Əsas Səhifə > Güney Press > Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda
Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda9-09-2024, 16:59 |
Məsud Pezeşkianın prezident seçilməsi nikbin proqnozları hələ ki doğrultmur; İranın "Zəngəzur dəhlizi" əleyhinə ritorikası səngiməyib. Əksinə daha da sərtləşib. Əvvəla, bu, bir daha onu göstərdi ki, İranda prezident postunun funksionallığı sırf texniki xarakter daşıyır. "İslahatçılar"-"mühafizəkarlar" bölgüsü də mahiyyətcə şərti səciyyəlidir. Ölkəni, əlbəttə ki, hələ də və yenə də Ali Dini Rəhbər idarə edir; siyasəti o formalaşdırır, prezident, sadəcə, texniki icraçıdır. Bir ölkədə ki silahlı qüvvələrin səs tonu siyasi qüvvələrin səsini "batırır", orda hansısa sivil siyasi prosesdən danışmağa dəyməz. İkincisi, konkret olaraq, "Zəngəzur dəhlizi" layihəsi ətrafında gedən proseslər göstərir ki, İranla Qərb arasında "düşmənçilik" də, İranın Rusiya ilə "dostluğu" da, Azərbaycana və Türkiyəyə münasibətdə "mehriban qonşuluq" ədəbiyyatı da, yumşaq desək, sürüşkən xassəlidir. Bir müddət əvvələ qədər Tehran "Zəngəzur dəhlizi" proyektinə görə konkret olaraq Azərbaycanı ittiham edirdi; özünün "qırmızı xətləri" ilə bağlı Azərbaycana və Türkiyəyə sərt mesajlar verir, təhdid sovururdu. Halbuki bu nəqliyyat dəhlizi ilə bağlı sənədlərdə təkcə Azərbaycanın deyil, Ermənistanın və Rusiyanın da imzaları var. Türkiyənin isə, ümumiyyətlə, bu haqda heç bir sənəddə imzası yoxdur. O halda niyə tək Azərbaycanın hədəf seçilməsi, yumşaq desək, sual doğururdu. Hələ Türkiyəni demirəm. Bəli, Ankara bu nəqliyyat dəhlizində maraqlıdır və öz səbəbləri, öz maraqları var. Çinin və ya bir sıra başqa dövlətlərin də bu dəhlizdə maraqlı olduğu kimi. O halda İranın zaman-zaman Türkiyəyə də "sarı kart" göstərmək cəhdi daha bir müəmmadır. Çinə niyə etiraz etmir, məsələn?! Pekin Azərbaycanla birgə bəyannamədə bu layihəni dəstəkləyib. Amma İranın Çinə səsi çıxmır. Əlbəttə, İran "Orta dəhliz"i bir növ "türk dəhlizi" kimi görür və onu qıcıqlandıran Türkiyə-Cənubi Qafqaz və Mərkəzi Asiya xəttinin güclənməsi, türk birliyinin ideyadan reallığa çevrilməyə doğru getməsidir. Bu birlik reallaşdıqca, onun İran coğrafiyasındakı türk toplumu üçün də cazibə mərkəzi olacağından Tehran narahat olur. "Zəngəzur dəhlizi"nə qarşı bu qədər sərt çıxışları da burdan irəli gəlir. Hərçənd Tehran bu irrasional qorxulardan xilas olub, rasional tərəfdaşlığa üstünlük versə, bu işdən çox böyük fayda götürə bilər. O cümlədən, Ermənistan özü də. Ancaq hələ də hər ikisi bu məsələdə praqmatik yanaşma göstərmirlər. Bu yaxınlarda Azərbaycan maraqlı bir gediş etdi: "Zəngəzur dəhlizi" məsələsini Ermənistanla sülh müqaviləsindən çıxarıb, sonraya saxladı. İndi sadə məntiqə görə, İranın Azərbaycana bu haqda