Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Naxçıvan təhsilində ŞOK YENİLİK

Naxçıvan təhsilində ŞOK YENİLİK


12-09-2024, 14:00
Naxçıvan təhsilində ŞOK YENİLİK
Naxçıvan Muxtar Respublikasının (MR) bir sıra kəndlərinin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edir ki, Naxçıvanın bəzi kəndlərində sinifləri birləşdirərək, dərs keçirilir. Yəni tədris bu formada davam etdirilir. Sakinlər hesab edir ki, Naxçıvanda gənclərin gələcəyinin, ümumiyyətlə təhsilin məhv edilməsi yönündə “islahatlar” gedir:

“Naxçıvan MR indi Vasif Talıbovun vaxtından da lap bərbad durumdadır. Təhsil Naziri iclas edib və qərara gəliblər ki, kənd məktəblərində 1-3 və 2-4 siniflər birləşdirilib, bir yerdə dərs keçirilsin. Yəni hər ibtidai sinif müəlliminin maaşından 400 manat kəsib, aylıq 100 və yaxud 150 manat versinlər, qalan pulu isə mənimsəsinlər.

Bununla bərabər məktəblərin kənd təsərrufat müdirləri, xadimələri, katibləri də işdən çıxarırlar. “Biz necə dolanaq” sualına isə, “Bu, bizi maraqlandırmır” cavabını verirlər.

15 sentyabrda heç bir müəllim və şagird dərsə getməyəcək. Təhsilin gələcəyini məhvə aparan dövlətin nə təhsili, nə də pulu bizlərə lazım deyil. Lazım olsa, başqa dövlətlərdən kömək, sığınacaq istəyərik. Çünki 45 dəqiqə olan bir dərsdə necə həm 1-ci, həm də 3-cü sinifin şagirdlərini öyrətmək olar? Özləri o qədər cahil, savadsızdırlar ki, kənddə yaşayanları özləri kimi bilirlər. Amma düşünmürlər ki, bütün ziyalılar və alimlər elə kənd yerlərindən çıxıb. Bu gün ağlayan müəllimə “az artistlik elə, rədd ol, get dilən” deyən Təhsil şöbəsinin müdiri nə qədər qudurub, harınlayıb ki, müəllimə bu sözü deyir?! Bu gücü kimdən alır? Naxçıvan Təhsil naziri deyir ki, kim acından öldü, kimə nə oldu, bizə maraqlı deyil. Unutmasınlar ki, torpağımızı işğaldan azad edənlər elə kasıb və kənd ailələrinin övladlarıdır”.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Hürriyyət”ə bunları danışdı:

“İlk növbədə qeyd edim ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilməlidir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə şagirdlərin sayı 20 nəfərdən az ola bilər. Ona görə də şagird sayı 3-5 olan halda belə, onları birləşdirmək yox, ayrı-ayrı siniflər təşkil etmək lazımdır.

Şagird sayı yetərli olmayan siniflərin birləşdirilməsi qanunvericiliyə görə doğrudur. Komplektləşdirilmiş siniflərlərin yaradılması sovetlər dövrünün praktikasında da mövcud olub. Müstəqilliyimiz dövründə də bu barədə qərarlar qəbul olunub. Yəni burda qeyri-qanuni bir şey yoxdur. Sadəcə olaraq günü-gündən inkişaf edən, hər il yüzlərlə yeni, müasir məktəblər tikən ölkəmiz üçün bu tipli siniflər yaxşı hal deyil.

Amma real vəziyyət odur ki, komplektləşdirilmə nəticəsində şagirdlər tədrisdən geri qalır, dərs mənimsəməsi aşağı səviyyədə olur.

Hesab edirəm ki, müxtəlif yaş, dünya görüşü və bilik səviyyəsinə malik şagirdlərə bir sinifdə dərs keçirilməsi uşaqların gələcəyinin məhv edilməsidir. Bölgələrdə birinci sinfə gələn uşaqlar heç bağçaya getməyiblər. Hərəsi bir ailədən gəlib, dərsdə özlərini aparmağı, partada oturmağı belə, bilmirlər. Eyniyaşlı paralel siniflərin birləşdirilməsi başa düşüləndir, amma belə fərqli yaşda şagirdlərin bir yerdə təhsil alması uşaqlarımızın gələcəyini məhvə aparacaq.

45 dəqiqə dərs mddətində 2 fərqli sinfə keyfiyyətli təhsil verilə bilməz. Müəllim dərs keçsin, tapşırığı soruşsun, yazı yazdırsın, hansına çatdırsın? 1-cilərlə məşğul olanda 3-cülər mane olur, 3-cülərlə məşğul olanda 1-cilər”.

Elm və təhsil üzrə ekspert, “Elm” İctimai Birliyinin sədri Səbuhi Abdullayev isə bildirdi ki, ucqar kənd və rayonlarında şagird sayının kifayət qədər az olması bəzən bir sinifdə bir şagirdin və ya iki şagirdin olması təhsilin aparılmasına imkan vermir. Buna görə məcburən siniflər birləşdirilir:

“Təbii ki, bu, təhsilin keyfiyyətinə öz təsirin göstərir. Amma müəllimin peşəkarlıq səviyyəsi yaxşıdırsa, bunu aradan qaldırmaq elə də çətin deyil. Tədrisin aparılması qaydasındadır. Çünki bu kimi halların qarşısının alınması üçün Təhsil Nazirliyinin modul tipli mərkəzləri inşa edilir. Təbii ki, müəllimlərin ucqar rayonlarda işləməkdən imtina etməsi, eyni zamanda şəraitin çətin, dağlıq ərazi olması, fədəkar müəllimlərin tapılmaması bu kimi hallara gətirib çıxarır”.

P.S. Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü açıqlamışdı. Nazir təhsilin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü, bu mənada bərabərliyi təmin etmək üçün lazımi addımların atılmasının vacibliyini vurğulamışdı.

Geri qayıt