Əsas Səhifə > Güney Press > Qərb-Ermənistan-Rusiya üçbucağında hər şey rəvan gedir,
Qərb-Ermənistan-Rusiya üçbucağında hər şey rəvan gedir,17-09-2024, 10:14 |
Uzun müddətdir ki, Ermənistan və Rusiya rəsmiləri bir-birinin ünvanına kəskin bəyanatlar səsləndirirlər. Ermənistan rəsmiləri Rusiyanı “satqın” adlandırmaqdan belə çəkinmirlər. Eyni ritorikanı Rusiya tərəfində də müşahidə etmək mümkündür. Qarşılıqlı siyasi ittihamlar iki ölkə arasında münasibətlərdə gərginlik görüntüsü yaradır. Amma real faktlar başqa məsələlərdən xəbər verir. Söhbət iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən gedir. Bu əlaqələrdə isə siyasi polemikalardakı gərginliyin tamam əksi olan proseslər baş verir. Rəqəmlər isə Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlərin hansı sürətlə dərinləşdiyini birbaşa ortaya qoyur. İki ölkə arasında iqtisadi münasibətlərin necə inkişaf etdiyini əks etdirən rəqəmlər son olaraq Rusiya-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrləri - Rusiya baş nazirinin müavini Aleksey Overçukla Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında bir neçə gün əvvəl İrəvanda keçirilən görüşdə səsləndirildi. Ovurçuk bildirdi ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. Bu il artım tempi daha da yüksəlib. Overçukun sözlərinə görə, bu ilin birinci yarısında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 8,4 milyard dollar olub. İlin sonuna isə bu rəqəmin 14-16 milyard dollara çatdırılması nəzərdə tutulub. Elə həmin Overçuk xatırladıb ki, 2020-ci ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib. Bu rəqəmləri təhlil etdikdə kəskin paradoks meydana çıxır. Məlumdur ki, Rusiya və Ermənistan arasında münasibətlər məhz 2020-ci ildən - 44 günlük Vətən müharibəsindən sonra kəskinləşməyə başlayıb. Paradoks ondadır ki, iki ölkə arasında iqtisadi münasibətlərdə yüksəliş də məhz 2020-ci ildən sonraya təsadüf edir. Ötən müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi, nə az nə çox, 4 dəfəyə kimi artıb. Özü də bunlar Rusiyanın ABŞ və Qərbin sanksiyaları altında olduğu bir vaxtda baş verir. Yəni Ermənistan sanksiya altında olan Rusiya ilə ticarət dövriyyəsini çox rahat şəkildə artırma yolunda inamla irəliləyir. Digər maraq doğuran məsələ isə budur ki, həm ABŞ, həm Qərb buna göz yumur. Ermənistan və Rusiya arasında iqtisadi münasibətlərin dərinləşməsindən heç bir narahatlıq keçirmir. Gəlinən nəticə budur ki, Qərb-Ermənistan-Rusiya üçbucağında hər şey rəvan gedir, tərəflər vəziyyətlərindən məmnundur. Təbii ki, baş verənləri susqun qarşılamaqda Qərbin də öz maraqları var. ABŞ, eləcə də Avropa İttifaqına daxil olan ölkələr sanksiya altında olan Rusiya ilə birbaşa iqtisadi əlaqələr qura bilmədiyindən üçüncü ölkələrdən, əsasən də, Ermənistandan tranzit ölkə kimi istifadə edərək öz iqtisadi maraqlarını təmin edirlər. Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı hər cür sanksiyalara əl atan Qərbin digər tərəfdən bu cür addım atması onun də nə dərəcə ikiüzlü olduğunu ortaya qoyur. Rusiya-Ermənistan münasibətləri yalnız Rusiya ilə Ermənistanın məsələsidir. Amma bir şərtlə ki, bu, ölkəmizin maraqlarına və təhlükəsizliyinə toxunmasın. Rusiya və Qərb Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh perspektivini ləngidir və regionumuzun təhlükəsizliyinə xələl gətirir. Artıq Ermənistan hakimiyyəti bir neçə il əvvəlkindən qat-qat "cəsarətlə" davranır. Bu tendensiya hər alınan yeni patron və təkrar ixracdan qazanılan dollarla daha da güclənəcək. Yavaş-yavaş, lakin əminliklə dünya erməniləri məğlubiyyət şokundan uzaqlaşır və erməni məsələsi üzrə ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi layihələrini dəstəkləməkdə birləşirlər. Rəsmi Bakı buna səssiz qala bilməz və qalmayacaq da. Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanla Rusiya arasında gərginlik idarəolunandır və sadəcə, görüntüdür. Deputatın sözlərinə görə, tərəflərin qarşılıqlı ittihamlarına, bəyanatlarına diqqət etdikdə "barışmaz düşmənçilik" təəssüratı yaranır. Reallıqda isə vəziyyət tam əksinədir: "Son 3 il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 4 dəfə artıb. İlin sonuna qədər 15-16 milyard dollara çatdırılması nəzərdə tutulur. Rusiya tərəfindən Ermənistan iqtisadiyyatına investisiya qoyuluşu davam edir. Bu yaxınlarda təbii fəlakətdən zərər çəkmiş dəmir yolunun bərpasına 2 milyon dollar xərcləndi. Yeni iqtisadi layihələr icra olunur. Ukrayna müharibəsinin davam etdiyi Ermənistana yeni silahlar verilir. Rusiyanın özünün bu silahlara ehtiyacı var. Hiss olunur ki, "dərin dövlət" işini görür. Ən əsası isə bir-birinə düşmən kəsilmiş qlobal güclər, erməni məsələsində razılaşdırılmış vahid mövqedən çıxış edirlər. Əks halda, Rusiyanı sanksiyalarla boğmağa çalışan Qərbin susqunluğunu başa düşmək mümkün deyil. Rusiya Ermənistan iqtisadiyyatına sponsorluq edir, Qərb isə silahlandırır. Əslində, belə davranış həm Ermənistanın, həm də Rusiyanın işinə yarayır". Parlament üzvü vurğulayıb ki, Rusiya iqtisadiyyatının, hərbi-sənaye kompleksinin Qərbin yeni texnologiyalarına ehtiyacı var: "Fransa lisenziyası ilə Hindistanda istehsal olunmuş silahlar Ermənistana verilir. Digər Qərb ölkələrindən də Ermənistanın silah alması faktları var. Heç şübhəsiz, həmin texnologiyalar Ermənistandan Rusiyaya ötürülür. Dünya erməniliyi, bütün dünyaya car çəkərək, Azərbaycanın Rusiya qazını, neftini satması barədə yalan məlumatlar yayır. Statistika isə əksini deyir. Ermənistan kimi, autsayder ölkənin çoxmilyardlı idxal-ixrac əməliyyatlarının kökündə Rusiya faktoru durur. Bir daha vurğulamaq istərdim ki, “kəskin münasibətlər” imitasiyası hər iki dövlətin maraqları ilə uzlaşır. Belə olmasaydı, Rusiya qısa zamanda Ermənistanı iqtisadi cəhətdən çökdürə bilərdi. Qərbin ayırdığı maliyyə belə xilas edə bilməzdi". Geri qayıt |