Əsas Səhifə > Güney Press > “Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, nüvə arsenalı da o gündədir...”

“Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, nüvə arsenalı da o gündədir...”


18-09-2024, 12:02
“Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, nüvə arsenalı da o gündədir...”
“Ukraynaya ABŞ və Böyük Britaniya silahlarının Rusiyanın ərazisini vurmaq üçün istifadə edilməsinə icazə verilməməsi, rəsmi Vaşinqtonun bu məsələdə müəyyən mənada ehtiyatlı mövqe tutması, hesab edirəm ki, heç də Putinin nüvə hədələrindən irəli gəlmir. Putin administrasiyası öz təcavüzkar siyasəti ucbatından Ukraynada düşdüyü vəziyyətdən çıxmaq üçün gah artıq dəfələrlə keçilmiş, heç kəsin əhəmiyyət vermədiyi, məsxərə predmetinə çevrilmiş çoxsaylı “qırmızı xətlər” çəkir, gah da Qərbə, ABŞ-yə nüvə təhdidləri edir. Hətta bu günlərdə Rusiyanın baş diplomatı Sergey Lavrov da özü də istəmədən etiraf etdi ki, artıq “qırmızı xətlər” məsələsi xaricdə məsxərə kimi qəbul olunur”.

Bu fikirləri Moderator.az-a açıqlamasında “ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında aparılan danışıqlardan sonra da Birləşmiş Ştatlar öz silahları ilə Rusiya ərazisini vurmağa icazə vermədi. Bəziləri bunu Qərbin Putinin nüvə zərbəsi hədələrindən qorxması kimi dəyərləndirir. Siz necə düşünürsüz?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.

“Bilirsiz, Rusiya hökuməti çətin vəziyyətə düşübdür. II Cahan savaşından bəri ilk dəfədir ki, Rusiya ərazisinə xarici dövlət müdaxilə edir. Və bu da Rusiyanın Ukraynadakı işğalçı siyasətinə olan cavabdır. Mən Ukrayna ordusunun Kursk vilayətinin müəyyən ərazisini nəzarətə götürməsindən bəhs edirəm...

Bir sözlə, mənə elə gəlir ki, Ukraynaya dediyimiz məsələdə icazə verilməməsinin arxasında başqa səbəblər dayanır. Düşünmürəm ki, ABŞ Putinin nüvə təhdidlərindən çəkinir. Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, bunu artıq bütün dünya gördü, - nüvə arsenalı da elə həmin durumdadır. Nəzərə alsaq ki, son 30-35 ildə o sahədə, ümumiyyətlə, heç bir inkişaf olmayıbdı. Və təsəvvür edin, Rusiyanın tərifli hipersonik raketləri, hansısa əlçatmaz kontinental raketləri və s. haqqında nağıllar son nəticədə onunla yekunlaşır ki, bütün bu texnologiyalar üzərində işləyən 12 rusiyalı alim “FSB” tərəfindən dövlətə xəyanətdə ittiham olunaraq həbs edilir, uzunmüddətli mühakimə olunur və onlardan 3-ü də həyatını həbsxanada başa vurur. Bu, Rusiyanın uğurlarının hansı səviyyədə olmasının bir əlamətidir. Odur ki, bir daha deyirəm, Qərbin Putinin nüvə hədələrindən qorxmasından danışmağa dəyməz. Sadəcə olaraq Rusiyanı daha da aqressivləşdirmək, onun müharibə coğrafiyasını genişləndirmək istəmirlər. Və Kreml elə bir vəziyyətdədir ki, o bu gün istənilən düşünülməmiş addım ata bilər. Qərbdə isə gözəl anlayırlar ki, bu, güclərin səpələnməsi demək olar, bu, dünyanın daha böyük ərazilərinin münaqişə bölgəsinə çevrilməsi demək olar. Ona görə də Vaşinqton bu məsələdə ehtiyatlı davranır. Amma hər bir halda bunun nüvə təhdidi ilə bağlı olduğunu düşünmürəm”, -deyə davamında analitik vurğulayıb.

Geri qayıt