Əsas Səhifə > Güney Press, Ana xəbərlər > BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT

BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT


17-09-2024, 11:06
BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT
“Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu, Sizin “türkçülüyünüz”, “turançılığınız”?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluq? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?”

Bu, sual, təəccüb və şikayət dolu cümlələr “AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmlinin Bakı Atatürk Liseyində üzləşdiyi qanunsuzluq, dərəbəyliklə bağı “Facebook” səhifəsindəki paylaşımından götürülüb. E.Məhərrəmlinin 2 övladı bu ilədək sözügedən məktəbdə təhsil alıb.

Baş redaktorun qeydlərindən məlum olur ki, Atatürk Liseyində Azərbaycan qanunları tapdaq altına atılmaqla bərabər bu məktəbdə təhsil alan şadirdlərin valideynləri şantaj olunur, onlara hər hansı etiraz, şikayət etmək hüququ tanınmır.

Elnur Məhərrəmli yazır: ““Türkçü-turançı diktatorlar”la yollarımızı ayırdıq! "Hədəf Liseyi” ilə davam edəcəyik. Səbuhi və Dəniz bundan sonra təhsillərini Hədəf Liseyində davam etdirəcəklər. 11-ci sinifdə məktəb dəyişməyə məcbur olduq. “Türk liseyi” brendinə qara ləkə olan Bakı Atatürk Liseyi ilə son ildə yolumuzu ayırdıq.

Bakı Atatürk Liseyi təhsilin səviyyəsinə görə, məsələn, tamamilə ödənişsiz olan Dəyanət Liseyinin çox-çox uzağında olsa da, son illərdə sürətlə təhsilhaqqını artırmağa başlayıb.

Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyidir. Bu vəqfi professor Turan Yazqan qurub. Hazırda vəqfə onun oğlu rəhbərlik edir. Türkçülüyün, turançılığın təbliği vəqfin fəaliyyətinin əsasını təşkil edir və bu niyyətlə bir çox yerlərdə, o cümlədən Azərbaycanda lisey təsis ediblər. Hər halda özləri belə bəyan edirlər. Rəsmi saytlarında onu da bəyan ediblər ki, “okullarımız heç bir ticari amac taşımayan, kar qayesi güdmeyen kuruluşlardır”. Yəni məqsədləri pul qazanmaq deyil, türkçülüyün, turançılığın təbliğidir.

Lakin nə işdirsə, məqsədləri “ticari amac” daşımayan bu liseydə hazırda illik təhsilhaqqı 4500 manatdır. Bu rəqəm bir çox özəl liseylərin qiymətinə yaxındır və sadə riyazi hesablama sübut edər ki, hazırda bu “türkçü-turançı bəylərin” Bakı Atatürk Liseyi tərtəmiz “ticari amacla” fəaliyyət göstərir. Göstərsin, bunda işimiz yoxdur. Türkçülük-turançılıq maskası altında gizlənən azmı dələduz görmüşük?!

Amma siz bu vəqfin, liseyin rəhbərliyinin türkçülük-turançılıq bir yana qalsın, adi təhsilverən, müəllim, ziyalı adına ləkə olan hərəkətlərinə baxın. Demək “ticari amac” daşımayan Bakı Atatürk Liseyində 2018-ci ildə hər uşağa illik 1000 manatla təhsilə başlamışıq. 28 May metrostansiyasının yanında darısqal, həyəti, məktəb infrastrukturu olmayan kiçik bir binaları var. Sonra Əhməd Rəcəbli küçəsində nisbətən geniş, az-çox məktəbə oxşayan binaya köçdülər. Biz də illik 2 min manatla bura köçdük. 9-cu sinifdə təhsilhaqqı 2500 manata, 10-cu sinifdə 2750 manata qalxdı. Razılşadıq. Bu il isə bu “türkçü-turançı dələduzlar” heç bir əsaslandırma, izah vermədən, tərbiyəsiz formada, həyasızcasına hər uşağa 4500 manat tələb etməyə başladılar. Üstəlik, etiraz etmək və ya heç olmasa səbəbini öyrənmək istəyən valideyinləri heç qəbul belə etmək istəmirdilər.

Övladı 11-ci sinifə keçən, kəskin qiymət artımına yəqin ki, həm də gücü çatmayan, amma eyni zamanda da bizim kimi son sinifdə uşağını dostlarından, çevrəsindən ayırmaqla ona psixoloji sarsıntı yaşatmaq istəməyən valideynlərin bir qrupu 11-ci siniflər üçün qiymət artımına getməmək xahişi ilə liseyin sahibinə - Türk Dünyası Araşdırmaları Vəqfinə məktub yazmaq qərarına gəldilər. Məktubu 22 valideyn imzalasa da, məktub vəqfin email adresinə 2 valideynin elektron poçtundan göndərildi. Bilirsinizmi, bundan sonra nə baş verdi? Böyük Demokrat Atatürkün adını istismar edən bu liseydə hansı rəzilliyin yaşandığını təsəvvür edə bilməzsiniz: Liseyn direktoru Eylem Gültekin “beni nasıl şikayət edərsiniz” deyə həmin 2 valideynin uşağını məktəbdən qovdu!

