Əsas Səhifə > Güney Press > "Trampın seçkilərdə məğlub olmaq şansı kifayət qədər yüksəkdir"

"Trampın seçkilərdə məğlub olmaq şansı kifayət qədər yüksəkdir"


14-09-2024, 18:56
"Trampın seçkilərdə məğlub olmaq şansı kifayət qədər yüksəkdir"
“Donald Trampla Kamala Harris arasında Pensilvaniya ştatında keçirilmiş debat əslində heç nəyi müəyyənləşdirmədi. Əgər biz məsələyə bir az dərindən baxsaq, onun ictimai rəyə təsir, şou tərəfini kənara qoysaq, bu gün birmənalı şəkildə demək olar ki, güclər bərabərdir. Baxmayaraq ki, Trampa qarşı çox ciddi ittihamlar var. Özü də həmin ittihamlr yalnız demokratlar, onlara bağlı güclü media resursları tərəfindən deyil, elə Respublikaçılar Partiyasının özündən olan tanınmış şəxslər tərəfindən də səslənir. Onlar arasında son 20 ildə prezidentliyə namizəd olmuş, iki keçmiş vitse-prezident də var; bunlardan biri oğul Buş dönəmində vitse-prezident olmuş Dik Çeynidir, digəri isə Tramp dönəmində vitse-prezident olmuş Mayk Pensdir. Onlar açıq şəkildə əks düşərgənin namizədinə, yəni Kamala Harrisə dəstək verib. Və belə tanınmış respublikaçıların sayı nə az, nə çox, düz 20 nəfərdir. Bu, çox ciddi göstəricidir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında “Prezidentliyə namizədlər Donald Trampla Kamala Harrisin debatına Amerika cəmiyyətinin reaksiyalarından sonra hansı nəticəyə gəldiniz? Deyəsən, Harrisin qalib gəlmək şansları daha çoxdur?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu səsləndirib.

“Bütün bunlar belə bir görüntü yaradır ki, Trampın seçkilərdə məğlub olmaq şansı kifayət qədər yüksəkdir. Və debat haqqında da ictimai rəy belədir ki, üstünlük Harrisin tərəfində olub. Amma məsələ burasındadır ki, rəy sorğuları bir qədər fərqli nəticələr ortaya qoyur. Müxtəlif sosioloji araşdırma mərkəzlərinin, media vasitələrinin keçirdiyi rəy sorğuları şansların aşağı-yuxarı bərabər olduğunu göstərir. Digər bir maraqlı fakt da ondan ibarətdir ki, Respublikaçılar Partiyasından olan yuxarıda qeyd etdiyim 20 nəfər tanınmış aparıcı siyasətçinin mövqeyinə rəğmən sorğular göstərir ki, respublikaçıların 95-97 faizi Trampı dəstəkləyir. Həlledici amil də, əlbəttə ki, seçicilərin səsidir”, -deyə davamında analitik bildirib.

“Bilirsiz ki, ictimai rəyə təqdim olunan ekspert dəyərləndirmələri və yaxud sosioloji sorğular bir çox hallarda elə ictimai rəyə təsir məqsədi güdür və təsir vasitəsi olur. Ona görə də burada namizədlərin şansları haqda nəsə söyləmək hələ çox çətindir. Ancaq bir maraqlı rəy var. Mən həmin rəyin hansı tərəfdən, kim tərəfindən səsləndirildiyini xatırlamıram. O şəxs dedi ki, Harris debatı uddu, lakin seçkinin taleyi hələ qeyri-müəyyəndir. Ona görə də deməzdim ki, bugünkü ümumi ab-hava, ümumi mənzərə seçkilərin necə, kimin qələbəsi ilə yekunlaşacağına deməyə əsas verir. 2016-cı il prezident seçkilərində ABŞ-də aparılmış bütün rəy sorğuları, bütün sosioloji araşdırmalar birmənalı şəkildə göstərirdi ki, Hillari Klinton qalib gələcək, amma sonda seçici üstünlüyü Trampa verdi. Ona görə də ABŞ-dəki seçkilərin nəticələri haqda bu gün hansısa qəti bir rəy söyləmək, hesab edirəm ki, qeyri-mümkündür. Və dediyim kimi, Amerika mediasında da bu barədə fikir söyləyənlərin, proqnoz verənlərin çoxu əsasən ictimai rəyə təsir məqsədi güdür”, - sonda ekspert vurğulayıb.

Geri qayıt