deyəcək bir sözü yoxdur. "Qırmızı xətt" "ədəbiyyat"ı Ermənistana və Rusiyaya yönəlməlidir, elə deyilmi?! İlk növbədə isə Ermənistana. Çünki əsas öhdəlik Ermənistanın üzərindədir; mübahisə predmeti yolların Ermənistan ərazisindən keçən hissəsinə aiddir. Ermənistan hökuməti özü də bu dəhlizdən imtina etmir, sadəcə, onun kimin nəzarəti altında olması ilə bağlı tərəddüdü var. Yaxud bu sual-tezis ətrafında "rəqs edir". Amma bir yandan da, dəhlizin Rusiya sərhədçilərinin nəzarətində olması ilə bağlı rəsmən öhdəlik götürüb. Deməli, İran öz qəzəbini ən çox hansı ölkəyə yönəltməlidir?! Ermənistana. Amma Azərbaycanın diplomatik manevrindən sonra Tehran Rusiyanı hədəfə alıb. Halbuki Rusiya istəyən tərəfdir, öz ərazisindən keçid vermək istəyən tərəf isə Ermənistandır. İran isə Ermənistanı bərk-bərk qucaqlayıb, əksinə Rusiyanın üstünə gedir. Əlbəttə, dəhlizə Rusiyanın nəzarət etməsi, əslində, başqa aktorların da marağında deyil. O cümlədən, Azərbaycanın və Türkiyənin. Ancaq hər bir halda ortada rəsmi sənədlər var; 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar var. O sənədlərdən bəziləri imzalananda Rusiya-Ukrayna müharibəsi də yox idi, Azərbaycan da öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməmişdi, Qarabağda hələ rus qoşunu vardı. Yəni həmin vaxt Azərbaycan Rusiyanın bu məsələdə maraqlarına, istəklərinə blok qoya bilməzdi. Həm də bu, Ermənistan ərazisinə aid məsələ idi; nəqliyyat dəhlizində Rusiyanın nəzarəti haqda müddəaya, təbii ki, Ermənistan etiraz etməli idi, Azərbaycan yox. Odur ki, Rusiyanın "Zəngəzur dəhlizi"nə nəzarəti tək İranı qıcıqlandırmır. Amma Ermənistan Azərbaycanın və Rusiyanın qarşısında öhdəlik götürüb. İran öhdəlik götürəni qoyub bir kənara, bu təklifi irəli sürənlərin üstünə hücum çəkir. Bu, təbii ki, adekvat olmayan bir yanaşmadır. Bununla da bitmir; "Zəngəzur dəhlizi" layihəsində maraqlı olan əsas aktorlardan biri də ABŞ-dır (hələ Avropa İttifaqını bir yana qoyaq). İran özünü elə aparır, sanki ABŞ-ın bu layihəyə verdiyi dəstəkdən xəbəri yoxdur. Məhz ABŞ və Avropa İttifaqı İrana sanksiya qoyub. Tehranın "Böyük Şeytan" elan etdiyi ABŞ bölgəyə yerləşir; öz hərbi-siyasi gücü, qoşunu, silahı, eləcə də, iqtisadi proyektləri ilə Ermənistana daxil olub, möhkəmlənir. Ermənistanla birlikdə hərbi təlimlər keçirir, sərmayələr yatırır, strateji obyektlərini və məntəqələrini nəzarətə götürür (o cümlədən, İranla sərhəd bölgəsi olan Qərbi Zəngəzurda), amma rəsmi Tehranın tükü də tərpənmir. Öz düşməninin - Amerikanın Ermənistana yerləşməsini səssizcə müşahidə edir, heç nə demir, öz müttəfiqinə, öz qonşularına isə bir-birindən kəskin hədələr göndərir. Ən anlaşılmaz davranış, paradoks bu olsa gərək! Belə çıxır ki, İran "dost" dediyi ilə, əslində, dost deyil, "düşmən" dediyi