərin mübarizə meydanına çevirir. Ermənistan təhlükəsizlik çətirini Qərbin simasında görməsi səhv yanaşmadır və böyük risklər yaradır. Əvvəla ona görə ki, Rusiya özünün yaratdığı və forpostu olan dövləti kənar güclərə verməz. Rusiyanın özünün də Cənubi Qafqazda strateji maraqları var. İkincisi, Rusiyadan və region ölkələrindən kənar Ermənistanın mövcudluğu şübhə altına düşər. Əgər Ermənistan KTMT-ni NATO ilə əvəzləməyi hədəfləyirsə, bu da mümkün deyil. Buna həm region dövlətləri, xüsusən də İran və Rusiya icazə verməz, həmçinin Türkiyə razı olmaz".

Analitikin qənaətincə, Paşinyanın KTMT-dən çıxmaqla verdiyi bəyanatlar şantaj xarakterlidir:
"Məqsəd Qərbin təminatını və diqqətini cəlb etməkdir. KTMT-nin nizamnaməsində üzv dövlətlərin fəaliyyətlərini dondurması kimi xüsusat yoxdur. Paşinyan, məncə, Azərbaycan-Rusiya münasibətlərinin indiki yüksək səviyyəsindən narahat və narazıdır. Onun Rusiya və yaxud KTMT ilə söylədiyi fikirləri də bu aspektdən izahı daha düzgün olardı. Həmçinin Bakının KTMT üzv dövlətləri ilə artan dostluğu və əlaqələri Paşinyanı qıcıqlandırır. Bunu da zaman-zaman dilinə gətirir. Fikrimcə, yaxın dönəm üçün Ermənistanın KTMT-dən və ümumilikdə Rusiyadan qopması real görünmür".

Geri qayıt