Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Cənubi Qafqaza TƏLƏ: İrəvan üzərindən QORXUNC OYUN

Cənubi Qafqaza TƏLƏ: İrəvan üzərindən QORXUNC OYUN


Dünən, 08:50
Cənubi Qafqaza TƏLƏ: İrəvan üzərindən QORXUNC OYUN
Hazırda Ermənistan üzərindən Cənubi Qafqaz regionu ilə bağlı böyük və nəticələri heç də yaxşı olmayacaq oyun gedir. Bunu bir sıra amillər təsdiqləyir: Ermənistanın sülhdən yayındırılması, vaxtaşırı Naxçıvanın atəşə tutulması, Fransanın Ermənistana silah tədarükünü günbəgün artırması, dünyadakı ermənipərəst dairələrin Azərbaycana qarşı qərəzli bəyanatlarının peyda olması sirr deyil.

Artıq Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi də Ermənistana ayrılır. Qərbdəki diplomatik mənbənin APA-ya verdiyi məlumata görə, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub. Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib. Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb. Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra paralel şəkildə Ermənistan üçün silah təminatına başlanılıb. Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS - fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir.

Qeyd edək ki, Fransa artıq Ermənistana “CAESAR” özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər, “Bastion” zirehli maşınları və digər hərbi təyinatlı məhsullar tədarük edir. Caliber.az saytı isə sentyabrın 14-də “Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir” məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirib. Qeyd edilib ki, Moskva İrəvana böyük miqdarda “Smerç” reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başlayıb. Bu, avtomatik, Ermənistanın revanşist və təcavüzkar planlarını qızışdırır.

Qəribəsi budur ki, Rusiyanın Ermənistan ordusunu yenidən silahlandırması Moskva ilə İrəvan arasında “ciddi fikir ayrılıqları” fonunda baş verir ki, bu da əvvəllər qeyd edildiyi kimi, dünyanın, o cümlədən 2022-ci ildə Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayan Azərbaycanın da diqqətini yayındırmaq üçün oynanan siyasi tamaşadan başqa bir şey deyil. Ermənistana Rusiya silahlarının tədarükünü diqqətlə gizlətmək cəhdlərinə baxmayaraq, Bakıda bu barədə yaxşı məlumatlıdırlar və müvafiq nəticələr artıq çıxarılıb. Fransanın məqsədi aydındır, Ermənistanı Cənubi Qafqazda öz forpostu kimi saxlamaqla Rusiyaya qarşı siyasətində istifadə etməyi hədəfləyir. Maraqlıdır ki, Rusiya son 1 ildə Ermənistana silah göndərilməsini dayandırmışdı, hətta bildirilmişdi ki, İrəvana pulla da silah satmayacaqlar. Bəs indi nə baş verir?

Burada bir incə məqama toxunaq. Bəllidir ki, Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına yardım edir. Bu ölkə sanksiyalar altına düşən məhsulları dolayısı yollarla dövr etdirməklə həm özü pul qazanır, həm də Rusiyaya fayda verir. Statistika göstərir ki, 2020-ci illə müqayisədə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi dəfələrlə artıb. Bu, sərf sanksiyalardan yayınmaq üçün edilən yardım hesabınadır. Rusiya bunun qarşılığını Ermənistana “Smerç”lə ödəyir, yoxsa daha fərqli məsələlər var? Bütün hallarda görünən budur ki, bölgədə yenə də sabitliyi pozmağa hesablanmış proses gedir. Bunun nəticələri nə ola bilər?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistan ətrafında baş verən hadisələr əsla bizi təəccübləndirməməlidir: “Biz əvvəllər olduğu kimi, yaxın tariximizdə olan bəzi ciddi hadisələri unuduruq, yaxud görməzdən gəlirik deyə, bu cür vəziyyətlə qarşılaşırıq. Hesab edirəm ki, Ermənistan bu dəfə öz ağalarını dəyişsə də, onun xisləti dəyişməyib. Ermənilər yenə də Cənubi Qafqazda başqalarının aləti rolunda çıxış edirlər və bu dəfə onların məsləhətçiləri və ya havadarları bir deyil, bir neçə ölkələrdir. Ermənistan uğrunda gedən savaş tədricən tamam çılpaqlığı ilə özünü göstərir. Hesab edirəm ki, proses bundan sonra da davam edəcək. Məqsəd gün kimi aydındır: Ermənistanı Rusiyanın çətiri altından çıxartmaq və bundan sonra ondan istədikləri şəkildə istifadə etməkdir. Nəzərə alsaq ki, Rusiyanın Ukraynada üzləşdiyi acınacaqlı durum da bu, baş verənlərə təsir göstərir. Onlar rusların əvvəlki kimi, Ermənistanda dominantlığını görmür və var gücləri ilə sanki bir-biri ilə rəqabətə girişiblər. Kimisi silah verir, kimisə pul ayırır. Bu minvalla da onlar Ermənistanı faktiki son bir-iki ilə demək olar ki, öz orbitlərinə daxil etməyi bacarıblar. İndi Ermənistan ərazisində rus hərbçilərindən daha çox fransız, amerikan əsgərləri "at oynadırlar". Amma arada ruslar da bəzi cəhdləri edirlər ki, Cənubi Qafqazdakı vassalları tamam nəzarətdən çıxmasın".

