Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Sülh sazişinə nə mane olur?
Sülh sazişinə nə mane olur?18-09-2024, 09:26 |
ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə növbəti dəfə zəng edərək, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib. Dövlətimizin başçısı isə Ermənistanın öz konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu, onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. ABŞ və bütövlükdə Qərbin sülhün əldə edilməsində maraqlı olduğunu nəzərə alsaq, onların Ermənistana bununla bağlı təzyiqi mümkündürmü? TNS-in bu barədə sualını cavablandıran deputat Hikmət Məmmədov bildirib ki, hər bir dövlətin davranışlarını təyin edən əsas hüquqi, siyasi sənəd onun konstitusiyasıdır: “İstisnasız olaraq, bütün dövlətlərin konstitusiyasında göstərilir ki, imzalanmış heç bir ikitərəfli müqavilə, beynəlxalq saziş konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Bu baxımdan Ermənistan konstitusiyası da dövlət üçün belə bir hüquqi-siyasi sənəddir. Əgər hansısa hökumət, hakimiyyət nümayəndəsi konstitusiyaya zidd olan bir anlaşmanı imzalayarsa, bu, təftiş edilir. Qanuna uyğun olmadığı ortaya çıxanda imzalanmış sənəd qeyri-legitim sənəd hesab olunur”. Deputat əlavə edib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə sülh sazişi ilə bağlı məsələdə bu, çox bariz şəkildə öz əksini tapir: “Bir tərəfdən Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var, başqa bir tərəfdən ölkənin Baş naziri Nikol Paşinyan sülh sazişini Ermənistan konstitusiyasına zidd olaraq imzalamağı təklif edir. Belə olan halda ciddi konstitusiya pozuntusu baş verər, imzalanmış sənəd qeyri-legitim sayılar. Yəni, mövcud vəziyyətdə Azərbaycanla imzalanacaq sülh və ya çərçivə sazişində ölkəmizə qarşı ərazi iddiasının olmadığı qeyd olunsa belə, sənəd legitim sayıla bilməz. Bu, Paşinyanla Azərbaycan arasında imzalanmış sənəd olar. Azərbaycana isə dövlət sənədi lazımdır. Yəni, imzalanmış sülh sazişi Ermənistan konstitusiyasına zidd olmamalıdr”. Hikmət Məmmədov əlavə edib ki, imzalanacaq sənəd Ermənistan parlametində və Konstitusiya Məhkəməsində ratifikasiya edilməlidir: “Yəni, dövlət adından imzalana bir sənəd olmalıdır. Paşinyan isə bunu istəmir. ABŞ Dövlət Katibi ilə telefon danışığında Azərbaycan Prezidenti iki məsələni xatırlatdı. Bunlardan ilki konstitusiya məsələsi idi. İkincisi, keçmiş problemin həlli üçün yaradılmış keçmiş ATƏT-in Minsk qrupu və onun bütün strukturlarının ləğvi idi. Beynəlxalq müstəvidə hələ də hansısa problemin nizamlanması ilə bağlı bir mexanizm varsa, sabah o problem olmasa belə, orada həmsədr olan üç böyük dövlət müxtəlif təzyiqlərlə, vasitələrlə yenidən problem yaradıb, onu həll etməyə çalışacaq. Azərbaycan isə bunu istəmir. Bizə həll etdiyimiz problemin yenidən yaradılması və həll edilməsi lazım deyil”. Geri qayıt |