ilə də, əslinfə, heç düşmən deyil. Ermənistanda - Zəngəzurda çox qəribə geopolitik simbioz - İran-Amerika gizli ittifaqının konturları görünür, sanki. Başqa cür izah etmək çətindir. Azərbaycanın mövqeyinə qayıtsaq, rəsmi Bakı bu problematikaya dair çox doğru xətt seçib. Bu xəttdə iki ağıllı manevr özünü göstərir: birincisi, İranla imzaladığı memorandumdur. Həmin sənədə görə nəqliyyat dəhlizinin bir qolunun İran ərazisindən keçməsi nəzərdə tutulur (buna şərti olaraq, "Araz dəhlizi" deyənlər də var). Bu manevr İranın Azərbaycana qarşı mövqeyini əsaslı olaraq neytrallaşdırır. İkinci maraqlı manevr isə, dediyimiz kimi, "Zəngəzur dəhlizi" məsələsini Ermənistanla sülh sazişi layihəsindən çıxarmağıdır. Bununla Azərbaycan həm Ermənistanın özünün sülhdən qaçışına bir əngəl qoydu, eyni zamanda yenə İranın rəsmi Bakıya qarşı ittihamlarını neytrallaşdırdı. Ən əsası isə, bununla "Zəngəzur dəhlizi" ətrafındakı ziddiyyətləri, qarşıdurmanı Tehran-Bakı, Tehran-Ankara xətlərindən Tehran-Moskva, Tehran-Pekin, Tehran-Vaşinqton diplomatik platformalarına keçirmiş oldu. Bakı bu addımı ilə faktik olaraq "Orta dəhliz" proyektinin reallaşmasında maraqlı olan böyük dövlətlərə mesaj verdi: Uzaq Şərqdən "uzaq" Qərbə yol istəyən böyük güclər, qoy, özləri İrəvanı və Tehranı yola gətirməyin yolunu tapsınlar. Rəsmi Bakının bu addımından sonra Rusiya prezidenti Bakıya gəldi; gündəmində "Zəngəzur dəhlizi" də vardı. Və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun: "Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq nəqliyyat dəhlizi layihəsini sabotaj edir" deyə verdiyi sərt bəyanat da yaddaşlardadır. Bundan sonra nələr olacaq? Əlbəttə, zamanla görəcəyik. Ancaq bir şey aydındır ki, Rusiya ilə Ermənistan, Rusiya ilə İran arasında, eləcə də, Rusiya ilə Qərb arasında bu məsələyə dair mövqe toqquşmaları sərtləşəcək. Nəticə Rusiya-Ukrayna trekində hadisələrin inkişafından asılı olaraq. Həmin bölgədə hər hansı formada sülh və ya ən azı atəşkəs sazişi əldə olunarsa, Moskvanın da, Vaşinqtonun da, Brüsselin də nəzərləri Ermənistan üzərinə daha çox cəmləşəcək. Beləliklə deyə bilərik ki, Cənubi Qafqaz daha ciddi geopolitik dəyişikliklər ərəfəsini yaşayır. Bu baxımdan, bu payız Gürcüstandakı parlament seçkiləri və postseçki dövrü bölgədə Rusiya-Qərb qarşıdurmasının ilkin, ən qızğın və həlledici mərhələsi olacaq. Bu, məlum səbəblərdən Azərbaycanı və Türkiyəni, eləcə də, Gürcüstan müsəlmanlarının müəyyən hissəsini öz təsiri altına salmış İranı da yaxından ilgiləndirən seçkilər olacaq. İki il sonra isə Ermənistanda seçkilər var; Cənubi Qafqaz üstündə geosiyasi savaşda daha bir cəbhə açılacaq. Bu haqda, əlbəttə, sonrakı yazılarımızda ətraflı təhlillər verməyə çalışacağıq. Bahəddin Həzi, Bizimyol.info Geri qayıt |