Əsas Səhifə > Güney Press > Din təhsil ocaqlarında tədris olunmalıdırmı?

Din təhsil ocaqlarında tədris olunmalıdırmı?


12-09-2024, 00:05
Din təhsil ocaqlarında tədris olunmalıdırmı?
Din mənəvi dəyərdir, orta məktəb və universitetlərdə dini biliklərin verilməsi heç də dini simvolların təhsil ocaqlarına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil.
Bəs dini savadsızlığın qarşısı necə alına bilər?

İlahiyyatçı Hacı Təyyar Hüseynli "Sherg.az"a söyləyib ki, insan həyatının ilkin mərhələsi təhsildən qaynaqlanır:

''Uşağın təhsiləqədər tərbiyəsi ailə dəyərlərindən gəlir. İkinci mərhələ isə daha ciddidir. Belə ki, bundan sonra insan cəmiyyətdə gördüklərindən nəsə öyrənir. Dini təlimin təhsil ocaqlarında tədris olunması ilə bağlı fikirlərim fərqlidir. Fikrimcə, dini təhsilin dərinlikləri mühitimizdə ideoloji diskriminasiyaya gətirib çıxarır. Yəni, din dedikdə sadə dini təlimdən söhbət getmir. Bizim ölkədə ictimai-siyasi sabitliyi qorumaq üçün dini təhsilin ibtidai mərhələsini təlim xarakterli təşkil etmək olar. Digər dinləri təbliğ etmək isə başağrısına səbəb ola bilər. Azərbaycanda məktəblərdə, baxçalarda dini dəyərlərimizin tədrisinin cəmiyyətin tərbiyyəsində müsbət əhəmiyyəti ola bilər. Bunun üçün sağlam milli məfkurəli mütəxəssis bazası lazımdır. Bir sözlə, bu sahədə ciddi işlər görmək gərəklidir. Bununla, insanların dini maariflənməsində cəmiyyətimizdə müsbət nəticələr əldə edəcək. Ümumiyyətlə dinin təbliği ciddi və həssas məsələdir. Ona görə də dini təbliği elə bir formatda qurulmalıdır ki, genefondumuzda ciddi problemlər yaranmasın. Qeyd edim ki, millətimizi, dövlətimizi sevməyən, gözü götürməyən çirkin məqsədlərə xidmət edən təbliğat maşınları da var. Bu səbəbdən ehtiyyatlı olmalıyıq. Din mənəviyyatdır və onda saflıq, doğruluq mövcuddur. Lakin qarşıdurma, parçalanma, söh-söhbətin dinlə əlaqəsi yoxdur''.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, din dövlətdən ayrı istiqamətdədir:

''Dinlə təhsil yanaşı gedə bilməz. Qeyd edim ki, ibtidai təhsil pilləsində dinlərlə bağlı qısa da olsa, məlumat verilir. Lakin dinlə əlaqədar hər bir şagirdə mütləq informasiya verilməlidir deyə, bir məcburiyyət yoxdur. Çünki hər kəsin dini etiqad azadlığı var. Fikrimcə, hansısa dini dərsliyin elm təhsil müəsisəsində tədrisi doğru deyil. Ona görə ki, hər iki sahə fərqli yönlərə xidmət edir. Dini savadsızlığın qarşısını almaq üçün çalışmalıyıq ki, insanlar dini, radikal cərəyanların təsirinə düşməsinlər. Zənnimcə, hər birimiz üçün din barədə ilkin təsəvvürlərimizin olması yetərlidir".

Geri qayıt