Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İrəvanın son təklifində Fransa izi

İrəvanın son təklifində Fransa izi


7-09-2024, 08:55
İrəvanın son təklifində Fransa izi
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yeni təklif irəli sürüb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, İrəvan dəhlizin təhlükəsizliyinin özəl xarici şirkət tərəfindən həyata keçirilməsi məsələsini Azərbaycanla müzakirə edir. Bəzi ekspertlər İrəvanın bu təklifini Rusiyanı dəhlizə nəzarət prosesindən kənarlaşdırılması kimi dəyərləndirirlər.

Maraqlıdır, İrəvanın belə bir təklifi irəli sürməkdə məqsədi nə ola bilər? Bu təklifi Qərb güc mərkəzlərinin təlimatı əsasında irəli sürülüb? Bu təklifin əsas təşəbbüskarları ABŞ və Aİ-dir? Ən əsası da Bakı və Ankaranın bu təklifə münasibəti necə olacaq? Bu təklif Bakı və Ankaranın maraqlarına uyğundur? Bakı və İrəvan bu məsələdə razılığa gələ bilməsi mümkündür?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Qərb güc mərkəzləri regionda növbəti siyasi oynamaq istəyir:

“Zəngəzur dəhlizinin hansısa özəl xarici şirkət tərəfindən nəzarət olunması təklifi Paşinyan hakimiyyətinin və onun beynəlxalq himayədarları - ABŞ, Avropa İttifaqı və Fransanın avantürasıdır, növbəti məkrli siyasi oyunudur. Əsas məqsəd dəhlizin Azərbaycan, Türkiyə və Rusiya deyil, məhz Qərb tərəfindən nəzarət olunsun. Başlıca hədəfləri Zəngəzur dəhlizini ələ keçirməkdir.

Əgər Nikol Paşinyan Zəngəzur dəhlizinin hansısa özəl xarici şirkət tərəfindən nəzarət olunması təklifini irəli sürübsə, bu, o deməkdir ki, təklifin arxasında Fransa dayanır. Yəni həmin özəl şirkətin Fransaya məxsus olacağı istisna deyil.

Özəl şirkət Avropa İttifaqının himayəsi altında olsa belə, bu şirkətin Fransaya aid olacağı şübhə doğurmur. İstənilən halda dəhlizə Fransa şirkətinin yerləşdirilməsi ehtimalı inandırıcıdır. Rəsmi Paris Aİ adından Zəngəzur dəhlizinə yerləşmək və bu dəhlizi nəzarətə götürmək hədəfini qarşısına qoyub.

Sözsüz ki, nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya bununla razılaşacaq.

Çünki Fransa ermənipərəst siyasət yürüdən bir dövlətdir, belə bir dövlətin təmsil etdiyi şirkətin dəhlizə nəzarət etməsi türk dövlətlərinin və türk dünyasının strateji hədəflərinə zərbə vura bilər.

Heç bir halda istənilən kənar qüvvənin Cənubi Qafqazda nəqliyyat kommunikasiya xətlərinə nəzarət etməsinə imkan vermək olmaz. Bunun qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Zəngəzur dəhlizinə Azərbaycan, Türkiyə və Rusiyanın ortaq nəzarəti lazımdır. Əks variantların işə salınacağı təqdirdə dəhliz Qərb güc mərkəzlərinin nəzarətinə keçəcək. Bu isə region ölkələrini Qərbdən asılı vəziyyətə salacaq”.

Geri qayıt