Əsas Səhifə > Güney Press, Manşet > Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb

Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb


11-09-2024, 16:52
Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Samir Cəfərov 9 ünvanında yerləşən 8 blokdan ibarət 144 mənzilli binanın istilik xətlərinə aid avadanlıqlar oğurlanıb. “Azəristiliktəchizat” ASC tərəfindən binanın bloklarına yerləşdirilən elanda deyilir ki, baş verən oğurluq hadisəsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə və yerli polis idarəsinə məlumat verilib. Həmçinin qeyd olunur ki, həmin oğurlanmış avadanlıqlar bərpa olunmazsa, 2024-2025-ci il payız-qış mövsümündə binanın istiliklə təmin olunması mümkün olmayacaq.

Sözügedən problemlə bağlı “AzPolitika”-ya müraciət edən bina sakinləri binanın bütün bloklarının istilik avadanlıqlarının oğurlanmasını birmənalı qarşılamayıblar. Sakinlər baş verən hadisənin arxasında şübhəli məqamların olduğunu bildiriblər:“Binanın bütün bloklarına bu elanı yapışdırıblar. Necə olur ki, bir oğru zirzəmiyə girib, 2-4 “vintel”i, dəmir və ya plastik turbaları, digər avadanlıqları kəsib aparır və həmin adamı tapmaq mümkün olmur. Bu, ağlabatan hadisə deyil. Ayrı-ayrı vaxtlarda da bu cür oğurluq hadisələri olub, həmin adamlar tapılıblar. Ancaq bu məsələdə nəsə qaranlıq və bizə aydın olmayan məqamlar var”.

Bina sakinlərinin sözlərinə görə, istilik xətlərinin bərpası insanlardan toplanılan vəsait hesabına bərpa olunacaq:“Binada maddi imkanı aşağı olan ailələr var. Onlardan yığılan vəsait hesabına istilik verilişini bərpa etmək istəyirlər. Bəlkə də öz oğurladıqları “vintel”ləri gətirib sonradan yerinə quraşdıracaqlar... Digər tərəfdən, bu oğurlanan avadanlıqlar idarə tərəfindən bərpa olunmalıdır. Çünki bu avadanlıqların təmiri, bərpası idarələrin məsuliyyətindədir və biz buna görə pul ödəyirik. Biz bu məsələnin düzgün araşdırılmasını və həmin şəxslərin cəzalandırılmasını tələb edirik”.

Bu barədə “Azəristiliktəchizat” ASC-nin sahə rəisi Vasif Əliyev “AzPolitika”-ya açıqlamasında bildirib ki, sakinlərin narhatçılığı başadüşülən deyil:“Həmin binanın 3 blokunun istilik avadanlıqları oğurlanıb. Bunu 1 həftə əvvəl binanın zirzəmisinə baxış keçirən zaman aşkar etmişik. Bu barədə yerli icra hakimiyyətinə və polis idarəsinə, eləcə də Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə məlumat verilib. Ümumiyyətlə, o ərazidə digər binalarda da analoji hadisə baş verib. Məsələn, Q yaşayış sahəsində 3 binada bu cür oğurluq hadisəsi baş verib. Biz əvvəlcədən elanımızı paylaşmışıq ki, sabah havalar soyuyan zaman problem olmasın”.
V. Əliyev qeyd edib ki, hazırda hüquq mühafizə orqanları tərəfindən həmin hadisəni törətmiş şəxs və ya şəxslərin axtarışı davam edir:“Axtarışda olan şəxslər tapılarsa, həmin “vintel”ləri, oğurladıqları avadanlıqları gətirib yerinə qoysalar, problem həllini tapar. Əks halda sakinlər pul toplayaraq həmin avadanlıqları almalıdırlar. Bizim idarə bu avadanlıqların quraşdırılmasında sakinlərə köməklik göstərməyə hazırdır”.

Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb

Geri qayıt