Əsas Səhifə > Güney Press > Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi

Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi


18-09-2024, 18:13
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Çin Vaşinqtonun Tayvana silah tədarükünə görə 9 Amerika şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.
“ABŞ bir daha Çinin Tayvan bölgəsinə silah satışını elan edib ki, bu da vahid Çin prinsipini və Çin-ABŞ birgə üç kommünikesini ciddi şəkildə pozur, ÇXR-in daxili işlərinə ciddi müdaxilədir və ölkəyə ciddi ziyan vurur.
Çinin suverenliyi və ərazi bütövlüyü Çin Xalq Respublikasının Xarici Sanksiyalara Qarşı Qanununun 3, 4, 6, 9 və 15-ci maddələrinə uyğun olaraq, Çin Amerika şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, - bəyanatda qeyd edilib.
Sənəddən məlum olur ki, məhdudlaşdırıcı siyahıya “Sierra Nevada Corporation”, “Stick Rudder Enterprises” şirkətləri və ABŞ-nin müdafiə sektoru ilə bağlı yeddi təşkilat daxildir.
Sanksiyaya əsasən, onların Çindəki mülkləri dondurulacaq, Çin şirkətləri və fiziki şəxslərin onlarla əməliyyatlar aparması qadağan ediləcək.
Məhdudiyyətlər sentyabrın 18-dən qüvvəyə minir.
Qeyd edək ki, Tayvan Çan Kayşinin (1887-1975) başçılıq etdiyi Qomindan qüvvələrinin Çin Vətəndaş Müharibəsində məğlub olmasından və Tayvana qaçmasından sonra 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur.
Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Digər tərəfdən, ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir.
ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində ABŞ-nin Tayvana hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları keçib.

Geri qayıt