Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ABŞ-dan Zəngəzur mesajı: “Vəziyyət ciddiləşir, ilk dəfə olaraq...”

ABŞ-dan Zəngəzur mesajı: “Vəziyyət ciddiləşir, ilk dəfə olaraq...”


14-09-2024, 14:14
ABŞ-dan Zəngəzur mesajı: “Vəziyyət ciddiləşir, ilk dəfə olaraq...”
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Tehran və Moskva arasında Zəngəzur dəhlizi ilə bağlı gərginliyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Jamestown Foundation” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Amerikalı analitiklərə görə, Putinin 18-19 avqust tarixlərində baş tutan Bakı səfəri Rusiyanın regionda öz mövqelərini saxlamaq cəhdlərini göstərmək üçün idi:

“Gözləntilərinin əksinə olaraq, səfər heç bir əsaslı razılaşma və ya siyasi-iqtisadi müqavilələrlə yadda qalmadı. Birgə təşəbbüslər, o cümlədən ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, Rusiya-Azərbaycan Universitetinin yaradılması, neft tankerlərinin birgə istehsalı ilə bağlı bir sıra açıqlamalar verildi.

Əldə edilmiş razılaşmaların təvazökar xarakterini nəzərə alan bir çox yerli və beynəlxalq müşahidəçilər Putinin səfərinin əsas motivasiyasını Rusiyanın dostı və müttəfiqlərinin mövcudluğunu, Qərbin görmək istədiyi kimi diplomatik təcriddə olmadığını göstərmək kimi şərh edirlər”.

Məqalədə qeyd olunur ki, Putinin Bakı səfərindən sonra Rusiyanın İranla münasibətlərində böhran yaranıb:

“Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqəlidir. O bildirib ki, bu, Ermənistanın Sünik vilayəti (Zəngəzur) vasitəsilə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək planlaşdırılmış nəqliyyat marşrutudur. 2020-2021-ci illərdə imzalanmış Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli anlaşmalarının həyata keçirilməsinin önəmini vurğulayan Lavrov İrəvanı Sünikdən keçən yolla bağlı Baş nazir Nikol Paşinyanın imzaladığı sazişi sabotaj etməkdə ittiham edib.

Lavrovun bəyanatı Ermənistanda böyük səs-küyə səbəb olub. Ermənistan Xarici İşlər Nazirliyi bunu “yalan, qərəzli və hörmətsizlik” adlandırıb.

Marşrutla bağlı fikir ayrılığı Moskva və İrəvan arasında qarşıdurmaya səbəb olub və bu gərginliyin yaxın aylarda daha da artacağı gözlənilir”.

Təhlildə bildirilir ki, Rusiya sərhəd qoşunlarının Zəngəzur dəhlizində yerləşdirilməsi Kreml üçün regionda nüfuzlu rolunu saxlamaq üçün xüsusi önəm kəsb edir.

İranın cavabına gəlincə, Putinin səfərindən sonra müxtəlif İran rəsmiləri və KİV-ləri Rusiyanın Zəngəzur dəhlizini açmaq səylərini davamlı tənqid edərək, bunu “İran-Ermənistan sərhədini kəsəcək geosiyasi manevr” adlandırırlar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın “narahatlığından” Moskvanın xəbərdar olduğunu deyib: “Rusiya hesab edir ki, müvafiq anlaşmalar qarşılıqlı razılıq əsasında və hər iki tərəf üçün məqbul şərtlərlə həyata keçirilməlidir”.

Zaxarovanın sözlərinə görə, bu, Azərbaycan və Ermənistan, eləcə də onlara qonşu olan Türkiyə, Rusiya və İranın maraqlarına xidmət edən şəkildə olmalıdır.

“Bu bəyanat İran tərəfini sakitləşdirmədi. Sentyabrın 3-də Rusiyanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılaraq ona bildirildi ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi və regionda geosiyasi dəyişikliklərə qarşıdır.

İranın Ermənistandakı səfiri də belə deyib: “Zəngəzur dəhlizi ilə bağlı bütün xəyallar, illüziyalar heç vaxt baş tutmayacaq. Bütün nəzarət Ermənistan hökuməti tərəfindən, onun suverenliyi altında həyata keçirilməlidir”, - məqalədə vurğulanır.

ABŞ-ın analitik mərkəzi qeyd edir ki, ilk dəfədir İran Zəngəzur dəhlizi ilə bağlı tənqidlərini açıq şəkildə Rusiyaya yönəldir:

“Əsas sual budur: niyə indi? Ola bilsin, İran hakimiyyəti Rusiyanın bu tranzit marşrutunun reallaşdırılması istiqamətində konkret addımlar atacağını düşünür və ya tənqidlər Moskva ilə Tehran arasında gərginliyin dərinləşməsinin təzahürü ola bilər. Digər sual isə Rusiyanın çoxdan Ermənistan-İran sərhədində sərhədçilərinin olması ilə bağlıdır. İran Rusiyanın qonşuluğunda hərbi mövcudluğunun güclənməsindən də narahat ola bilər.

Bu sualların cavabı indiki mərhələdə qeyri-müəyyən olsa da, Tehranın Rusiya sərhədçilərinin Zəngəzur dəhlizində yerləşdirilməsinə qarşı çıxması regional nəqliyyat marşrutlarının yenidən açılması ilə bağlı danışıqları daha da çətinləşdirir. Bu, Moskva ilə Tehran arasında daha ciddi problem yarada bilər”.

Geri qayıt