Polkovnik hesab edir ki, Rusiya artıq Ermənistanı itirib və proses daha da dərinliyə doğru gedir: “Bəzilərinin "ay Rusiya Paşinyanı devirəcək, Ermənistanı cəzalandıracaq" kimi populist çıxışları da artıq səslənmir. Çünki onlar özləri də artıq nə baş verdiyinin fərqindədirlər". Ü.Cəfərov Kremlin Azərbaycanla bağlı ikibaşlı siyasəti barədə bunları söylədi: “Rusiya Azərbaycanla imzaladığı, nədənsə bizim rəsmi və qeyri-rəsmilərimizin də "bəh-bəh"lə təriflədikləri “müttəfiqliyə” yeni zərbə vurdu. Həm Xocalı qatilinə sidq ürəkli təbriki, həm də Ermənistana “Smerş” ölümsaçan silahları verməklə Rusiya mahiyyətini bir daha bəyan etdi. Ona görə də biz son dərəcə ehtiyatlı və ayıq-sayıq davranmalıyıq. Regionda prosesləri daha da gərginləşdirəcək güclər aktiv fəaliyyətə başlayıblar. Ona görə də, nəhayət ki, kimin həqiqi dost və ya müttəfiq olduğunu başa düşməliyik. İşlərimizi də o istiqamətdə qurmalıyıq".

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı hesab edir ki, Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin fevralında müttəfiqlik anlaşması imzalansa da, Ermənistan Rusiya üçün vazkeçilməz ölkə olaraq qalır: “Rusiyanın Cənubi Qafqazda hərbi varlığını sürdürdüyü tək ölkə Ermənistandır. Ermənistan nə qədər "şıltaqlıq" etsə də, Rusiya bu ölkəni buraxmayacaq. Ermənistanın da Qərbin gücü ilə Rusiyanı Qafqazdan çıxarmaq və onun təsir gücünü azaltmaq imkanları yoxdur. Son zamanlar Rusiya ilə əməkdaşlıq trendinin yüksəldiyini açıq hiss etmək mümkündür. Rusiya Ermənistana yenə də silahlar verməyə başlayıb. Hindistandan Ermənistanın aldığı silahlar da Rusiya ilə əməkdaşlıq edən şirkətlərdir və bu silahların modernləşməsi Rusiya ilə Hindistanın müştərək fəaliyyəti ilə mümkün olacaq. Ermənistan Hindistandan raket sistemləri, artilleriya və silah aşkar edən radarlar sifariş etdiyi üçün Rusiya istehsalı olan kiçik "Su-30SM" döyüş təyyarələri parkını modernləşdirmək üçün Hindistandan kömək istəyib. "Su-30"un modernləşdirilməsinə radioelektron döyüş sistemləri və silahlar daxildir. “Hindustan Aeronautics Limited" (HAL) şirkətinin köməyi ilə "Su-30" qırıcı təyyarələri təkmilləşdirmək imkanını nəzərdən keçirilir, çünki şirkətin bu sahədə böyük təcrübəsi var”, - bunu Ermənistan Hava Qüvvələri komandiri Hovhannes Vardanyan deyib. HAL Hindistan Hərbi Hava Qüvvələri üçün təyyarə istehsalı müəssisəsində Rusiya qırıcıları istehsal edir. Hindistanın yüksək rütbəli rəsmisi Ermənistanın HAL şirkəti tərəfindən "Su-30"un modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib. Fransadan Ermənistana silah tədarükü də davam etməkdədir".

Q.Çaxmaqlı qeyd etdi ki, 44 günlük müharibədən sonra ordusu darmadağın edilən Ermənistan Hindistan və Fransanın şəxsində özünə ciddi müttəfiqlər, silah partnyorları tapa bilib: “Bu ölkələrin hər birinin bölgədə maraqları olduğundan Ermənistanı vasitə kimi istifadə edəcəklər. İndi Ermənistan buna gedir, sülh danışıqlarının, diplomatik münasibətlərin çıxmaza girməsinin də səbəbi məlum olur. Bu isə bölgədə sabitliyə zərbə olacaq. Bu durumdan təkçə Azərbaycan deyil, Türkiyə də nəticə çıxarmalıdır. Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi lazımdır”.

Yazı çapa hazırlanarkən Ermənistanda Paşinyanı devirmək istəyən silahlı dəstənin ifşa olunduğu barədə məlumat yayıldı. Növbəti tamaşa... Rusiya Ermənistan hakimiyyətini məmnun edəcək silahlar verdiyi halda, onu niyə devirmək istəsin ki. Nikol Paşinyan bununla Rusiya ilə “müharibə” vəziyyətində olduğu görüntüsünü yaratmaqla Qərbdən daha böyük dəstək, silah-sursat və maliyyə almaq istəyir. Faktiki olaraq ölkəsini bazara çıxarıb-kim daha çox xərcləsə, ona yaxınlaşır, amma müvəqqəti... Bununla da Ermənistan Qərblə Rusiyanın maraqlarının toqquşduğu məkana çevrilib. Kəsəsi, Ermənistan rəhbərliyi özünü və ölkəsini bazara çıxarıb. Bu bazarlığın sonu isə fəlakətlə bitəcək...

Geri qayıt