Əsas Səhifə > Güney Press > Kursk əməliyyatı uğurlu olacaqmı?

Kursk əməliyyatı uğurlu olacaqmı?


31-08-2024, 12:20
Kursk əməliyyatı uğurlu olacaqmı?
"Ukrayna ordusu Kursk vilayətinə tam olaraq nəzarət edə bilməyəcək. Əksinə, bu əməliyyatın fəsadları tezliklə ortaya çıxacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.

İbrahim Rüstəmlinin fikrincə, Ukraynanın Kursk istiqamətində həyata keçirdiyi hərbi əməliyyat müharibədə ən yadda qalan hadisələrdəndir:

"Artıq döyüş əməliyyatları Rusiya ərazisinə də keçib. Rusiya əhalisi ona qədər müharibənin mahiyyətini, ağırlığını sona qədər dərk edə bilmirdi. Ona görə də onların təpkisi hiss olunmurdu. Ukraynalıların müharibəni Rusiya ərazisinə keçirmələri artıq savaşın daha ciddi fazasıdır. Burada əsas məqsəd yerli əhaliyə müharibənin nə olduğunun ağırlığını hiss etdirmək və onları Putin əleyhinə qaldırmaqdır".

Lakin ekspertin fikrincə, Ukrayna ordusunun Kurska hücumu simvolik xarakter daşıyır və uğurlu hərbi əməliyyat olmayacaq:

"Kiyevin bu uğurlu əməliyyatı Rusiyanın hələlik gözləmə mövqeyində dayanmasından xəbər verir. Amma Rusiya da Kiyevə total, dağıdıcı hücumlar edir. Dinc əhali bu zaman daha çox əziyyət çəkir. Kiyev belə bir uğura baxmayaraq, bu gedişlə Kursk vilayətinə tam olaraq nəzarəti həyata keçirə bilməyəcək. Ukrayna bu istiqamətdə daha ciddi uğurlara nail ola bilməyəcək. Bu bir oyundur. Tezliklə başlanılan əməliyyatın fəsadları ortaya çıxacaq. Bütün bunlar sadəcə güc nümayişidir və onun axırı yoxdur. Müharibədə tərəflərdən heç biri qələbə çala bilməyəcək. Burada qalib olarsa, o da ABŞ olacaq".

Qeyd edək ki, Ukrayna qoşunları Kursk vilayətində keçirilən əməliyyat çərçivəsində sutka ərzində daha 2 km-ə qədər irəliləyib. Nəticədə onlar daha 5 kvadratkilimetr ərazini nəzarətə götürüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib. Buna baxmayaraq, Sırskinin özünün də etiraf etdiyi kimi, Donbasın Pokrovski şəhəri ətrafında Ukrayna ordusu üçün çətin vəziyyət yaranıb. Rusiya qoşunları bu istiqamətdə cəbhə xəttini yarıb keçməyə hazırlaşır.

Geri qayıt