Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Pensiya üçün ödədiyimiz pullar hara gedir?

Pensiya üçün ödədiyimiz pullar hara gedir?


17-09-2024, 08:16
Pensiya üçün ödədiyimiz pullar hara gedir?
Azərbaycanda 2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub.

Bu müavinət 220 manatdır, pensiya kapitalı olmayan, 65 yaşı tamam olmuş vətəndaşlara ödənir.

Pensiya sistemində aparılan dəyişikliklərdən sonra onu əldə etmək hər insana nəsib olmur. Belə ki, vətəndaş 65 yaşa qədər 40 min manatdan artıq pensiya kapitalı yığmalıdır ki, minimum pensiya, yəni 280 manat ala bilsin.

Azərbaycanda sabit, yüksək maaşlı iş ancaq kiçik zümrə üçün əlçatandır, əksəriyyət minimum maaş (345 manat), yaxud median əməkhaqqı (450-500 manat) alır. Nəticədə vətəndaş azı 45 il əmək stajı olmalıdır ki, tələb olunan pensiya kapitalını toplasın.

Qeyd edək ki, mövcud qaydalara görə, orta pensiya müddəti 144 ay (12 il) götürülür. Yəni pensiyaya çıxan vətəndaşın 12 il pensiya alacağı proqnoz edilir. Amma pensiyaya çıxanların əhəmiyyətli hissəsi 70 yaşa çatmadan vəfat edir və nəticədə cəmi 5-6 il pensiya hüququndan yararlana bilir.

Bəs fərdi uçot sisteminin tətbiqi bu gün vətəndaş üçün nə qədər əlçatandır və hansı imkanlar yaradır?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, 2006-cı ildə təsdiq olunan pensiya islahatına görə, fərdi uçot sisteminə keçid tədricən həyata keçiriləcəkdi:

“Hər bir vətəndaşa da bir kart vermişdilər. O fərdi uçotun yığıldığı kart sayılırdı. Həmin kartda vəsait olmalı idi. Buna da tədricən keçilməsi nəzərdə tutulmuşdu. 2017-ci ilə qədər həmin islahat davam etdirildi. Məhz fərqli sektorlarda çalışan əməkçilərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri sığortadan bir hissəsi gedirdi pensiyaçıların pensiyalarının ödənilməsinə, bir hissəsi də fərdi uçotda yığıma gedirdi.

Bildirim ki, əvvəlcə hibrid (yeni qurum), yəni bütün sistemi özündə cəmləşdirən vacib bir alət kimi yaratmışdılar.Tədricən bu hibrid aradan qaldırılacaqdı və əməkçi vətəndaşların yığdıqları vəsait fərdi uçota gedəcəkdi, kapital şəklində yığılacaqdı.

Həmin vəsait yüksək faiz verən banklara yerləşdiriləcəkdi. Yəni bu özü gəlir gətirəcəkdi. Hər il də inflyasiyaya uyğun olaraq Azərbaycan hökuməti həmin kapitalı indeksasiya edəcəkdi. İnflyasiyanın səviyyəsinə uyğun olaraq itirilən dəyəri bərpa oluncaqdı. Lakin 2017-ci ilin 1 iyulunda “Pensiya haqqında” Qanuna edilən dəyişiklik nəticəsində o proses dayandırıldı. Azərbaycan pensiya sistemi yenidən sovet dövründəki pensiya sisteminə qayıtdı . Yəni əmək qabiliyyətli əhali işləyir, pensiyaçıları saxlayır.

Hazırda bizim DSMF-yə ödədiyimiz sığorta pensiya ödənişinə yönəldilir. Rəqəm olaraq yığılan vəsait ki var, əslində sığorta kapitalı adlanır, o pensiyaçını bir-birindən fərqləndirmək üçündür. Hazırda fərdi uçotda heç kimin vəsaiti yoxdur. Ancaq istənilən vətəndaş fərdi uçota vəsait qoya bilər. Gedib DSMF-yə müraciət edib deyə bilər ki, “mənim əməkhaqqımın 50 faizini fərdi uçotuma keçir, mən ondan pensiyaya çıxanda yararlanacam”.

Bu təşəbbüs məmnuniyyətlə yerinə yetirilə bilər. Ancaq o vətəndaş dünyasını dəyişsə, vətəndaşlığını itirsə, ödədiyi vəsait yenə onun özünə qayıtmayacaq. Yaxud pensiyaya çıxanda pensiya kapitalını tam toplaya bilməsə, yenə də ona əmək pensiyası hesablanmayacaq, ona müavinət veriləcək. Bütün hallarda vətəndaş yaşa görə pensiya almaq üçün 65 yaşa çatmalıdır, 40 min 320 min manat sığorta kapitalına malik olmalıdır”.

Ekspertin sözlərinə görə, fərdi uçota yığım vətəndaşa sərf etmədiyinə görə, o təşəbbüsdə olan yoxdur:

“Hazırda fərdi uçot sistemi rəsmən var. Ancaq oraya vəsait qoyan yoxdur. Ümumiyyətlə yığışdırılıb, ancaq bənd olaraq saxlanılır ki, kim istəsə gəlib vəsait qoya bilər. Vəsaitin qoyulmasını təmin edirlər, ancaq pensiya yaşına çatmamış götürmək olmaz. Xaricdə onun ən parlaq nümünəsi Danimarkadadır.

Danimarka hökuməti vətəndaş işlədikcə onun ödədiyi sığortanı kapital olaraq yığır, ən yüksək faiz verən banklarda saxlayır, banklardan gələn vəsait də də pensiyaçının kapitalın üstünə gəlir. Orada özəl pensiya fondları da var. Onlarda indeksasiya yoxdur. Hökumətin üstünlüyü odur ki, büdcə hesabına müəyyən indeksasiya aparır.

Bununla yanaşı özəl fondların üstünlüyü odur ki, kapitaldan daha səmərəli istifadə edib, il ərzində inflyasiyadan bir neçə dəfə çox gəlir əldə edirlər. Orada həm də vətəndaş, əməkçi Danimarka vətəndaşlığından çıxıb Azərbaycana gəlmək istəyirsə, əgər iki ölkənin DSMF üzrə müqaviləsi varsa, həmin vəsaiti Azərbaycana köçürür Azərbaycanda işləyib pensiya kapitalı yığmağa davam edəcək.

Əgər müqaviləsi olmayan ölkənin vətəndaşlığını qəbul edirsə, həmin vəsait dərhal çıxarılıb vətəndaşa təqdim olunur. Yaxud pensiya yaşına çatmadan vətəndaş dünyasını dəyişirsə, həmin vəsait vərəsələrə nə qədər nəzərdə tutulubsa, ona qaytarılır”.

Geri qayıt