Əsas Səhifə > Güney Press > Vaşinqtondan Azərbaycan və Ermənistana təklif:
Vaşinqtondan Azərbaycan və Ermənistana təklif:17-09-2024, 16:17 |
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək imkanını həmişə səbirsizliklə gözləyir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, - M.Miller qeyd edib. Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ Rusiyanın təşəbbüsünə qarşı qabaqlayıcı addımlar atır: “Rusiyanın növbəti təşəbbüslə çıxış etməsi prosesin Moskvanın nəzarəti altında olması anlamına gəlmir. Moskva sadəcə olaraq, yeni təşəbbüs irəli sürüb. Artıq ABŞ Moskvanın təşəbbüsünə qarşı öz təşəbbüsünü irəli sürüb. Bildirim ki, Rusiyanın baş nazirinin müavini, həmçinin Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması üzrə birgə işçi qrupunun həmsədri Aleksey Overçuk Ermənistana səfərə hazırlaşarkən ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvana gəldi. Səfər çərçivəsində Samanta Pauer elan etdi ki, USAİD Ermənistana maliyyə yardımının miqdarını 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Məhz Vaşinqtonun bu təşəbbüsü qabaqlıyıcı bir addım idi. Çünki Rusiyanın təklifləri arasında bu cür cəlbedici variantlar yoxdur. Rusiya sadəcə, üçtərəfli 10 noyabr Bəyanatına istinad edir, paralel olaraq Ermənistanın ümumdaxili məhsulunun artışını Avrasiya İqtisadi Birliyinə bağlayır. Yəni Kreml bununla Ermənistana bir tərəfdən kökəni, digər tərəfdən isə əlində olan zopanı göstərir. ABŞ isə daha çox yumşaq gücə üstünlük verir, yəni Mərkəzi Kəşfiyyat İdarəsinin bilavasitə hərəkətedici qüvvəsi olan USAİD vasitəsilə Ermənistana yardım edir. Vaşinqtonun əsas hədəfi Ermənistanın bütün hüquq-mühafizə, təhlükəsizlik və iqtisadi dövlət orqanları üzərində öz nəzarətini bərqərar etmək və onların qərarlarına təsir etməkdir. Yoxsa ki, ABŞ boşuna Ermənistana yardım etmir. ABŞ-nin bu təşəbbüsündən sonra ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb. Blinken dolaysı ilə hər iki tərəfə bildirib ki, sülh sazişi ilə bağlı məsələni həll etmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünə ehtiyac var və Vaşinqton bu görüşə ev sahibliyi etməyə hazırdır. Tərəflər buna razi olacamı, bunu yalnız zaman göstərəcək. Son olaraq vurğulayım ki, Rusiyanın təşəbbüsünə qarşı ABŞ-nin təşəbbüslərinə şahidi oluruq. Sülh sazişi və ya hər hansı çərçivə sazişinin imzalanması ərəfəsində heç bir tərəf münasib imkanları əlindən qaçırmaq istəmir və nəticəni öz hesabına yazmaq istəyir”. Geri qayıt |