Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri...
ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri...7-09-2024, 14:12 |
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, o, ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı danışıqlar aparmaq üçün səfər edib. “ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün Bakıda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prioru salamlamaqdan məmnunuq”, - səfir Libby bildirib. Səfər proqramı barədə təfərrüatlı məlumat verilmir. Maraqlıdır, ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana rəsmi səfərinin arxasında hansı gizli məqamlar dayanır? Səfərin mahiyyəti Rusiya ilə münasibətlər və regiondakı proseslər ola bilər? Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına mühüm rol oynayan dövlətdir: “Ötən 33 ildə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə töhfə verməsi barədə Azərbaycan rəsmiləri tərəfindən çoxsaylı müsbət fikirlər səsləndirilib. Bütövlükdə, ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını bir qayda olaraq kəşfiyyat kanalları vasitəsilə məlumatlandıraraq onları arzuolunmaz hadisələrdən sığortalamağa çalışır. Ehtimal oluna biləcək xüsusi terror hadisələri ilə bağlı müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırır. ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri Rusiya ilə bağlı ola bilməz. Çünki Rusiya ilə münasibətlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Rusiyanın İranla yaxınlaşması və Ermənistana təzyiqləri daha çox siyasi mövzulardır. Səfərin məqsədi ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərini möhkəmləndirməklə bağlıdır. Həm də Azərbaycana terror hadisələrinin artma ehtimalı ilə bağlı məlumatlar verməkdir”. Geri qayıt |