Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Zəngəzur dəhlizi uğrunda savaş

Zəngəzur dəhlizi uğrunda savaş


31-08-2024, 09:09
Zəngəzur dəhlizi uğrunda savaş
"Rusiya İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını anlayır. İran tərəfinin bu cür yanaşmasının səbəblərini müəyyən etmək üçün birbaşa Tehrana müraciət etmək lazımdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransında deyib.

Bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlər region ölkələrinin maraqlarına uyğun tənzimlənməlidir:

“Müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və tərəflər üçün məqbul şərtlərlə elə bir şəkildə həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də bölgənin qonşu ölkələri - Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin".

Maraqlıdır, Rusiya Zəngəzur dəhlizinin açılması üçün İranı razı sala biləcək? Moskva və Tehranın bu məsələdə ortaq mövqeyə gəlməsi nə dərəcədə inandırıcıdır?

Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar mərkəzinin sədri Sədrəddin Soltan “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İran hakimiyyəti Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən kommunikasiyalara məhz rus hərbçilərinin nəzarət etməsini istəyir:

“Rusiya Zəngəzur yolunu özünün nəzarəti altında saxlamaq istəyir. Moskva İrəvandan 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyanatın 9-cu müddəasına əməl etməyi tələb edir.

Zəngəzur yolunun rus hərbçilərinin nəzarəti altında olması İran hakimiyyətinin maraqlarına zidd deyil. Tehranı ən çox narahat edən amil Zəngəzur yolunun perspektivdə açılması və bu yoldan ABŞ-nin istifadə etməsidir.

İran hakimiyyəti hesab edir ki, Zəngəzur yolu onun üçün təhlükəlidir və guya Ermənistanın ərazi bütövlüyünə təhdid yaradır. Əslində, İran Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasından narahatdır”.

Rusiya və İranın müttəfiqlik məsələsinə gəlincə, S.Soltan vurğulayıb ki, iki dövlət arasında bununla bağlı müqavilə imzalanmayıb:

“Rusiya və İran tərəfdaş dövlətlərdir. Amma Tehran və Moskvanın strateji müttəfiqlik barədə müqavilə imzalamaq ehtimalı var. Bir neçə ildir ki, bu müqavilənin imzalanması nəzərdə tutulub. Əgər bu müqavilə imzalanarsa, Rusiya və İran strateji müttəfiq olacaqlar”.

Geri qayıt