Bu qanacaqsız qadına türmə rəisi yox, məktəb direktoru olduğunu başa salmaq üçün liseyə getdim. Təxminən yarım saat gözlədəndən sonra qəbul etdi. “Kəsin qərarımızdır” deyə təhsilhaqqı məsələsinə nöqtə qoyduqdan sonra həmin 2 uşağın məktəbdən qovulması məsələsini qaldırdım. “Hər kəs kəndi işini konuşsun”, deyə o mövzunu da bağladı. Dedim məhkəməyə verəcəm sizi. Bunu eşidən kimi özündən çıxdı və elə ordaca göstəriş verdi ki, bizim uşaqlar da məktəbdən uzaqlaşdırılsın”.

E.Məhərrəmli yazır ki, bundan sonra vəqfin başqanı Közhan Yazgan’a məktub yazıb. “Qeyd etdim ki, bu tərbiyəsizlikləri Türkiyədə edə bilməzlər, amma Azərbaycan da banan ölkəsi deyil. “Türkçülük-turançılıq” şüarları altında uşaqları aşağı ödənişlə məktəbə cəlb edib, son sinifdə onlardan ikiqat ödəniş tələb etmək, normal qaydada müraciət və ya hətta olsun ki, şikayət edən valideynləri şantaj etmək, valideynləri məktub yazıb deyə 2 uşağı onların ala biləcəkləri psixoloji travmanı nəzərə almadan qovmaq, yoldaşlarından ayırmaq ləyaqətsiz əməldir. Üstəlik də, dələduzluqdur. Dedim ki, “əlbəttə, təhsil haqqını istədiyiniz kimi müəyyən edə bilərsiniz, bu Sizin hüququnuzdur. Lap 100 min tələb edin. Lakin bunu okulunuza ilk gələn öyrəncilərə tətbiq etməyiniz daha məntiqli və əxlaqlı olardı. 11-ci sinfin öyrəncisinə tətbiq etməyiniz doğru deyil. Belə çıxır ki, siz düşük ödənişlə insanları okulunuza cəlb edir, sonra isə onları asılı vəziyyətə salaraq, istədiyiniz fiyatı tələb edirsiniz? Bəs sizin bu tələbinizi qarşılamağa imkanı olmayan valideyn nə etməlidir, heç düşünürsünüzmü? 11-ci sinifdə uşağın okulunu dəyişmək, onu dostlarından, sinif yoldaşlarından ayırmaq, psixolojisini pozmaq nə deməkdir, bunun fərqindəsinizmi?”

Həmçinin soruşdum ki, “kar qayəsi olmayan” liseyinizin birdən-birə bu qədər yüksək qiymət artımına getməsi nə ilə bağlıdır? Nə baş verib ki, bu qədər böyük bahalaşma tətbiq edirsiniz? Azərbaycanda devalvasiyamı olub? Milli paramız dəyərmi itirib? İqtisadi böhranmı olub?

Bəlkə təhsilin keyfiyyətində ötən illə müqayisədə böyük keyfiyyət fərqi olacaq? Dərs saatlarımı artıb?

Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu, Sizin “türkçülüyünüz”, “turançılığınız”?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluq? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?

Təbii ki, “türkçü-turançı dələduzlar” bu sualların heç birinə cəvab vermədilər. Çünki cavab versələr, dələduz olduqları üzə çıxacaqdı”.

Baş redaktor daha sonar yazıb ki, bütün bunlardan sonar Atatürk Liseyini məhkəməyə verib: “Bundan sonra iş qaldı məhkəməyə. Məktublarımıza cavab vermədikləri kimi hələ məhkəməyə də gəlmirlər. İlk iclas avqustun 29-na təyin olunmuşdu, gəlmədilər. Amma geri çəkilmək yoxdur. Bunların “Atatürk”, “türkçülük”, “turançlıq” adları altında gizlənərək yaramazlıqla məşğul olduqlarını məhkəmə qaydasında da sübut edəcəm. Qoy övladını “türk liseyidir, yaxşı təhsil və tərbiyə verir”, “Atatürkün adını daşıyır”, “türkçü-turançıdırlar” deyə aldanaraq bu liseyə yerləşdirənlər də bilsinlər ki, bunların keyfiyyətli təhsil vermək bacarığı bir yana qalsın, elementar mədəniyyətləri də yoxdur, üstəlik, dəllal kimi davranırlar – bu il sizdən 4500 manat təhsil haqqı istəyər, lakin gələn il heç bir izahat vermədən 10-15 minə qaldıra bilərlər”.

“AzPolitika.info”

Geri qayıt