Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Sülhün uzanması maraqlarımıza ziddir

Sülhün uzanması maraqlarımıza ziddir


17-09-2024, 14:00
Sülhün uzanması maraqlarımıza ziddir
Ermənistan xarici işlər naziri Arorat Mirzoyan sülh sazişində razılaşdırılmayan bəndləri sadalayıb. Bəlli olub ki, İrəvan tərəfi sazişdə tərəflərin ərazi bütövlüyünün rəqəmlə göstərilməsini istəyir. Yəni tərəflər sənəddə Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 600 kvadrat kilometr ərazisini tanıdığını və bu şərtlər daxilində bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə yazmalıdırlar. Digər razılaşdırılmamış prinsiplərdən biri regional kommunikasiyaların açılmasıdır. Bildirilib ki, Azərbaycan məsələyə dəhliz məntiqi ilə baxdığından razılaşma əldə olunmayıb. Növbəti məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olan məsələdir. Ermənistan istəyir ki, müqavilədə delimitasiya prosesinin aparılacağı, yaxud Ermənistanın sərhədləri müəyyənləşəcək hüquqi sənəd dəqiq göstərilsin. Qeyd edək ki, demarkasiya və delimitasiya ilə bağlı müddəa faktiki olaraq müqavilədən çıxarılsa da, əsasnamə imzalansa da, tərəflərin imzaladığı əsasnamədə heç bir xəritə təsbit olunmayıb. Tbilisidə gürcü həmkarı ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan isə deyib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra bilib: “Biz Azərbaycana sənəd layihəsinin razılaşdırılmış müddəalarının imzalanmasını, diplomatik münasibətlərin qurulmasını və yaxın vaxtlarda müzakirələrin davam etdirilməsini təklif etmişik”. Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var: “Əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan yox, həm də Gürcüstan, Türkiyə və İran olacaq”. "The Economist Group"un araşdırma və təhlil bölməsi bildirib ki, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub. Lakin qeyd olunub ki, sülh müqaviləsi 2024-cü ildə imzalanmayacaq: "Azərbaycan və Ermənistan öz sülh müqaviləsinin şərtlərini müzakirə etməyə davam edəcək. Ermənistan Qarabağa iddiasından əl çəkmək üçün konstitusiyasına dəyişiklik etməli olacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalanacaq".
Azərbaycan Demokratik Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan hökumətinin, Nikol Paşinyanın mövqeyi ABŞ-nin siyasi təzyiqləri altında formalaşıb. Ekspertin sözlərinə görə, bunu gizlətmək mümkün deyil:
"Rusiya regionda yeganə Ermənistanda uduzur. Buna çox hiddətlənsə də, ABŞ ilə bölgədə toqquşma gücünün olmadığını dərk edir. Bunun bizim üçün mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Bu, ondan ibarətdir ki, Cənubi Qafqazda artıq Rusiya təkbaşına geosiyasi ağalığını sürdürə bilmir. Bizim üçün də, Ermənistan üçün də sülh müqaviləsinin tez imzalanması ona görə vacibdir ki, münaqişə yalnız geosiyasi maraqları olan böyük dövlətlərin, xüsusən də Rusiyanın bizim regiona müdaxiləsini asanlaşdırır. Məncə, Ermənistana mühüm təsirlərini nəzərə alaraq, ABŞ ilə müvafiq diplomatik müzakirələr aparmalıyıq. İrəvanı tələblərimizə adekvat cavab verməyə və sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına nail olmalıyıq. Həmçinin bu məsələdə Moskvanın təzyiqlərini strateji müttəfiqimiz olan Türkiyə ilə açıq danışaraq həll etməyə çalışmalıyıq. Sülh müqaviləsinin gecikməsi bizim də maraqlarımıza ziddir".

Geri qayıt